• 23 Noyabr 2024 08:12

Qarabağ erməniləri ilə danışıq: Masa arxasındakı adam kimdir?

 

“Ruben Vardanyanla bağlı məsələ kifayət qədər aydındır. Çünki o, İrəvanda doğulub və uzun illər Rusiya vətəndaşı olub. Daha sonra isə Rusiya vətəndaşlığından imtina etməmişdən öncə Ermənistan vətəndaşlığını da qəbul edib. Sonra Azərbaycan ərazilərinə gəlib. Yəni Azərbaycanda yaşayan etnik erməniləri təmsil etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O əlavə edib: “Bu günə qədər müharibə cinayətlərində iştirak etmiş, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətində rolu olan konkret şəxslər var ki, onların da hər hansı bir formada və yaxud Qarabağın azərbaycanlı icması ilə dialoq prosesində iştirakı mümkün deyil”.

E. Mirzəbəyli Azərbaycan hökumətinin Qarabağ erməniləriylə eyni masa arxasında danışıqlara necə start verəcəyindən, habelə qarşı tərəfi təmsil edəcək şəxslərin hansı meyarı daşımalı olmasından söz açıb:

“Bu adamların mövcud şəraitdə yeganə məqsədi törətdikləri cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq və oğurladığı pulları qorumaqdır. Onların gələcəkdə birgəyaşayışın təmin edilməsində hər hansı bir rolu ola bilməz. Bu adamlara əks olanları müəyyənləşdirmənin metodları isə kifayət qədər sadədir. Əvvəla, ilkin proses üçün xalq diplomatiyası işə salınmalıdır və separatçılar istisna olmaqla, Qarabağda doğulan insanlarla Qarabağın Azərbaycanlı icması arasında təmasların qurulması və bu dialoqun getdikcə intensivləşməsi mümkündür”.

Mütəxəssis əlavə edib ki, buna paralel olaraq, ərazilərdə Azərbaycanın inzibati idarəetmə subyektləri, yerli idarəetmə orqanları yaradılmalıdır:

“Bu halda nəinki Ruben Vardanyanla, Azərbaycan qanunlarından kənar formalaşan heç bir qeyri-legitim struktur təmsilçiləri ilə görüşməyəcəyik. Söhbət Azərbaycan vətəndaşları olan ermənilərdən gedirsə, onlar legitim strukturların təmsilçiləri olmalıdırlar.

Digər platforma QHT sektoru, ictimai fəallar, əli qana bulaşmayan, o cümlədən müharibə cinayətlərinə iştirak etməyən şəxslərlə təmasların qurulmasıdır”.

Tacxeber.com

Oxşar xəbərlər