• 23 Noyabr 2024 05:06

“Heydər Əliyev mənə dedi ki, sənə daraq alıb verəcəm, cibində saxlayarsan”-ulu öndərin fotoqrafı ilə SƏMİMİ söhbət 

“Heydər Əliyev mənə dedi ki, sənə daraq alıb verəcəm, cibində saxlayarsan”-ulu öndərin fotoqrafı ilə SƏMİMİ söhbət 

“Həmrəylik gün kimi, tarix kimi ötən əsrin sonlarından -1991-ci ildən Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunsa da, bu, xalqımızın çoxəsrlik ənənəsi, milli xarakterinə çevrilmiş ali göstəricisidir. O xalqımızın hər zaman birliyini, həmrəyliyini arzulayırdı. Bu gün xalqımız həmrəydir. Ulu öndər sadə insanlarla münasibətinə böyük həssaslıqla yanaşırdı. Çox sevinirəm ki, mən uzun illər onun şəxsi fotoqrafı kimi çalışmışam. 1993-cü il idi. Ali Sovetə Heydər Əliyev rəhbərlik edirdi. Prezidentlik dövrünə az qalmış təbliğat xarakterli şəkillər çəkmək lazım idi. Özümü professional fotoqraf saymadığıma görə razılaşmırdım. Elə oldu ki, çəkiliş oldu, şəkilləri seçdi. Mənə dedi ki, sən mənimlə çalışacaqsan. Kadrlar onun çox xoşuna gəlmişdi”

Bunu Moderator.az-a ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov deyib.

“Biz 10 il ərzində dünyanın 70-80 ölkəsində olduq. Mənə hər zaman deyirdi ki, əgər sən məndə nəsə defekt görsən, məsələn, qalstukum əyri düşsə, düyməm açıq qalsa yaxınlaş de, tez düzəldim. Amma inanın ki, bu 10 ildə bir dənə də elə şey görmədim. Çox sadə, səmimi insan idi. Bir dəfə məni çağırıb dedi ki, sən həmişə mənim rəsmi şəkilləri çəkirsən. Sən mənimlə hər yerdə olursan, maraqlı hadisələr baş verir, məni yaxından tanıyırsan. Çox az istirahət edirdi, mən onun istirahət zamanında da yanında olurdum. Dedi ki, bəs niyə şəkillər çəkmirsən? Prezidentin qeyri-rəsmi fotolarını çəkib, daha sonra “Həqiqət kimi sadə” adlı kitabda çap etdirdim. Portret çəkmək üçün bizə 8 saat vaxt ayırdı. Ulu öndər fotoya çox həvəsli idi. Onda həvəs o qədər böyük idi ki, təkliflər bəzən özündən gəlirdi. Bir dəfə də Bakıya güclü qar yağmışdı. Bir işlə bağlı yanına gəlmişdim. Mənə dedi ki, gözəl qar yağıb, sən də mənə demirsən ki, gəl şəkillərini çəkim. Belə havada şəkillər çəkdirmək lazımdır. Dedim ki, düz deyirsiniz. Biz gedib həmin o fotoları çəkdik” deyə fotoqraf bildirib.

Rafiq Bağırov dahi şəxsiyyətin zarafatlarından da danışıb.

“Mənim 50 yaşım olanda heç kimin xəbəri olmaya-olmaya məni yanına çağırtdırdı, dedi ki, səni təbrik edirəm, heç bilmirdim 50 yaşın olur. Amma sənə 50 yaş vermək olmaz (gülür). Bir dəfə də İstanbulda idik, Heydər Əliyev də o vaxtın ən dəbli kostyumlarından birini geyinmişdi. Hamı onunla gəlib şəkil çəkdirirdi. Dedi ki, hamı mənimlə gəlib şəkil çəkdirir, sən çəkdirmək istəmirsən?! Dedim ki, əlbəttə istəyirəm. Saçım bir az dağınıq, səliqəsiz idi. Tez saçımı əlimlə səliqəyə salıb gəldim. Mənə dedi ki, bəs sənin darağın yoxdur?! Dedim ki, üstümdə deyil. Dedi, yaxşı sənə bir daraq alıb verərəm, cibində saxlayarsan (gülür). Dahi şəxsiyyətlə çalışmaq mənim üçün böyük fəxr və məsuliyyət idi. Bu gün də ulu öndəri böyük sevgi və ehtiramla xatırlayıram” deyə Rafiq Bağırov bildirib.

 

Oxşar xəbərlər