• 23 Noyabr 2024 04:55

“Boş söhbətdir, kimin adına nə var, hamısı bilinir” – Talıbovun sənədləri itirməsinə reaksiya

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Şirkəti” MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədlərinin itdiyi barədə məlumat yayılıb.

Bildirilir ki, Tumbul kəndində yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

Sözügedən sənədlərin Vasif Talıbovun bir sıra mülklərinin əlindən alınması barədə xəbərlərin yayıldığı bir vaxtda it-bata düşməsi diqqətdən yayınmır.

Bəlkə, sənədlər bilərkdən “itirilib”? Məgər indiki dövrdə bu sənədləri yenidən əldə etmək mümkün deyil?

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədov Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, sözügedən sənədlərin itməsi mümkündür:

“Amma bu, az ehtimal olunur. Çünki belə sənədlər adətən, güvənli yerdə saxlanılır. İtən sənəd sadəcə, daşınar sənəd olub. Amma bunun elektron bazası var axı… Həmçinin bütün böyük şirkətlər illik hesabatlar tərtib edir. İllik hesabatlarda şirkətin aktivləri və passivləri aydın görünür. Yəni, şirkətin nə qədər daşınar və daşınmaz əmlakının olduğu illik hesabatlarda əksini tapır və hər il Maliyyə Nazirliyinə təqdim olunur. İstənilən daşınmaz əmlak paralel olaraq, ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olur. Orda kimin adına nə qeydə alınıbsa, hamısı bilinir. Ona görə də hansısa sənədin tam itməsi boş söhbətdir”.

Ekspertin sözlərinə görə, sənədin itməsi onun hüquqi varisinin dəyişməsi anlamına gəlmir:

“Tutaq ki, kağız itib, amma o yenə də həmin şirkətin adınadır və dövlət qeydiyyatındadır. Sənədin əsli sistemdə olduğu üçün yenidən şəhadətnamə və ya digər adda sənədi əldə etmək mümkündür. Hansı sənəd itibsə, o, təkrar əldə edılə bilər”.

Ə. Məmmədlinin fikrincə, kiminsə səlahiyyətindən istifadə edərək qanunsuz şirkət qurması və həmin şirkətin sənədinin olmaması halı mümkün deyil:”Hüquqi baxımdan mövcud olmayan şirkət hansısa əməliyyatlarda iştirak edə bilməz. Əgər şirkətin mülkiyyətindən söhbət gedirsə, sənədi olmayan şirkət mövcud ola bilməz. Şirkət və onun daşınar-daşınmaz əmlakı mütləq qeydiyyata alınır. Təsəvvür edin, qeydiyyatsız avtomobil sürürsüz. Nə qədər sürə bilərsiz? Ya da qeydiyyatsız əmlakı necə sığorta edə bilərsiz? Bu, mümkünsüzdür”.

Tacxeber.com

Oxşar xəbərlər