İnzibati həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olununlanların Saxlanma Məntəqəsində öz vəkili Bəhruz Bayramovla konfidensial görüşə imkan yaradılmadığı bildirilir.
Tacxeber xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.
Onun sözlərinə görə, yanvarın 3-də vəkil T.Yaqublunun Bəhruz Bayramovla görüş zamanı polis əməkdaşı otaqda onların yanında duraraq konfidensial görüşlərinə mane olub.
“Bu orada böyük gərginliyə səbəb olub. Tofiq Yaqublunun haqsız, günahsız yerə həbs etməkləri azmış kimi hələ təcridxanada da ona rahatlıq verilmir. Təcridxanada baş verən kobud qanun pozuntusuyla bağlı məhkəməyə müraciət ediləcək”, – N. Həzi qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.
Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.