Belçikada korrupsiya və çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində saxlanılan Avropa Parlamentinin (AP) Yunanıstan deputatı Eva Kailinin bir Panama bankda külli miqdarda pul hesabının olması ilə bağlı iddiaları Yunanıstan səlahiyyətlilərinin araşdırdığı qeyd edilib.
Bu barədə Yunanıstan mətbuatı məlumat verib.
Verilən məlumatda bildirilir ki, Yunanıstanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Qurumunun təkcə Kailinin deyil, yaxın qohumlarının da iqtisadi fəaliyyətlərini diqqətlə araşdırdığını iddia edib.
Yunan mətbuatı iddia edir ki, Agentliyin Panama səlahiyyətliləri ilə əlaqə saxlayıb, Kailinin və yaxın qohumlarının Panamada bir bankda ümumi məbləği 30 milyon avro olan hesablarının olması ilə bağlı iddialara aydınlıq gətirilməsini istəyib.
Xəbərdə Kailinin Yunanıstandakı vəkili Mihalis Dimitrakopoulosun bu iddiaları təkzib etdiyi bildirilib.
Belçika səlahiyyətliləri tərəfindən aparılan korrupsiya, rüşvət və çirkli pulların yuyulması istintaqında bir çox nöqtədə axtarışlar aparılıb, 1,5 milyon avro nağd pul ələ keçirilib və Kaili də daxil olmaqla 4 nəfər saxlanılıb.
Dekabrın 13-də Fransanın Strasburq şəhərində keçirilən AP Baş Assambleyasının iclasında korrupsiya ittihamı ilə saxlanılan Kaylinin parlamentdəki vitse-prezident vəzifəsindən uzaqlaşdırılması qərara alınıb. Kaili ilk dəfə dekabrın 22-də məhkəmə qarşısına çıxıb və ilkin baxışdan sonra onun həbs müddətinin bir ay uzadılmasına qərar verilib.
Qeyd edək ki, Belçika Federal Prokurorluğu dekabrın 9-da elan edib ki, adı açıqlanmayan Körfəz ölkəsi bir neçə ay ərzində AP-nin qərarlarına təsir göstərmək üçün AP-də strateji mövqedə olan insanlara külli miqdarda nağd pul verdiyi və yüksək dəyərli hədiyyələr təklif etdiyi şübhəsi ilə istintaqa başlayıb.
Mətbuat Eva Kaili və digərlərinin AP-nin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün Qətərdən rüşvət aldığını iddia edirdi. Qətər iddiaları rədd edib. (Bizimyol.info)