• 23 Noyabr 2024 02:30

Döyüşdürmək qadağan olsa da, maşın qiymətinə xoruzlar satılır – AÇIQLAMA (FOTO)

 

Son zamanlar sosial şəbəkələrdə döyüş xoruzları satışa çıxarılır. 

Paylaşılan elanlarda xoruzların qiyməti 3-25 min manat arasında dəyişir. Ölkəmizdə xoruz döyüşləri qadağan olsa da, bu cür elanlar durmadan artır. “Heyratı” adlanan xoruz növü döyüşlərdə istifadə olunur.

Bu cür elanların yayılması gizli heyvan döyüşlərinin (xoruz, it) keçirilməsindən xəbər verir.

Xoruz döyüşləri xüsusi meydanlarda keçirilir. Döyüş ərəfəsində xoruzların çəkisi, yaşı və boyu müqayisə olunur ki, rəqib cütlükləri seçə bilsinlər. Döyüşdən əvvəl xoruzun ayaqları və bədəni masaj edilir. Döyüş iyirmi dəqiqədən iki saata qədər davam edə bilər.

Huşsuz halda yerə sərilən və ya meydandan qaçan xoruz məğlub elan edilir. Digəri isə müvafiq olaraq qələbə qazanmış olur. Əgər xoruzlardan heç biri iki saat ərzində məğlub olmayıbsa, heç-heçə elan edilir.

Qeyd edək ki, 2020-ci ildə it döyüşləri ilə bağlı görüntülər yayıldı. “Ölüm oyunları” adlandırılan bu qanlı döyüşə mərc olaraq çox böyük pullar qoyulurdu. Daxili İşlər Nazirliyi tərəfindən məsələ nəzarətə götürüldükdən sonra döyüşləri təşkil edən Mətləb Əliyev, Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev həbs olundular.

GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda xoruz və it döyüşləri qanunsuzdur:

“Döyüşlərdə “Heyratı” xoruz növü üzərindən pul qazanılır. Buna görə də elan saytlarında qiyməti 25 min manat təşkil edir. Bu, qeyri-qanunidir. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə görə, hər hansı heyvana qarşı şiddət göstərmək, şikəst etmək 500 manat cərimədir. Bu da döyüşlərdə heyvanları şikəst etməkdir.

Bu barədə qanun sərtləşdirilməlidir. 25 minə xoruz satan və döyüşlərdə pul qazanan adam üçün 500 manat cərimə ödəmək problem deyil. 2020-ci ildə Daxili İşlər Nazirliyi və bizim birgə fəaliyyətimiz nəticəsində it döyüşləri keçirən mafiya zərərsizləşdirildi. Bir döyüşdə 50-100 min manat qumara qoyulurdu, toplam bir döyüşdə bir milyon manata yaxın pul dövr edirdi. O cür pul toplanan yerdə 500 manat cərimə nədir ki?”

F.Mansurov əlavə edib ki, heyvanlara qarşı amansız rəftarın, zorakılığın cinayət məsuliyyəti olmadıqca belə hallar davam edəcək:

“Azərbaycanda ciddi şəkildə “Heyvanların Mühafizəsi” qanununa ehtiyac var. Bu cür iş görənlər artıq inzibati yox, cinayət məsuliyyəti daşımalıdırlar. Eyni zamanda, döyüşlərdə zorakılıq görən heyvanın müsadirə edilməsi üçün qanun lazımdır. Çünki bu qanun olmadığı üçün dövlət qurumları belə heyvanları müsadirə edə bilmirlər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hər bir şəxs bilməlidir ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır:

“Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz rəftar) maddəsinə əsasən protokol tərtib olunur. Həmçinin, ev heyvanlarından qanunsuz mərc oyunlarının təşkili zamanı istifadə edilməsi də qanunla qadağan edilib və bu qanunazidd əməllərlə məşğul olan şəxslər də məsuliyyətə cəlb edilirlər. Bir daha diqqətə çatdırırıq ki, heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun qəti tədbirlər görülür”.

 

Oxşar xəbərlər