• 23 Noyabr 2024 04:08

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

 

“İndi hamımız gözləyirik ki, Argentina finalda uduzsun, “Səbail”də komanda yoldaşımız olan həmin ölkə təmsilçiləri ilə zarafatlaşaq”.

Tacxeber.com xəbər verir ki, bunu “Report”a müsahibəsində “Səbail”in futbolçusu Rahid Əmirquliyev Qətərdə keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.

Bakı klubunun kapitanı bildirib ki, argentinalı komanda yoldaşları Fakundo Kardozo və Franko Mazurek DÇ-2022-də finala yüksələn Cənubi Amerika təmsilçisinin matçları zamanı çox həyəcanlanırlar: “Hər ikisi millilərini dəstəkləyir. Argentina yığmasının oyunu zamanı çox həyəcanlı olurlar. Qrupun ilk görüşündə Səudiyyə Ərəbistanına (1:2) uduzanda onlarla çox zarafat edirdik”.

33 yaşlı yarımmüdafiəçi dekabrın 18-də Fransa ilə Argentina arasında baş tutacaq final görüşü ilə bağlı fikirlərini də bölüşüb: “Turnirdən əvvəl Braziliya – Fransa finalını proqnozlaşdırırdım. Düzü, dünya çempionluğuna əsas favoritim Braziliya idi. Onlar ümidlərimi doğrultmasa da, Fransa sona qədər gəlib çıxa bildi. Məncə, çempion da elə Fransa yığması olacaq”.

Azərbaycan millisinin sabiq üzvü yarımfinalda Fransaya uduzan (0:2) Mərakeş seçməsini turnirin sürpriz komandası adlandırıb: “Dünya çempionatını hər kəs kimi, mən də izləyirəm. Maraqlı oyunlar oldu. Mərakeş yığması bu turnirdə xüsusi diqqətimi çəkdi. Yarımfinala qədər rəqib komandalar onlara qol da vura bilməmişdilər. Yəqin ki, heç kim Mərakeşin yarımfinala qədər irəliləyəcəyini gözləmirdi. Turnirin startında Səudiyyə Ərəbistanı və Yaponiyanı sürpriz sayanlar var idi. Əslində, Xorvatiyanın da yarımfinala yüksələcəyinə inanmırdım. 1/4 finalda Braziliya kimi rəqibi üstələdilər”.

Əmirquliyev DÇ-2022-də 5 qol, 3 məhsuldar ötürmə ilə Argentina yığmasının finala qədər irəliləməsində böyük rol oynayan kapitan Lionel Messinin bu turnirdə aqressiv olmasını çempionluq arzusu ilə əlaqələndirib: “Messiyə lider deməmək olmaz. “Barselona”da da, PSJ-də də, Argentina yığmasında da həmişə lider olub. Düzdür, son vaxtlar çox aqressivləşib. Onu da başa düşmək olar. Çünki son dünya çempionatıdır və çempion olmaq istəyir. Aqressivliyi də bundan irəli gəlir. Messi dünyanın bir nömrəli futbolçusudur”.

Rahid Əmirquliyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər