• 26 Noyabr 2024 16:56

“Bakıda Vasif Talıbovun qarşısına faktlar qoyuldu” – İstefanın pərdəarxası

 

“Düşünmürəm ki, Vasif Talıbov öz xoşu ilə istefa verib. Vasif Talıbovun Naxçıvanda törətdiyi cinayətlərlə bağlı o qədər aydın və dəqiq faktlar toplanılıb ki, o Bakıya çağırılaraq, həmin faktlar ona qarşı qoyuldu və onu çox ağır bir aqibətin gözlədiyi ilə bağlı xəbərdar edildi. Vasif Talıbov üçün bir çıxış yolu da qoyuldu ki, istefa verməklə bu vəziyyətdən çıxsın”.

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Əslən Naxçıvandan olan siyasətçi Naxçıvan “xan”ının istefasını belə şərh edib:

“Əslinə qalsa, Vasif Talıbov 30 il ərzində Naxçıvanda apardığı siyasətə görə, həbs olunmalıydı. Orada hər cür cinayətlər – dövlət və şəxsiyyət əleyhinə olan cinayətlər baş verib. Bütünlükdə demək olar ki, Naxçıvan 30 il ərzində Azərbaycandan qoparılıb.

Mənə elə gəlir ki, Vasif Talıbov Bakıya çağırılandan sonra ona tapşırıblar ki, vəzifəsindən getsin. Yəni o, öz xoşuyla yox, yuxarıların təkidiylə istefa verib. Görünür, onun həbs edilməsi, yaxud haqqında cinayət işinin qaldırılması bir o qədər də məqbul hesab edilmir”.

ADP sədrinin qənaətinə görə, Vasif Talıbov istefa verəndən sonra Naxçıvanda çox ciddi araşdırmalar aparılır:

“Bütün dövlət qurumları yoxlanmalıdır, Naxçıvanda 30 il ərzində kimlərin hüquqları necə pozulub, kimlər necə öldürülüb, kimlər necə didərgin salınıb, kimlərin əmlakı necə əldə edilib, kimlər Ermənistana, İrana, Rusiyaya xidmət edib, kimlər PKK və İŞİD-lə əlaqələr saxlayıb – bütün bunların hamısı çox ciddi şəkildə araşdırılmalı və Naxçıvan siyasi cəhətdən təmizlənməlidir”.

S. Cəlaloğlu onu da əlavə edib ki, Naxçıvanda siyasi partiyaların fəaliyyətinə geniş yer verilməlidir:

“Naxçıvan Azərbaycanın yeganə bir ərazisidir ki, heç bir partiyanın yerli təşkilatı demək olar ki, orada normal fəaliyyət göstərə bilmir. Fikrimcə, son vaxtlar Azərbaycan elə addımlar atılır ki, bu addımlar ümid verir ki, ölkədə bu günə qədər mövcud olan daxili siyasət dəyişdiriləcək və tədricən Azərbaycanda hüquqi və sosial dövlət quruculuğu istiqamətində müəyyən addımlar atılacaq”.

Müxalifətçi aydınlaşdırıb ki, Naxçıvanda baş verənlərdən dərhal nəticələr çıxara bilmərik:

“Amma ümid edək ki, bu təkcə Naxçıvanla məhdudlaşmayacaq, həm də Azərbaycanda bu cür uzun müddət vəzifədə qalıb dövlətə, millətə, xalqa və ayrı-ayrı vətəndaşlara qarşı cinayət törədən insanların hamısı ifşa olunacaq və hakimiyyətdən uzaqlaşdırılacaqdır. Nəhayət, Azərbaycan hakimiyyətinin idarəetmədəki prinsipləri dəyişiləcək və indiyə əqədər idarəetmədə, xüsusilə də kadr siyasətində yol veriləcək nöqsanlar aradan qaldırılacaq”.

Tacxeber.com

Oxşar xəbərlər