• 23 Noyabr 2024 07:42

“Ermənilərə o raketləri vermişik, dronlar da verəcəyik, çünki…” – Tehranın ŞOK ETİRAFI

 

İran media vasitəsilə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirəcəyini açıqladı.

 

7 dekabrda Musavat.com etibarlı mənbəyə istinad edərək İran rejiminin Ermənistana silah hədiyyə etdiyi barədə məlumat yaymışdı.

Məlumatda qeyd olunurdu ki, noyabrın 24 və 30-da Qarabağ bölgəsinə 27 nəfər İran vətəndaşının gəlişi İranın Ermənistana silah hədiyyə etməsi ilə əlaqədar olub. Belə ki, göndərilən şəxslər hərbi təlimatçılar olub, Qarabağda silahlı separatçılara Tehranın göndərdiyi silahların istifadəsi ilə bağlı təlim keçməyə gedirmişlər.

Söhbət gizli yolla Ermənistana göndərilmiş İran istehsalı olan 600 ədəd raketdən gedir. Çünki ilk dəfə Musavat.com yazdı ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri düşmən ölkəyə 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi hədiyyə edib.

Xəbərdə o da qeyd olunurdu ki, iranlıların bölgəyə gələcəyi İranla Ermənistan arasında oktyabrın sonlarında – İran istehsalı olan 600 ədəd raket göndərəndən dərhal sonra razılaşdırılıb. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilmiş “Dehjlaviyeh” və “Almas” tipli raket kompleksindən istifadəni öyrənmək üçün erməni hərbçilərə təlim keçmək tələb olunur. Məhz buna görə raket kompleksləri ünvana çatdırılandan bir ay sonra iranlı mütəxəssislər bölgəyə göndərilib.

Qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. İranın özündə bu komplekslər az qala, dünyada analoqu olmayan, ən əsası isə, molla rejiminin özünə əsas düşmən saydığı ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effketli kompleks hesab edilir. Təsadüfi deyil ki, İran hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bildirirlər ki, İraqda döyüşlərdə sınaqdan keçirilmiş “Almas”la “Dehjlaviyeh” İsrailin “Merkava” və ABŞ-ın “Abrams” tanklarını “rahatlıqla” məhv etməyə qadirdir.

Rəsmi Tehran həm hədiyyə edilən silahlar, həm də separatçı bölgəyə göndərilən müəmmalı şəxslərlə bağlı hər hansı rəsmi açıqlama verməsə də, hakimiyyətə yaxın mediada silahlar mövzusunda etiraf gəlib. “Exbare Suriye” (Suriya xəbərləri) adlı Telegram kanalında dərc olunan məqaləni daha sonra İranın bir neçə saytı da yayımlayıb. “Exbare Suriye” kanalı İranın xüsusi xidmət orqanlarına yaxın mənbə hesab olunur. Bu yazının daha sonra xəbər saytlarında yayılması göstərir ki, yazı hərbi dairələrin sifarişi ilə hazırlanıb.

Dərc olunan məqalədə uzun-uzadı İranın silah sənayesinin tarixçəsi, inkişaf yolundan bəhs olunub. Bildirilir ki, islam inqilabından sonra İran silah ixracatçısı ölkəyə çevrilib. Hazırda İran müdafiə sənayesi xaricə zireh əleyhinə silahlar, müxtəlif təyinatlı raketlər, dronlar, rabitə vasitələri və digər silah növləri ixrac edir. Məqalədə qeyd olunur ki, son 30 ildə İran silahları Livan, Fələstin, Suriya, İraq, Əfqanıstan, Yəmən, indi də Ukraynada müharibələrdə istifadə olunub.

Yazıda qeyd olunur ki, hazırda İran dünyanın 55-dən çox ölkəsinə silah ixrac edir. İran silahları yüksək keyfiyyətlidir və münasib qiymətə təklif olunur. Ukrayna müharibəsindən sonra 20 ölkə İrandan pilotsuz aparatlar almaq üçün danışıqlar aparır. 15 mindən çox dron və raket sifarişi var.

Yazıda vurğulanır ki, bütün bunların fonunda İranın Ermənistana silah verməsi təəccüblü qarşılanmamalıdır. Ardınca Musavat.com-un qeyd etdiyi faktlar göstərilir və adı çəkilən raketlərlə yanaşı Tehranın Ermənistana döyüş, kəşfiyyat və intiharçı dronlar göndərə biləcəyi qeyd olunur.

Aydın məsələdir ki, bu məqalə hərbi dairələrin sifarişi ilə hazırlanıb və məqsəd Bakıya cavabdır. Həm də o deməkdir ki, İranda Azərbaycanla münasibətləri daha da pisləşməsi istəyən güclü qruplar var və onlar dövlətdə güclü mövqedədirlər. Bu isə o deməkdir ki, Azərbaycana qarşı düşmənçilik siyasəti davam edəcək.

Tacxeber.com

Oxşar xəbərlər