• 23 Noyabr 2024 03:31

Kəmaləddin Heydərova sərt etiraz: “Sabah da nazirlikdə sünnət edərsən…”

 

Fövqəladə Hallar Nazirliyində (FHN) keçirilən xınayaxdı mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Xəbərə münasibət bildirənlərin əksəriyyəti dövlət qurumunda bu cür mərasimlərin təşkil olunmasını tənqid etdilər. Yenisabah.az xəbər verir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da məsələyə münasibət bildirib. Nazir FHN-in binasında keçirilən xınayaxdı mərasiminə görə, ajiotaj yaradılmasının doğru olmadığını deyib. O, fikrini xınayaxdısı keçirilən əməkdaşın şəhid qızı olmasıyla əlaqələndirib.

Tanınmışlar bu barədə nə düşünürlər? Dövlət qurumunda, güc strukturuna xas olan mundirdə bu cür tədbirlərin keçirilməsi normaldırmı?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, nazirdən başqa reaksiya gözləmək lazım deyildi: “Ona görə ki, onun nazirliyində belə biabırçı hallar baş verir. Başa düşmürəm, xidməti vəzifə hara, xınayaxdı hara?! Bunun üçün kifayət qədər yerlər və imkanlar var. Bu, birinci deyil və yəqin ki, sonuncu da olmayacaq. İndi Kəmaləddin Heydərovun nə deməyindən asılı olmayaraq, istənilən halda bu, yolverilməzdir. Şəhid qızı olmur, lap şəhid övladı, şəhidin bacısı, yaxud qardaşı olsun. Bu, onu göstərir ki, bu cür strukturlarda xeyli təsadüfi adamlar var və bu təsadüfi adamlar bu gün dövlət qurumlarından sadəcə maaş almaqla məşğuldurlar”.

Ü.Cəfərov sual edib ki, məgər onların başqa işi-gücü yoxdur ki, xınayaxdı məclisi keçirirlər:

“Özü də nazirliyin mərkəzi binasında. Ona görə də mən bunu qətiyyətlə pisləyir və ayıb olsun deyirəm. Bu, nə münasibətdir?! Bir dəfə qapını bağladılar, orada min hoqqalardan çıxdılar, bütün Azərbaycana rüsvay etdilər özlərini. Çıxıb üzr istəmək əvəzinə indi də buna haqq qazandırırlar. Daha keçib, bir saunadan, hovuzdan da düzəltsinlər nazirlik binasının içərisində, elə orada camaatı əyləndirsinlər. Desinlər ki, bu, Fövqəladə Hallar Nazirliyi yox, Əyləncə Nazirliyidir”.

Polkovikə görə, bu hadisələr başdan-başa ayıbdır və təəssüf ki, buna haqq qazandıran adamların dövlət və dövlətçilik anlayışından məluamtları yoxdur:

“Mətbuatı izləyən adam kimi deyirəm ki, geridə qalmış Afrika ölkələrində belə bu kimi şeylərə rast gəlməmişəm. Deyirlər ki, burada qeyri-adi nə var? Yaxşı onda, işi-gücü atın, bu gün xınayaxdı, sabah sünnnət, bir gün də toy-bayram keçirin. Bu kimi srukturlarda o qədər təsadüfi adamlar general, rəhbər olublar ki, belə şeyləri görəndə utanıram. Bu, dövlət adına ayıbdır. XXI əsrdə nə xınayaxdı?! Özü də nazirliyin binasında…”

“Yenə də deyirəm ki, kimliyindən asılı olmayaraq, heç kim qanundan üstün ola bilməz. İşin iş vaxtı, xınanın xına, sünnətin də sünnət vaxtı var. Nazir o şəxsləri cəzalandırmaq əvəzinə, bir az da şirnikləndirir. Nazir belə şeyə xeyir-dua veribsə, mən sabah təəccüblənmərəm ki, şəhid nəvəsinin nazirliyin binasında sünnət toyu keçirilsin. Belə şeylər yolverilməzdir. Nazir buna tədbir görməliydi, amma görürsünüz ki, idarə edə bilmirlər”, – əlavə edib.

Hərbi eskpertin fikrincə, bu halların baş verməsi məmurlarda arxayınçılıq hissinin yaranmasıyla bağlıdır:

“Amma gördüyüm məsələ odur ki, bir adam uzun illər eyni vəzifədə qalanda onun çox acı fəsadları olur və bu, indiki halda göz önündədir. Uzun illərdir fövqəladə hallar naziri olan Kəmaləddin Heydərov nazirlikdə, ümumilikdə isə strukturlarda baş verən bəzi məsələlərə ciddi nəzarət etmək gücündə deyil. Təəssüflər olsun ki, onun müavinləri belə bu işdə son vaxtlar, ümumiyyətlə, heç görünmürlər”.

Müsahibimiz yekunda özünəməxsus şərh verməkdən də çəkinməyib:

“Mən utandım, xəcalət çəkdim, ay kişi! Sən buna necə haqq qazandıra bilərsən?! Sən belə şəhid ailəsini istəyirsənsə, nazirliyin avtobusuna işçilərini yığ, şəhərin istənilən yerində olan restoranların birində bayramınızı keçirin, onlar da desinlər ki, “eşq olsun, cənab nazir təşkil etdi”. Yoxsa ki, işi-gücü burax orada, hahaha-hihihi laqqırtı vur, sonra da de biz xınayaxdı keçiririk. Belə olmaz!”

Tacxeber.com

Oxşar xəbərlər