Yod insan orqanizminin sağlamlığı üçün vacib elementlərdən biridir. Orqanizmin özü tərəfindən yod yaranmadığı üçün biz onu kənardan qəbul etməliyik. Bir çox qida maddələrinin, əsasən yodlaşdırılmış duzun, dəniz məhsullarının tərkibində bizim yoda olan tələbatımızı ödəyəcək miqdarda yod var.
“Tacxeber.com” “Medicina”-ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkimi Həcər Kazımovanın sözlərinə görə, insanın həyatı boyunca cəmi bir çay qaşığı qədər yoda ehtiyacı olur.
“Lakin orqanizmdə yod deposu yaranmadığı üçün yod defisiti yarana bilər. Yod maddələr mübadiləsi üçün çox vacibdir. Yetişkinlik yaşına çatmış şəxslərdə yod norması 150 mkq-dır. Əsasən qalxanvari vəzi və tiroid hormonlarının normal işləməsinə şərait yaradır. Uşaqlarda yod çatışmazlığı fiziki və əqli çatışmazlığa, yetişkin insanlarda isə tez-tez rast gəlinən zob xəstəliyinə səbəb ola bilər”, – deyə həkim bildirib.
Yod çatışmazılığının əsas əlamətləri halsızlıq, yorğunluq hissi, çəkinin kəskin şəkildə artması, saç tökülməsi, dəridə qalınlaşma, qəbizlik, soyuğa qarşı dözümsüzlük, saç və dırnaqlarda qırılma, unutqanlıq və s. ola bilər. H. Kazımova hamilə qadınlarda yoda olan tələbat normadan daha yüksək olduğunu, təxminən 200 mkq-a qədər yüksəldiyini bildirir.
“Əsasən Şəki, Qax, Zaqatala, Balakən regionlarında yaşayan insanlarda yod çatışmazlığı səbəbindən endemik zob əmələ gəlir. Qalxanvari vəzinin ölçüsü hədsiz dərəcədə böyüyür, bəzən kənardan belə hiss edilir. Yod çatışmazlığı səbəbindən ciddi fəsadların yaranmaması üçün həkimə müraciət etmək vacibdir”.