• 23 Noyabr 2024 05:21

Türk dünyası və slavyan müharibəsi

“Azadlıq Radiosu”-nun rus dilli redaksiyası Ukrayna müharibəsi fonunda türk dünyası ilə Rusiyanın ziddiyyətlərindən bəhs edən material dərc edib. Toplum TV Oleq Borskinin müəllifi olduğu materialı təqdim edir.

“Rusiya nə qədər zəifləyirsə, xarici düşmənlər onu bir o qədər çox təhdid edirlər, o cümlədən, türk dünyası. Pantürkizm Rusiya Federasiyasının türk xalqlarını təsirinə alaraq Orta Asiya və Türkiyədən Moskvaya yaxınlaşır”. Rusiya ultrapatriotları indiki vəziyyəti təxminən belə təsvir edirlər. Onlar əmindirlər ki, pantürkizm ölkənin gələcək çöküşünə öz töhfəsini verməyə çalışır.

Türk birliyi tərəfdarları, əlbəttə, belə iddialarla razılaşmırlar. Bu gün həmin proseslərdə əsas rolu Ankara oynayır. Türkiyədə türk dünyasına ölkələrarası münasibətlərdə yeni iqtisadi və mədəni layihələr hazırlamaq və həyata keçirmək fürsəti kimi baxırlar. Kimsə yeni imperiyada birləşməyə hazırlaşmır. Amma Vladimir Putinin dövründə Rusiyanın türk regionlarının beynəlxalq əməkdaşlıq sxemindən tam kənarlaşması türk əməkdaşlığı tərəfdarlarının xoşuna gələ bilməz. Onlar Türk dövlətləri təşkilatının sammitlərində iştirak etmirlər, Moskva tərəfindən bir çox, hətta mədəni sahədə təşəbbüslərdən uzaqlaşdırılıblar.

Boris Yeltsin özünün irimiqyaslı islahatlarına başlayarkən “Öhdəsindən gələ biləcəyiniz qədər suverenlik götürün” proqram ifadəsini məhz Tatarıstanda dedi, sonra Başqırdıstanda təkrar etdi. Onun xələfi RF subyektləri üçün suverenlik anlayışını boş formallığa çevirib. Ankara 1990-cı illərin əvvəllərindən Rusiyanın bütün on türk “muxtariyyət”inə öz marağını gizlətmir. Onların içində ən böyüyü Başqırdıstan və Tatarıstan olaraq qalmaqdadır, hər birində 4 milyona qədər adam yaşayır ki, yarısından çoxu türk əsillidir (tatar, başqırd, çuvaş, azərbaycanlı, özbək).

Belə çıxır, Rusiya da qismən türk dövlətidir. Ancaq Moskva Türk dövlətləri təşkilatının işində heç vaxt ciddi iştirak etməyib. Pantürkizm qarabasması çoxdan Kremlin gözünə görünür, SSRİ dağılandan bu qorxu lap böyüyüb. Rusiyanın saray politoloqları hətta pantürkizmi faşizmlə müqayisə etməyə başladılar. Türk regionunun Türkiyə ilə istənilən yaxınlaşması Rusiyanın ərazi bütövıüyünə təhdid kimi qarşılandı. Çeçenistanda 1990-cı illərin ortalarında aparılan müharibənin çoxsaylı səbəblərindən biri də Moskvanın “digər separatçılar”a gözdağı vermək, onların suverenlik və türk dünyası ilə əməkdaşlıq, eləcə də İslam dünyası ilə yaxınlaşma həvəsini beşikdə boğmaq istəyi olub.

Eyham Tatarıstana da aid idi: Kazandan olan siyasətçilərin haqqını vermək lazımdır, SSRİ-nin çöküşündən dərhal sonra onlar Kremlə Çeçenistandan daha çevik yanaşdılar. Tatarıstan çeçen müharibəsinə qədər, 1994-cü ilin fevralında Moskva ilə səlahiyyətlərin bölüşdürülməsi haqqında müddətsiz müqavilə imzaladı.  Bu sənədin sayəsinda Tatarıstan Rusiyanın digər regionlarından fərqli olaraq gerçək federalizmin nə olduğunu duya bildi. Respublika xarici ticarətlə məşğul olurdu, digər ölkələrlə humanitar əlaqələr qururdu. Həyat səviyyəsi qalxmağa başladı. Amma bu, Putin hakimiyyətə gələnə qədər davam etdi. Sonra “şaquli hakimiyyət” tətbiq olundu: region rəhbərlərini Kreml öz maraqlarından çıxış edərək təyin etməyə başladı, hüquq-mühafizə və fiskal sistemlər yerli hakimiyyətin nəzarətindən çıxarıldı.

