• 23 Noyabr 2024 09:28

Mirzoyan niyə Moskvaya getmədi? – “Ermənistan deyir ki, biz ruslarsız danışmaq istəyirik”

“Ruben Vardanyanla bağlı olan epizod çox düzgün bir mövqedir və biz bunu dəfələrlə demişik ki, Ruben Vardanyan məhz Rusiya tərəfindən oraya göndərilib. Amma Rusiya Ruben Vardanyanı təkcə Qarabağda qalması üçün deyil, onu Qarabağdan sonra Ermənistana Baş nazir Nikol Paşinyana alternativ bir fiqur kimi hazırlayıb göndərməyi planlaşdırırlar. Mənə elə gəlir ki, əsas Qarabağ deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında müstəqil siyasətçi Azər Qasımlı deyib.

O, ötən gün Azərbaycan və Rusiya XİN rəhbərlərinin sonuncu Moskva görüşündən, habelə erməni tərəfinin görüşə qatılmamasıyla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı vəzifədaşı Sergey Lavrovla keçirdiyi mətbuat konfranslnda Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

A. Qasımlıya görə, Ermənistan xarici işlər nazirinin Vardanyanla heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, erməni tərəfi bu mövzuya qarışmır:

“44 günlük müharibədən sonra Ermənistan Qarabağ məsələsində oyundan kənar vəziyyətdədir. Ruben Vardanyan Qarabağa gələndən sonra isə onların bu məsələdə təsiri, təzyiqi və hər hansı bir rıçaqları qalmayıb. Paşinyanın komandasından olan Mirzoyanın görüşə gəlməməsinin səsəbi isə bununla əlaqəlidir ki, ermənilər artıq Azərbaycanla Ermənistan iqtidarının bir yerdə addım atıb hərəkət etdiklərini görürlər. Artıq bir sıra erməni ekspertlər bunu açıq şəkildə dilə gətirməyə də başlayıb. Erməni mətbuatında da bu barədə danışılır. Hətta Ermənistan parlamenti və hökumətindən artıq belə fikirlər səslənməyə başlayıb ki, “Rusiya Ermənistanın yanında deyil”, “Rusiya Ermənistanı satdı”, “Rusiya Azərbaycanla bir yerdədir” və s. Hazırda görünən odur ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində Putinlə sinxron şəkildə hərəkət edir”.

Müsahibimiz əlavə edib:

“Lakin burada görünən başqa bir məqam ondan ibarətdir ki, bir tərəfdən, Ermənistanın xarici işlər naziri Moskva görüşünə getməkdən imtina edir, amma elə həmin gün də Azərbaycana sülh danışıqlarıyla bağlı təkliflərini göndərir. Bu da o deməkdir ki, biz sülh istəyirik, gəlin, danışaq, amma ruslarsız… Biz rusların burada iştirakını istəmirik. Bu, artıq Ermənistanın mövqeyidir. Bunun da anlamı odur ki, Ermənistan artıq tamamilə Rusiyanın mövqeyindən çıxmaqdadır. Sözsüz ki, tam çıxmayıb, amma sözsüz ki, çıxamqdadır”.

Siyasətçinin fikrincə, mu məsələlərin yekunu Rusiyanın Ukraynadakı müharibəsinin son vəziyyətindən asılı olacaq:

“Əgər Rusiya müharibədə qalib gələcəksə və indiki kimi müharibəni rutinləşdirəcəksə, – hansı ki, indi belədir – təbii ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanları qalacaq. Belə olan halda hər iki tərəf də bunu nəzərə almaq məcburiyyətində olacaq, yəni sülh olmayacaq. Ya da ki, ikinci variant: onlar Ukraynada məğlub olacaqlar və elə bir vəziyyətə düşəcəklər ki, artıq Cənubi Qafqazdan çəkilmək məcburiyyətində qalacaqlar. O zaman bu sülh danışıqları hansısa bir konsensiusa gətirilə bilər”.

Onun qənaətinə görə, Rusiya Ukraynada məğlub olmayana qədər heç bir sülh olmayacaq:

“Ruslar yenə Laçın koridorunu bağlayıb-açacaqlar, hansısa qısamüddətli toqquşmalar da ola bilər və böyük ehtimal bu, sərhəddə yox, Qarabağın özündə olsun. Birsözlə, qaçdı-tutdu oyunu olacaq. Ciddi şəkildə nə ermənilər buradan nəsə qazanacaq, nə də ki Azərbaycan Qarabağı qaytaracaq. Yaxın bir neçə ayda da böyük ehtimal bu proses davam etdiriləcək. Sadəcə hazırda ABŞ Ukraynaya “Patriot” havadan müdafiə sistemlərini verdi, eləcə də ABŞ gələn il Ukraynanı silahlandırmaq üçün 45 milyard dollarlıq paket hazırlayıb. Yəni çox ciddi silahlar veriləcək. Haradasa fevralın əvvəli, martda yenidən müharibə qızışacaq və böyük ehtimal, Ukrayna əks-hücumalara keçəcək. Ondan sonra Qarabağ mövzusuna bir daha qayıtmaq olacaq. Ona qədər isə proseslər indiki kimi rutin şəkildə davam edəcək”.

Tacxeber.com

Oxşar xəbərlər