• 23 Noyabr 2024 07:03

“Onlar Saakaşvilini öldürmək istəyir” – Tərəfdarı danışdı

“Onlar Saakaşvilini öldürmək istəyir” –  Tərəfdarı danışdı

 

Gürcüstandakı müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, Marneuli bələdiyyə deputatı Nərgiz Əliyevanın “Yeni Sabah”a müsahibəsi:

– Ötən gün Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti eks-prezident Mixeil Saakaşvilinin son durumunu əks etdirən videogörüntüləri dərc edib. 

– Saakaşvili 1 il öncə uydurulmuş, ümumiyyətlə, ağıla sığmayan ittihamlarla həbs olunub. Məhkəmədə prokurorlar yetərli dəlillər ortaya qoymadığı üçün ona hökm oxunmayıb.

Həbs olduğu gündən Saakaşvili aclıq aksiyası elan edib. Bu aclıq aksiyasından sonra səhhətində ciddi problemlər üzə çıxıb. Bir il müddətində o həm mənəvi, həm də psixoloji işgəncələrə məruz qalıb. Amerikalı ekspertlərin və həkimlərin rəyinə əsasən, Saakaşvilinin bədənində sianid və civə kimi həyati təhlükəli maddələr aşkarlanıb. Mixeil Saakaşvilinin səhhəti isə günü-gündən getdikcə pisləşir.

– Partiyanız hər hansı bir hüquqi addım atıbmı?

– Vəkillər işin dayandırılmasını tələb edir. O cümlədən onun xaricə köçürülməsi də tələb olunur. Artıq 2 məhkəmə iclası keçirilib və hər ikisi nəticəsiz qalıb. Hakimiyyət sanki Saakaşvilini ölümə sürükləmək istəyir.

Məhkəmə prosesinin daha 1 ay uzadılmasına etiraz olaraq, Mixeil Saakaşvili yenə aclıq aksiyası elan edib. Lakin Avropa parlamentariləriniin çağırışını dinləyərək o, aksiyanı dayandırıb.

Vahid Milli Hərəkat Partiyası Saakaşviliyə azadlıq şüarı ilə aksiyalar təşkil edir. Lakin Rusiyanın iqtidara verdiyi sifarişlə bu gün Mixeil Saakaşvili həbsdədir. Biz onu “Putinin əsri” adlandırırıq. “Gürcü arzusu” onu azadlığa buraxmaqdan çəkinir. Çünki Saakaşvili, əslində, siyasi məhbusdur.

Mixeil Saakaşvilinin elektoratı bu gün Gürcüstanda çox böyükdür. Saxtakarlıqlar olmasa, Vahid Milli Hərəkat Partiyası hər zaman seçkilərdə qalib bir partiyadır. “Gürcü arzusu”nun hakimiyyəti itirmək təhlükəsi var, buna görə də Saakaşvilinin azadlığı onlara sərf etmir. Onlar intiqamlarını bu şəkildə, prezidentimizi öldürməklə alırlar.

Mixeil Saakaşvilinin ailə üzvlərinin iştirakı ilə Avropa Parlamentində bir dinləmə oldu. O dinləməyə əsasən, bir neçə avroparlamentari tələblər irəli sürdü. Bu tələblər ondan ibarət idi ki, əgər Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyirsə, ölkədə demokratik mühit yaratmalıdır. Tələblərdən digəri Mixeil Saakaşvilinin müalicəsi üçün şəraitin yaradılması idi.

– Bəs xalq nə düşünür?

– Gürcüstandakı vətəndaşların əksəriyyəti Mixeil Saakaşvilinin azadlığa çıxmasını istəyir. Xalq birmənalı olaraq bu gün hakimiyyətə aqressiya ilə yanaşır.

– Ədliyyə Nazirliyinin yayımladığı videoda sabiq prezident nədənsə çox aqressiv görünür…

– Xatırlayırsınızsa, 1 il öncə onu güclə xəstəxana adıyla həbsxanaya köçürərkən də bu güc tətbiq olunmuşdu. Onda Saakaşviliyə qarşı işgəncələr ictimailəşdirilmişdi. Bu gün də penitensiar xidmətin kadrları yaymaqla nəyi göstərmək istədiyini başa düşmədik. Onlar yəqin ki, dövlətin Mixeil Saakaşviliyə “qayğısı”nı çatdırmaq istəyirdilər. Lakin kadrlara diqqətlə baxsanız, görərsiniz ki, adama bəlli olmayan iynələr zorla vurulur və ondan sonra Mixeil Saakaşvilinin psixiki durumu və ümumi vəziyyəti pisləşir. Ekspertlərin verdiyi məlumata görə, bu dərmanların çoxu mənşəyi məlum olmayan, Rusiya istehsalı dərmanlardır.

Mən başqa faktları da sadalaya bilərəm. Baxın, bu gün Gürcüstan nə vəziyyətdədir. Ölkə 90-cı illərə geri dönüb, xaos, işsizlik, insan haqları, təhlükəsizlik problemləri baş alıb gedir.

Düşünürəm ki, üçüncü prezident və böyük reformatorun bu gün bu vəziyyətdə olması dünya üçün böyük bir mesajdır və bu istiqamətdə hər kəs çalışmalıdır ki, Mixeil Saakaşvili ölməsin.

Tacxeber.com

Oxşar xəbərlər