• 23 Noyabr 2024 10:53

“Bu dövlətə atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm?”

 

“Atamın ölüm kağızını almaq üçün “Xırdalan poliklinikası” adlandırdığımız Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Qeydiyyat şöbəsindən ailə həkimi terapevt Sevinc Qaragözova yönləndirdilər. Terapevt isə dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam. Təbii, ona insan öldükdən sonra onun xəstəliyini nə olmasının əhəmiyyətsiz olduğunu izah etməyə çalışdım. Və əlavə etdim ki, atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda – Kardiologiya, “Respublikanskiy” xəstəxanalarında müalicə olunub və orda qeydiyyatda olub. Hətta əlavə etdim ki, koronavirusa yoluxanda sizdə qeydiyyatda olub və sizdən pulsuz dərman da götürmüşük. Bütün dediklərimin faydası olmadı. Dedi ki məhkəməyə (?!) müraciət etməlisiniz. Məhkəmə yaxınlıqda olduğundan təcili ora baş çəkdim. Görüşdüyüm vəkil dedi ki, polikinikadan imtina kağızı almalıyam, sonra onun əsasında “pasportstol”dan imtina kağızı almalıyam.  Bütün bu işlər üçün 200 manata yaxın xərc çıxacaq. İmtina kağızı üçün təkrarən terapevt xanıma müraciət edəndə bildirdi ki, Xırdalan xəstəxanasına müraciət edib ordan almalıyam imtina kağızını. Evə gəlib TƏBİB-ə zəng vurdum. Onlar da terapevtin dediklərini təkrarlayaraq bunun yolunun məhkəmə olduğunu bildirdilər. Sözgəlişi məsələni araşdıracaqlarını bildirdilər.  İndidən cavablarının nə olacağını bilmək çətin deyil”.

 

Tacxeber.com-ın xəbərinə görə, bu barədə ekspert Samir Əliyev bildirib.

 

“Məhkəmədə olanda yaşlı bir qadın da eyni problemlə bağlı gəlmişdi. Onu da get gələ salmışdılar. İndi mən bu dövlətə atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, təcili tibbi yardım maşını da faktı qeydə alıb. Atam TƏBİB sistemində qeydiyyatda olubsa və həmin qeydiyyatda onun müalicəsi ilə bağlı məlumatlar varsa, niyə məhkəməyə üz tutmalıyam? Niyə insanlar dövlət xəstəxanalarında olan savadsız həkimlərə sağlamlıqlarını etibar etməlidir? Xırdalan poliklinikasına getmişəm nə işıq var, nə təmizlik var. Əminəm ki peşəkar həkim də yoxdur. Bu obyekti bağlamaq, həkimlərini isə səhiyyə sistemindən uzaqlaşdırmaq lazımdır. Ailə həkimi olan xanım nə vaxt ərazisindəki insanlarla maraqlandı ki, indi də deyir ki, mənim pasiyentim deyil. Nəhayət sonuncu sual. Mən niyə atamın ölməyini sübut etməliyəm? Bu daha çox dövlətə lazımdır. Əgər mən ölməyini təsdiq edə bilmirəmsə, deməli, o hələ sağdır və hər ay pensiya almaq hüququ qalır. Çox əcayib səhiyyə sistemimiz var. İnsanların mütləq xəstələnməsinə məcbur edir”, – S.Əliyev qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər