• 23 Noyabr 2024 05:04

İslam dinində ölüyə 40 mərasiminə qədər baş daşının qoyulması şərtdir? – İlahiyyatçıdan AÇIQLAMA

 

Azərbaycanda son zamanlar belə bir ənənə formalaşıb – vəfat edən şəxsin 40-ı çıxana qədər mütləq məzarına baş daşı qoyulmalıdır. Qara mərmərdən, dəbdəbəli, özü də dəmir hasarlarla mühafizə olunmuş formada… Buna əməl etməyən oğul, qız övladını isə qınaq obyektinə çevirirlər. Ümumiyyətlə, ölünün 40-ı çıxana qədər məzar daşının qoyulması məsələsinə İslam dininin münasibəti necədir? Bəziləri İslam dinində dəbdəbəli məzar daşının haram olduğunu bildirir. Belədirsə, bəs bu günə qədər mollalar, axundlar, din xadimləri bu barədə insanlar arasında niyə maarifləndirmə aparmayıblar? Hələ yas çadırlarının dəbdəbəli olmasını da qınayanlar az deyil. Yas çadırlarını adətən şadlıq evi kimi bəzəyirlər. İnsanlar bir növ bu məsələdə də sanki rəqabət aparırlar. Qara mərmər, bahalı çadır üçün borca girənlər də çoxdur. Niyə hər kəs yasını sadə, eyni qayda ilə yola verməsin? Dəbdəbəli baş daşının, şadlıq sarayı boyda çadırın ölüyə nə təsiri var?

AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, İslam dinində ölüyə 40 mərasiminə qədər baş daşının qoyulması kimi bir qayda yoxdur.

Elvüsal Məmmədov: “Əgər kimsə ruh görürsə, o insanın psixoloji cəhətdən  problemləri var” - MÜSAHİBƏ

Alim bildirib ki, bu, xalq arasında formalaşmış xurafat, yaxud mövhumatdır:

“İstənilən şəxsə dəfn mərasimində baş daşı qoyuruq. Azərbaycan xalqında və digər xalqlarda sonradan belə bir ənənə formalaşıb ki, ölüyə müəyyən ölçüdə, müəyyən materialdan ayrıca sinə daşı və baş daşı qoyulur. Ümumiyyətlə, sinə daşı, yaxud baş daşının təmtəraqlı, hündür olması, bahalı materialdan hazırlanması – bütün bunlar İslam dininin qoyduğu qaydalara uyğun deyil. İslama görə, ölmüş şəxsin həyatda ölümsüzləşdirilməsi məsələsi mühüm hesab olunmur. Belə bir şey, ümumiyyətlə, İslam dininin gündəmində yoxdur. Əksinə, İslamda göstərilir ki, ölü sahiblərinin ölü üçün edəcəyi iş dua etmək, “Qurani-Kərim” oxumaq, ölünün adından yaxşı işlər görmək olmalıdır. Təmtəraqlı baş daşının, sinə daşının ölüyə heç bir faydası yoxdur. Bunun xalq arasında geniş yayılmasının səbəbi, təəssüf ki, bizdəki bəhsləşmə, yaxud xoşagəlməz rəqabət şüurudur. Bir-birimizlə bəhsləşirik. Təəssüf ki, bu, doğru bir şey deyil”.

E.Məmmədov vurğulayıb ki, bütün bunları qadağan etməklə, inzibati tədbirlərlə tənzimləmək mümkün deyil:

“Maarifləndirici işlər görülməlidir. İslam dinində dəfn məsələləri, ölüyə münasibət əsaslandırılmış formada xalqa çatdırılmalıdır. Lazımi təbliğat, maarifləndirmə işləri ilə, ilahiyyatçıları da bu işə cəlb etməklə istədiyimiz nəticəni ala bilərik. Əks halda, çətin olacaq. Yeri gələrsə, dövlət müəyyən qaydalar təsis etməli, bu qaydalar qanunla tənzimlənməlidir. Baş daşlarının forması, ehsan süfrələrinin təmtəraqlı olmamasına çağırış, əlbəttə, lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər