Rusiya Xarici İşlər Nazirliyi (XİN) türkiyəli general-polkovnik Bəxtiyar Ərsayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına münasibət bildirib.
Tacxeber.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “NATO üzvü olan ölkənin generalının Azərbaycan MN başçısının müşaviri təyin olunmasına Rusiya necə münasibət bildirir? Postsovet ölkələrinin NATO ilə əməkdaşlığına Rusiya mənfi yanaşdığı halda, Azərbaycanın Türkiyə ilə əməkdaşlığına niyə göz yumur” sualına cavab verərək deyib ki, təkcə Azərbaycanda deyil, Ermənistanda da xarici müşavirlər var.
“Mən sizinlə razılaşmıram. Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə var. O cümlədən Ermənistanda. Ona görə də məzəmmətinizi qəbul etmirəm. Hər bir ölkənin tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var.
Bununla belə, əlbəttə, bu əməkdaşlığın üçüncü ölkələrə istiqamətlənməməli olduğunu və Cənubi Qafqazdakı qüvvələr balansını pozmamalı olduğunu düşünürük. Bu tezisi müntəzəm olaraq regiondakı tərəfdaşlarımıza çatdırırıq”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.