• 20 Sentyabr 2024 08:20

“Qarabağ”ı bir futbolçunun ayağına bağlamayın – Aqil Abbas

 

Kadi Borges Rusiyanın “Krasnodar” klubuna getmək istəyir. Gedəni saxlamaq olmaz, yolu açıq olsun, Tanrı da köməyi. Yaxşı futbolçuydu, danmaq olmaz.

Amma indi oxuyuram ki, “Ay “Qarabağ” dağılır”, “Veşoviç də gedir”, “Onlarsız “Qarabağ” necə olacaq”, “Qurban Qurbanov onlarsız neyləyəcək”?

“Qarabağ”ı bir futbolçunun ayağına bağlamayın, “Qarabağ” komanda şəklində oynayır. Komanda da bir futbolçunun gedişi ilə özünü itirməz. Kadi gedər, nə bilim onu Musa Qurbanlı əvəz edər. Yəni Kadi əvəzsiz futbolçu deyil, Messi deyil, Mbappe deyil, Ronaldo heç deyil. Sadəcə olaraq, Azərbaycan çempionatında Kadidir.

Yeri gəlmişkən, Molla Nəsrəddin kuzəni verir oğluna ki, get su gətir. Bir dənə də şapalaq vurur ki, kuzəni salıb qırma. Mollaya irad tuturlar ki, uşağı niyə vurursan, o hələ su gətirməyə getməyib ki, kuzəni qıra.

– Su gətirəndə kuzəni qırsa ondan sonra onu vurmağın nə xeyri?

Deyirəm indi Qurban Qurbanov oyundan əvvəl Zubirə babat bir şapalaq vura ki, topu vaxtında ötür. Oyundan sonra danlamağın xeyiri yoxdu. Bu da bir zarafatdı.

Kadinin gedişini dərd eləməyin, Qurban xocanın “B” planı var, biz bilmirik. O da nəyi nə vaxt etməyi, kimi harda oynatmağı və necə oynatmağı hər halda hamıdan yaxşı bilir.

Aqil Abbas

Tacxeber.com

Oxşar xəbərlər