• 23 Noyabr 2024 05:11

“AzerGold”dan yataqlarla bağlı AÇIQLAMA

“AzerGold”dan yataqlarla bağlı AÇIQLAMA

 

AzerGold QSC-nin monitorinq qrupu “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında işin aparılması üçün icazə verilməsini gözləyir.

Tacxeber.com xəbər verir ki, bunu Report-a açıqlamasında “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, monitorinqlər aparılmadan ərazidəki vəziyyətlə bağlı ilkin məlumat vermək mümkün deyil:

“Kənar mənbələrdən (“Azərkosmos” və s.) alınan məlumatlardan da görünür ki, ərazidə hərəkət var, iş gedir. Amma onların ekoloji və digər normalara nə dərəcədə uyğun olub-olunmaması ilə bağlı monitorinq aparmamış fikir bildirmək olmaz. Hazırda bizim əməkdaşlardan ibarət monitorinq qrupu icazənin verilməsini gözləyir”.

“AzerGold” rəsmisi prosesə xarici mütəxəssislərin cəlb edilib-edilməməsi məsələsinə də toxunub:

“Bizim kifayət qədər təcrübəli və bacarıqlı yerli mütəxəssislərimiz var və onlar bu işin öhdəsindən gələ bilərlər. Ümumilikdə götürsək cəmi 2 xarici, yəni Türkiyə vətəndaşı olan mütəxəssisimiz var. Amma nəzərdə tutulan monitorinqlərdə onların iştirakı nəzərdə tutulmur. Əgər gələcəkdə ehtiyac olarsa xarici mütəxəssislərin də işə cəlb olunmasına baxıla bilər”.

Z.İbrahimov ermənilərin işğal dövründə Azərbaycan ərazilərində təbii sərvətlərin talanması məsələsi ilə bağlı araşdırmaların aparıldığını bildirib.

Qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin etiraz aksiyası artıq yeddi gündür davam edir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun dekabrın 3-də və 7-də sülhməramlı kontingentin komandanlığı ilə apardığı müzakirələr, təəssüf ki, hələ də bir nəticə verməyib. Ekofəalların tələbinə baxmayaraq, monitorinqə hələ də imkan yaradılmayıb. Bu gün ilkin monitorinqin növbəti təxribat nəticəsində baş tutmadığı elan olundu. “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarı dekabrın ilk günlərindən ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

Tacxeber.com

Oxşar xəbərlər