• 22 Noyabr 2024 23:43

2022-ci ildə vəzifəsini itirən yüksək ranqlı məmurlar – SİYAHI

2022-ci il bir sıra yüksək vəzifəli məmurların vəzifələrindən azad olması ilə yadda qaldı. Onlardan bir qismi o qədər də mühüm sayılmayan digər vəzifələrə təyin olunsalar da, qalanları siyasi karyerları ilə birdəfəlik vidalaşdırlar.
Tacxəbər Bakupost.az-a istinadən 2022-ci ildə vəzifəsini iri ranqlı məmurların siyahısını təqdim edir.
Siyahının əvvəlində təbii ki, bir vaxtlar qeyri-rəsmi şəkildə ölkədə ikinci səlahiyyətli şəxs sayılan Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” ləqəbli Ramiz Mehdiyev gəlir.
7 fevral 1995-ci ildən 23 oktyabr 2019-cu ilədək Prezidentinin Administrasiyasının rəhbəri olan Mehdiyevin karyerasında eniş 3 il əvvəl başladı.
Administrasiyada vəzifəsini itirən Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri təyin olundu. Ancaq elə ilk gündən media tərəfindən “gözümçıxdı”ya salınan akademik bu vəzifədə 3 il qala bildi. Belə ki, 23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunan sabiq Administrasiya rəhbəri 14 fevral 2022-ci ildə bu vəzifəsi ilə də vidalaşdı.
Bu il vəzifəsini itirən oliqarx-məmurlardan biri də Rövnəq Abdullayev oldu.
O, 10 fevral 2022-ci ildə rəhbərlik etdiyi SOCAR-ın prezidenti vəzifəsindən azad olundu. Qeyd edək ki, Rövnəq Abdullayev 2005-ci ildən etibarən SOCAR-ın Prezidenti idi. Bu vəzifədən azad olunduqdan sonra o, İqtisadiyyat nazirinin birinci müavini təyin edildi. Qeyd edək ki, SOCAR-ın prezidenti olduğu vaxtlarda o, korrupsiya və maliyyə maxinasiyalarında ittiham olunaraq, tez-tez mətbuatın gündəminə gəlirdi. Xüsusən də Dövlət Neft Şirkətinin sabiq prezidenti oğlunun 1 milyonluq saatı ilə uzun müddət müzakirə obyekti oldu.
Son günlər nikahdankənar oğlunun olması iddiası ilə yenidən diqqət mərkəzinə gələn ölkənin sabiq baş bankiri Elman Rüstəmovun karyerası da bu il necə deyərlər üzüaşağı yuvarlandı.
Belə ki, bu il aprelin 11-də Azərbaycan prezidentinin təqdimatına əsasən, Milli Məclis Elman Rüstəmovu Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad etdi. O, hazırda Baş nazir Əli Əsədovun müşaviri kimi çalışır. Qeyd edək ki, 1995-ci ilin yanvarında Milli Bankı İdarə Heyətinin sədri təyin olunan Elman Rüstəmov nə az, nə çox, 27 il bu vəzifədə çalışıb.

Ölkədə bir neçə iildir davam edən “korrupsiya ruzgarı” ilin əvvəlində daha bir məmurun öz vəzifəsini itirməsi ilə nəticələndi.

Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmasındna sonra bir sıra qanun pozuntuları aşkarladığına görə, bu il martın 3-də Əsgər Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi.

Uzun müddət  yüksək vəzifələrdə çalışan Cavid Qurbanov üçün də 2022-ci il o qədər də uğurlu olmadı. O, bu il mayın 25-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi. Amma o, vəzifəsiz də qalmadı. Prezidentin sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilən Cavid Qurbanov hazırda bu vəzifəni icra edir.

2022-ci il Dövlət Gömrük Komitəsinin rəhbərliyi üçün də ağır keçdi. Bu qurumda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyatlar keçirildi, bir sıra gömrük generalları həbs olundu və ya vəzufələrindən çıxarıldılar. 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunan Səfər Mehdiyev bu ilin iyulunda işdən azad olundu.

Səfər Mehdiyev 2022-ci ildə təkcə istefası ilə yox, həm də polisi təhqir etməsi ilə yadda qaldı. Belə ki, o, onu saxlayan polis əməkdaşlarına əsəbiləşərək, kobud şəkildə “Sən nə həyasız adamsan? Görmürsən, general-polkovnik Mehdiyevdir?” deməsi ilə mətbuatın gündəminə gəldi.

 

Bu il son kadr islahatları nəticəsində yüksək vəzifə tutan bəzi məmurlar üçün də uğursuz oldu. Bu sırada ilk növbədə sabiq Mədəniyyət naziri Anar Kərimovun adını çəkmək lazımdır. Dövlət əhəmiyyətli tədbirlərin təşkilində (“Xarı bülbül” festivalı, Yaylaq festivalı) səriştəsiz olduğu, mədəniyyət sahəsinin problemlərinə bələd olmadığı, tez-tez mediada sərt tənqid olunması, həmçinin rəhbərlik etdiyi qurumda aparılan yoxlamalar zamanı ciddi qanunsuzluqlar aşkarlanması Anar Kərimovun nazir vəzifəsindən getməsində mühüm rol oynadı. 2021-ci il yanvarın 5-dən Mədəniyyət naziri postunu tutan Anar Kərimov bu vəzifədə heç bir il də duruş gətirə bilmədi – dekabrın 22-də o, nazir postundan uzaqlaşdırıldı.

Azərbaycanda 2022-ci ilin bəlkə də son və ən maraqlı istefası Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası oldu. O, Azərbaycanda ən uzun müddət yüksək vəzifə tutan məmurlardan idi. Belə ki, Vasif Talıbov 27 il idi ki Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edirdi. “Naxçıvan xanı” kimi ad çıxaran Vasif Talıbovun istefası ərəfəsində onun oğlu da Seymur Talıbov da Naxçıvan Dövlət Universitetində tutduğu prorektor vəzifəsindən uzaqlaşdırıldı. Hətta onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. Hazırda Talıbovların fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir və bu araşdırmalarından sonra yeni qərarların veriləcəyi də istisna olunmur.

Tacxeber.com

Oxşar xəbərlər