• 23 Noyabr 2024 08:39

İsraillə İran bir-birini vurmaqla hədələyirlər: Tehran Bakı ilə münasibətlərini yumşaltmalıdır – TƏHLİL

2023-cü ildə qlobal məhvərin oxu ətrafından çıxarılmasını tətikləyəcək mənbələrdən biri də İsrail-İran münasibətlərindəki düşmənçilik ola bilər.

Çünki yenidən İsrail İranı, İran da İsraili vurmaqla hədələyir, müxtəlif simulyasiyalar gözə soxulur.

İsraildə ifrat sağçı Benyamin Netanyahunun hakimiyyətdəki siyasi reinkarnasiyası ilə Təl-Əvivin İrana qarşı ritorikası sərtləşir.

Hərçənd ki, İsrailin hakimiyyət dəhlizlərindəki hökumət payı bölgüsündə kimin hansı kresloya sahiblənməsindən asılı olmayaraq, Təl-Əviv Tehran əleyhinə fəaliyyətində daim sərtdir.

Sadəcə, Benyamin Netanyahunun baş nazirliyə qayıdışı həmin sərtliyin bəzi nəzəri hissələrinin praktiki tətbiqləri üçün açardır və təsadüfi deyil ki, onun hökumət başçılığına gəlişi ilə İsraillə İran arasındakı qarşılıqlı nifrət körüklənir.

Lakin nəzərə alınmalı xüsusiyyətlərdən biri də budur ki, Netanyahunun hələ əvvəlki baş nazirlikləri dövründə də İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verməyib, çünki buna maneə yaradan ölkələr sırasında ABŞ başda dayanır.

Netanyahunun İranın nüvə proqramına qarşı konservativ-radikal duruşu, üstəgəl İslam Respublikasının başı üzərində qlobal buxarlanmaların yaratdığı qara bulud topalarının sıxlaşması Tehran əleyhinə planların müəyyən həddə qədər icra edilməsi anlamını daşıyır.

Böyük şahmat taxtasındakı İran fiqurunun vurulması üçün səylərin cəmləndiyi zamanda Tehranın hansı aqibətlə üzləşəcəyi ilə bağlı həyəcanlı versiyalar göz önündə canlana bilər.

Mümkündür ki, İran coğrafiyası üzrə genişmiqyaslı hərbi əməliyyatların aparılması planlaşdırılmasa da, əsasən, nüvə obyektləri, ölkənin strateji sinirlərinin toplandığı hərbi təsisatlar hədəfə alınsın. İsrailin İrana qarşı hərbi güc tətbiqinin miqyası uzağı həmin obyektlərin miqyası üzrə genişlənə bilər, çünki İslam Respublikasının ərazisi böyük olduğundan Təl-Əvivə orada genişmiqyaslı əməliyyat aparmaq sərf etməz.

İkinci bir tərəfdən, İsrail də İranın cavab olaraq nələr edə biləcəyini tam hesablaya bilməz, ona görə də iki ölkə arasındakı gərginlik 2023-cü ildə də maksimum hibrid müharibə səviyyəsinin yüksəlməsi həddinə çata bilər.

Onsuz da, İsrail zamanla İran ərazisində kəşfiyyat aparmaq qabiliyyətini nümayiş etdirib və kiberhücumlar da daxil olmaqla, müxtəlif əməliyyatlarla, o cümlədən hərbi təyinatlı hücumlarla ölkənin işinə maneələr yaratmaq iqtidarındadır.

İrana gəlincə, onun İsraildən çəkingənliyi daha çoxdur, çünki Təl-Əvivin həm kəşfiyyat, həm ən müasir silah arsenalı, həm də beynəlxalq dəstək baxımından imkanları daha çoxdur.

Hər nə olur-olsun, gözəgörünməz müharibələr belə, regional konfiqurasiya ətrafında təhdid oxları formalaşdırır, elə bu oxların limitləri aşmaması üçün ABŞ ilə İsrail arasındakı danışıqlar intensivləşəcək.

Netanyahunun yeni təqvim ilində ABŞ-yə səfər edəcəyi gözlənilir. Eyni zamanda, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın üzümüzə gələn həftələrdə İsrailə qədəm basması planlaşdırılır.

İran gündəminə münasibətdə bunu üç istiqamət üzrə şərh edə bilərik, beləliklə ABŞ:

1. İsraili İrana qarşı güc tətbiqində tələsməməyə çağırır;

2. İsraili Vaşinqtonun maraqlarını maksimal nəzərə almaqla İrana qarşı birgə fəaliyyət planına kökləməyə cəhd edir;

3. Mümkün hərbi əməliyyatlar zamanı regional təhdidlər riskini düzgün hesablamağa dəvət edir.

2023-cü ildə anti-İran kampaniyasının kulminasiya nöqtəsinə çatması ehtimalı İsrailin strateji tərəfdaşı Azərbaycan üçün də həssas məqamları özündə ehtiva edir.

Çünki indi elə bir məqam yetişib ki, münaqişələr, hərbi eskalasiya riskləri zəncirvari qəzalar yaradır və Azərbaycan dövləti bu amilləri nəzərə alır. Kövrək regional mühit fonunda Azərbaycanın hesablamalarındakı dəqiqlik payı ölkəni təhdidlərdən qoruyur.

Ona görə də İran 2023-cü ildə yaxşı olar ki, Azərbaycana qarşı tutduğu mövqedən çəkinərək praqmatik xarici siyasətə mehr salsın, əks halda Bakı da Tehrana qarşı beynəlxalq təzyiq kampaniyasının yaratdığı faydaları öz strateji maraqları kontekstində genişləndirə bilər. (oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər