• 20 Sentyabr 2024 02:34

Əkrəm Həsənov: “Qadına yerini dərhal göstərmək, başa düşməyənə “давай, до свидания” demək lazımdır”

 

“Dünən bir məlumat oxudum. Gənc ailənin qızı doğulub, ərin atası uşağa öz anasının adını qoymaq istədiyi üçün arvad demarş edərək durub gəlib valideynlərinin evinə. Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı  yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Təbii, o da həll edə bilməsə, işə məhkəmə baxacaq. Mənə həmişə maraqlı idi ki, belə işlərə baxan dövlət orqanı məsələni necə həll edəcək. Axı hansı meyarı rəhbər tutub, ad qoyacaq? Kimin sözü onun üçün daha keçərli olacaq? Dədə Qorqud deyil ki, istədiyi adı qoyub tərəfləri razı salsın! Əslində, bu problem bir daha göstərir ki, ailədə heç vaxt bərabərlik ola bilməz. Bir nəfərin sözü həlledici olmalıdır. Təbii ki, ərin! Bu, o demək deyil ki, müzakirə olmamalıdır. Olmalıdır. Amma son söz ərdə olmalıdır. İndi görün, nə günə qalmışıq ki, kişi uşağının adını belə qoya bilmir. Kimdir günahkar? Günahkar kişilərdir!”

Tacxeber.com-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, kişilər cılızlaşaraq ailədə iqtidarı əldən verə-verə gedirlər: “Başa düşmürlər ki, qadının nə deməsi əhəmiyyətli deyil. Qadın əmələ qiymət verir. Əməldə isə kişi qətiyyətli və sözübütöv olmalıdır. Qadın, onun sözü ilə oturub duran kişidən əvvəl-axır soyuyur. Kişinin var-dövləti də kar etmir. Nəticədə onun yerini hətta adını da yaza bilməyən hansısa enlikürək idman təlimçisi asanlıqla tutur. Hər bir halda maymaqlaşan kişi bir də ayılıb görür ki, Lev Tolstoyun “Kreytserova sonata” əsərinin qəhrəmanı kimi deyir ki, “Vanka ilə gedirəm, onun saçları səninkindən daha qıvrımdır!” Yeri gəlmişkən, hər bir kişi bu əsəri oxumalıdır. 12-13 yaşım vardı. Təxmini 80-ci illərin sonu idi. Yay idi. Lerikin Siyov kəndində mərhum babam Yunusun evində idim. Babamla söhbət etməyi sevirdim (Bakıda da bakılı babam Mirmehdi ilə tez-tez danışırdım, amma nənəm Aynaxanımla söhbət etməyi daha çox sevirdim). Hətta məktublaşırdım da onunla. Daha çox da İkinci Dünya müharibəsində iştirakı barədə sual verirdim ona. Kolxoz sədri olduğu dövrdən də tez-tez danışırdı. Hər bir övladı haqda da ona xeyli sual verirdim. Babamla Kinəxanım nənəm 15 övlad böyütmüşdü (doğulan uşaq sayı 20-dən çox olub). Nəvələrinin sayı 50-yə yaxındır. Hər ikisi nəinki nəticə, hətta kötücə də gördülər. Babam 91, nənəm isə 89 yaşında vəfat etdi. Nənəm həmişə öz sözünü deyən qadın idi, amma son söz sahibi babam idi. Elə baxışı və bir qədər səsini qaldırması kifayət edirdi. Qadını nə döymək, nə də ayaqlarını sındırmaq lazım deyil, sadəcə, yerlərini onlara dərhal göstərmək lazımdır, başa düşməyənə isə yerindəcə “давай, до свидания” demək lazımdır, beləsindən arvad olmaz! Özü də üç dəfə yox, daha çox. Romantik filmlər və seriallar da onlara bunda yardımçı olur. Məsələ sırf ailə problemi deyil. Dövlətçilik problemidir. Boşanmaların sayı artır. Perspektivdə bizi demoqrafik tənəzzül gözləyir. Doğub-törəməyən xalqın, onun dövlətinin gələcəyi yoxdur. Hər şey də erkəyin evdə, ailədə kişi, ailə başçısı olmağa qadirliyindən asılıdır…”

Tacxeber.com

Oxşar xəbərlər