Belə “islahat”lardan sonra regionlar daha yaxşı yaşadılarmı? Tatarıstan nefti ilə, Yakutiya almaz mədənləri ilə, Kabarda-Balkariya dağ kurortları ilə təbii sərvətlərin olmadığı Moskva və Peterburqun Rusiyada həyat səviyyəsinə görə liderlik etməsini təəccüblə izləyir. Bu, mərkəzi hakimiyyətin federalizmi məhv etməsinin səbəblərindən biridir – demək olar, bütün gəlirləri Moskva idarə edir, regionlara vəsait loyallıq prinsipi üzrə ayrılır.  Məsələn, Yakutiyada dünya almaz hasilatının dörddə biri çıxarılır və onlar “Alrosa” federal şirkətin ixtiyarındadır. Şirkət səhmlərinin yalnız 25 faizi Yakutiyaya məxsusdur və respublika yalnız onlardan gələn gəlirlərə ümid edə bilər. Rusiyanın varlı türk regionları əslində özlərinin olan maliyyəni almaq üçün Moskvaya yalvar-yaxar etməli olurlar.

Milli respublikaları unitar cilovda saxlamaq üçün Moskvanın müraciət etdiyi  vasitələr təkcə siyasi və maliyyə deyil. Kremlin nəzarətində olan ideoloqlar “slavyan və türklərin mənəvi birliyi”ndən bəhs edirlər, Rusiya dövlətçiliyinin həm də türk kökləri olduğunu deyən Lev Qumilyovun, Konstantin Leontyevin əsərlərini nümunə gətirirlər.  Amma bər-bəzəkli nəzəriyyə çağdaş gerçəkliklə toqquşanda çilik-çilik olur. “Türk-slavyan birliyi”nin sırındığı xalqları slavyan dövlətləri arasındakı konfrontasiya ürpətməyə bilməz. “Slavyanların öz aralarındakı mübahisələr” Rusiyanın Ukraynaya müdhiş təcavüzünə səbəb oldu; bu yaxınlarda serblər xorvatlarla və bosniyalılarla savaşırdılar. Türk xalqları öz aralarında belə qanlı “mübahisələr” yaşamayıblar; məsələn, Azərbaycanın, Türkmənistanın, Qazaxıstanın bir hissəsini ilhaq etmək heç bir Ərdoğanın ağlına gəlməz.

 Türk və slavyan dünyası arasındakı önəmli fərq bundan ibarətdir. Türk ölkələri birgə iqtisadi layihələrlə, ticarətlə məşğuldurlar, daha “qardaşlar” arasında hansının daha böyük olduğunu aydınlaşdırmırlar. Türk dövlətləri təşkilatının bu yaxınlarda Səmərqənddə keçirilən forumunda beş dövlət rəhbərləri Asiyadan Avropaya öz ölkələri üzərindən gedən nəqliyyat dəhlizlərini, 500 milyon dollar həcmində investisiya fondunun yaradılmasını, hamı üçün faydalı layihələri müzakirə etdilər. Türklər həmişə mürəkkəb problemlərə həssas yanaşmaları ilə fərqləniblər. Milli regionları Moskvadan qoparmaq onlara lazım deyil. Rusiyada hətta normal, Putin zamanında Kremlin yaddan çıxarmağa məcbur etdiyi federalizm şəraitində belə regionlarla faydalı əməkdaşlıq mümkündür.

1990-cı illərin ağır birinci yarısında Rusiyanı parçalanmadan xilas edən unitarizmdən uzaqlaşma və Federativ müqavilə oldu. 2022-ci il fevralın 24-də Rusiya özünü 1990-cı illərdə olduğundan da ağır sınağa məruz qoydu. Ölkəni tükədən müharibə, cəbhədə uğursuzluqlar, sanksiyalar atəşi Rusiya dövlətini fəlakətə aparır. Amma Kreml yenə də repressiyaları gücləndirir, hakimiyyət öz opponentlərini həbsə, sadə rusiyalıları isə – o cümlədən, milli regionların sakinlərini – müharibə tonqalına atır. Bu da ölkədəki ümumi böhranı yalnız şiddətləndirir. Bu atəşdə yanmamaq üçün Rusiya türklərinə türk dünyası, buryat və kalmıklara Monqolustan, karellərə Finlandiya, Şimali Qafqaz xalqlarına həmin Türkiyə kömək edəcək.

Moskvanın isə müraciət edəcək kimsəsi yoxdur – müttəfiqlərini və dostlarını itirib, hətta Minsk ondan uzaqlaşır. Belə görünür, türk aləmi bunu anlayır və Rusiyadakı soydaşları ilə bağlı hadisələri sürətləndirməyə çalışmır. Yaxın xalqlar arasında normal dinc əməkdaşlıq yolundakı bütün maneələr (mütləq deyil ki, sərhəd şəklində) gec, ya tez uçulacaq.

Tərcümə: Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər