• 22 Noyabr 2024 18:18

Cümşüd Nuriyev: “Belə bir şəraitdə erməni də İlham Əliyevə hücum etsin, Bəxtiyar Hacıyev də?”

 

“Daxili İşlər Nazirliyinin, ya da Dövlət Təhlükəsizliyi Xidmətinin nəyinə lazımdır ki, APA-nın rəhbəri ilə Bəxtiyar Hacıyevin hansısa yazışmasını hazırlasın, bunu sosial şəbəkəyə ötürsün? Bu, bir az ağılsız versiyadır. Bəxtiyar Hacıyev nə qədər desə də, bu, tutan məsələ deyil. Hacıyev elə bir ciddi siyasi fiqur deyil ki, ondan ötrü xüsusi kiber hücum təşkil etsinlər. Adamın eqosu o qədər böyükdür, öz-özünü o qədər böyüdüb ki, elə fikirləşir, daha Azərbaycanda bundan böyük yoxdur. Bu, bizim müxalifətin ümumi xəstəliyidir. Bəxtiyar Hacıyev Harvard Universitetini bitirib. Xaricdə oxuyub gəlib bu millətə xeyir verən kifayət qədər gənclərimiz var. Görünür, Hacıyev başqa yol seçib. Demirəm ki, vəzifəyə getməyə layiq deyil, getsin. Amma bunu dövləti, milləti şərləməklə, Azərbaycanın maraqlarını xaricə satmaqla, xaricin mətbuat orqanlarına müsahibələr verməklə etmək olmaz. Bu, yol deyil…”

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Cümşüd Nuriyev deyib.

O bildirib ki, ölkə daxilində narazılıqlar ola bilər, amma o demək deyil, yeri gəldi, gəlmədi dövlətin, millətin maraqlarını şəxsi maraqlarına satasan: “Bu yanaşma düzgün deyil. “Vüsalə Mahirqızı ilə Bəxtiyar Hacıyevin yazışması” deyəndə, düzü, mənə təəccüblü gəldi. Axı APA daha çox iqtidarındır. Birincisi, jurnalist informasiyanın daşıyıcısı və çatdırıcısıdır. Vüsalə Mahirqızı da araşdırmaçı jurnalist deyil ki, deyəm, müəyyən araşdırmaları var, Bəxtiyar Hacıyevdən yararlanıb. Amma Bəxtiyar Hacıyevin ondan yararlanmağı da xoş olan bir şey deyil. Bütün hallarda Vüsalə Mahirqızı qadındır və qadını belə çətin vəziyyətə salmaq Azərbaycan kişisinə yaraşmır. Hər nə olubsa, olub. Bunu xanımın üzərinə yıxmaq kişilikdən deyil”.

C.Nuriyev vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin, Ordusunun əleyhinə yazanların Balasanyan, Mirzoyan, Qriqoryandan fərqini görmür: “Bu, yaxşı şey deyil. 216 ildən sonra Azərbaycan dövləti ilk dəfə itirilmiş torpaqlarını geri qaytara bilib. Mən demirəm ki, hər şey qaydasındadır. Dünyanın heç yerində ideal dövlət yoxdur. Amma belə bir şəraitdə erməni də İlham Əliyevə hücum etsin, Bəxtiyar Hacıyev də? Bunu necə başa düşək? Yəni Fövqəladə Hallar Nazirliyi o günə qalıb ki, Bəxtiyar Hacıyevlə Vüsalə Mahirqızı onun piarını aparsın? Piarı onlar aparıbsa, ona görə də o gündədir. Bu, faktdır. Ola bilər, Vüsalə xanımın öz təşəbbüsüdür. Bəzən bizdə istəyirlər ki, nəsə etsinlər, amma daha da hər şeyi üz-gözlərinə bulaşdırırlar. Vüsalə Mahirqızı piar təklifini Bəxtiyar Hacıyevə verəndə, gərək, fikirləşərdi ki, bunu Kəmaləddin Heydərov necə qəbul edər? Onda bu, Kəmaləddin Heydərovun yox, onu sevməyən adamın sifarişidir ki, Vüsalə xanım onu yerinə yetirir. Heç cür inanmıram ki, Kəmaləddin Heydərov Bəxtiyar Hacıyevə özü sifariş versin ki, gəl, piarımla məşğul ol. Mümkün deyil. Bildiyim qədərilə, FHN APA-nı maliyyələşdirmir. Amma onun adından yararlana bilərlər. Vüsalə Mahirqızının yanında bəzi deputatlar da var, adlarını çəkmək istəmirəm, bundan yararlanırlar. Belə çıxır, kimsə Kəmaləddin Heydərovun yerinə göz dikib, ya da onunla şəxsi qərəzi var. Ya da özünü bir növ Prezidentə sədaqətli göstərmək istəyir ki, filankəs sədaqətsizdir. Bunun başqa adı yoxdur. Hər şeyi qəbul edirəm, amma odla suyun bir yerdə olması mümkünsüzdür. Vüsalə Mahirqızı və Bəxtiyar Hacıyev ola bilər, amma onların adını Kəmaləddin Heydərovun yanına aparıb qoymaq Kəmaləddin Heydərova qarşı haqsızlıqdır”.

Tacxeber.com

Oxşar xəbərlər