• 23 Noyabr 2024 07:28

Sənətçilər də Şuşadakı aksiyaya qatılacaq? – “Lazım olsa, konsert də verərik”

Sənətçilər də Şuşadakı aksiyaya qatılacaq? - "Lazım olsa, konsert də verərik"

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan QHT nümayəndələri, jurnalistlər, ekofəallar və könüllülərin Şuşa-Xankəndi yolunda etiraz aksiyalarının dördüncü günüdür.

Maraqlıdır, məşhurlardan kimlər bu aksiyada iştirak etmək istəyir?

Tacxeber.com xəbər verir ki,  mövzu ilə bağlı sənətçilər mediaya açıqlama verib. Onların bəziləri həmin aksiyalarda iştirak etmək istədiyini bildirsə də, bəziləri ümumiyyətlə məsələdən xəbərsiz olub.

Müğənni Vasif Məhərrəmli bildirdi ki, aksiyada iştirak etməyə hazırdır:

“Orada konsertlik bir şey yoxdur, amma orada hər cür iştirak etməyə hazıram. Lazım olsa, konsert də verərik. Hansı cür olur olsun, iştirak etməyə hazıram”.

Xalq artisti Rasim Balayev vurğuladı ki, sülhməramlılar vətəndaşlarımızı öz torpaqlarına buraxmırlar:

“Onlar bütün sazişləri, qanunları pozurlar. Hamı bilir ki, ruslar ora elə belə yox, hansısa niyyətlə gəliblər. Sülhməramlı? Xeyr, sülhməramlı deyil. Onlar bölgədə qarışıqlıq yaratmaq üçün gəliblər. Onların siyasəti belədir. Mən etirazçılarımızı alqışlayıram. Onlar düz edirlər, hər bir halda haqlıdırlar. Təbii ki, buna dövlət səviyyəsində bir münasibət olacaq. Səhhətim imkan versə, ora mütləq gedərdim. Müəyyən problemlərim olduğuna görə, mən ora gedə bilmirəm. Kimin sağlamlığı, yaşı imkan verirsə, onlar gedib aksiyada iştirak etməlidirlər”.

“Şöhrət” ordenli, prezidentin fəxri təqaüdçüsü, Xalq artisti aktrisa Afaq Bəşirqızı isə suallarımızı cavablamaqdan imtina etdi:

“Mən ətraf mühitdən uzaqlaşmışam, buna görə heç bir sualınıza cavab verə bilməyəcəm. Şəhərdə olmadığıma görə, nə mətbuat oxuyuram, nə də baxıram”,- deyə sənətçi bildirdi.

Xalq artisti, xanəndə Alim Qasımov isə bildirdi ki, o, bu cür məsələlərə qarışmır:

“Orada jurnalistlər, hökumət nümayəndələri var. Mən o işlərə qarışmıram. Allah özü nizam edər, hökumət, xalqımız, jurnalistlərimiz oradadır hamısı. Mənim o işlərdən heç başım çıxmır. Ancaq Allaha dua edirəm ki, salamatlıq olsun”.

Xalq artisti Röya Ayxanın köməkçisi isə qeyd etdi ki, Xankəndi-Şuşa yolunda əgər tədbir təşkil olunarsa, orada iştirak edə bilər.

“İnşallah təşkil olunsa, dəvət gəlsə, niyə də olmasın? Əlbəttə, dəvət olsa, iştirak edərik. İnanmıram ki, bu vəziyyətdə orada tədbir ola, yenə də əgər olsa, dəvət gəlsə, gedib iştirak edərik”, – deyə o dedi.

Tacxeber.com

Oxşar xəbərlər