• 23 Noyabr 2024 03:24

Avropa Məhkəməsi 4 müxalifətçinin lehinə qərar çıxarıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 15-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarlarını elan edib. 

 

Bu barədə aihmaz.org saytı məlumat verib.

Bildirilir ki, sözügedən ərizələrdə Avropa Konvensiyasının 5-ci və 18-ci maddələrinin pozuntuları mübahisələndirilmişdi. Məhkəmə 4 bənzər ərizəni – müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Cabbar Savalanlı və Murad Ədilovun və Müsavat Partiytası üzvləri Fərəc Kərimov və Sirac Kərimlinin ərizələrini birləşdirərək, birgə qərar çıxarıb.

Savalanlı və Başqaları Azərbaycana qarşı

Bu iş ərizəçilər Cabbar Savalanlı, Fərəc Kərimov, Sirac Kərimli və Murad Ədilovun narkotik vasitələrin saxlanması və qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmaları, evlərində axtarış aparılması, istintaqa cəlb edilməsi ilə bağlı idi. Ərizəçilər hökumət əleyhinə fəaliyyətlərinə görə, qurama sübutlar əsasında, əsaslı şübhələr olmadan saxlanılma və həbs edilmələrindən, yerli məhkəmələrin onların həbsdə saxlanmaları üçün yetərli səbəblər təqdim edə bilməməsindən şikayət etmişdilər. Müxtəlif vaxtlarda verilmiş şikayətləri AİHM yeni icraatda birləşdirmişdi.

 

C. Savalanlı işində ərizəçi 2011-ci ilin fevralında tutulmuş, ona Cinayət Məcəlləsi nin 234.1-ci (satış məqsədi olmadan şəxsi istifadə üçün zəruri olan miqdardan artıq miqdarda qanunsuz olaraq narkotik vasitələri saxlama) maddəsi üzrə ittiham irəli sürülmüşdü. Sumqayıt Şəhər Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçmişdi. Ərizəçinin vəkilləri C.Savalanlıya münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazılıq), 6-cı (ədalətli məhkəmə araşdırması), 11-ci (birləşmək azadlığı) və 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) maddələrinin pozuntusunu iddia edirdilər.

Fərəc və Sirac Kərimov qardaşlarının işində ərizəçilər 2014-cü ilin iyul ayında saxlanılmışdılar. Nərimanov Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə ittiham olunan ərizəçilərin hər biri barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçmişdi. Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq hüquqularına hüquqularına müdaxilənin baş verdiyini iddia etmişdilər.

Murad Adilov işində AXCP üzvü, partiyanın Gənclər Təşkilatının həmtəsisçisi, həm də AXCP-nin mətbuat katibi və müxalifət yönümlü “Azadlıq” qəzetinin köşə yazarı Natiq Ədilovun qardaşı olan ərizəçi 2014-cü ilin avqust ayında saxlanılmış, bütün əvvəlki işlərdə olduğu kimi evində axtarış aparılmış, narkotik vasitə tapılmışdı. Əvvəlki ərizəçilərin işində olduğu kimi narkotik vasitənin polislər tərəfindən qoyulduğunu iddia edən M.Adilova Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsi ərizəçi barəsində üç aylıq həbs qəti imkan tədbiri seçib. Bu işdə ərizəçinin vəkilləri ona münasibətdə Konvensiyanın 5-ci, 6-cı və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusunu mübahisələndirmişdilər.

Yerli məhkəmələr bütün işlərdə məhkəməyə qədər həbs tədbirini ittihamların ağır olması, ərizəçilərin istintaqdan yayınma, mane olma risqi ilə əsaslandırmışdı.

AİHM-də C.Savalanlını hüquqşunas İntiqam Əliyev, F. və S.Kərimlini vəkil Nemət Kərimli, M.Adilovu hüquqşunas Yalçın İmanov təmsil edib.

Məhkəmə bu işdə bütün ərizəçilərə münasibətdə Konvensiyanın 5-ci maddəsinin (5.1 və 5.4) pozulmasına qərar verib. Konvensiyanın 18-ci maddəsi ilə bağlı iddiaları qəbuledilməz sayan Məhkəmə, digər iddiaları araşdırmağa ehtiyac olmaması qərarına gəlib.

Qərara əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi təzminat ödəməlidir. Bundan əlavə, F. və S. Kərimli işləri üzrə birlikdə xərc məsrəflərə görə 3 min, M.Adilov işində isə xərc və məsrəflərə görə 2 min avro ödənilməlidir.

Cavid Məmmədov Azərbaycana qarşı

Bu məhkəmə işi də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiaları ilə bağlı idi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, yerli məhkəmələr onun həbsinə qanuni əsaslar göstərə bilməyiblər. Ərizəçini məhkəmədə vəkil Cavad Cavadov edib.

Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3500 avro ödəyəcək.

İsa İbrahimov Azərbaycana qarşı

Bu işin kommunikasiyası zamanı ərizəçinin nümayəndəsi daha onu təmsil etmədiyini bildirib. Məhkəmənin qərarına görə, ərizəçi sonrakı mərhələlərdə məktubları alsa da kommunikasiyaya cavab verməyib. AİHM buna görə, ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Tacxeber.com

Oxşar xəbərlər