• 23 Noyabr 2024 05:02

“Düşmən qadınların əsir alınması və zorlanması da müharibənin bir qaydasıdır” – Sərdar Cəlaloğlu

 

Azərbaycanda kişi-qadın münasibətləri həmişə müzakirə obyekti olub. Bir çox hallarda kişilərin nalayiq hərəkətlərinə haqq qazandıranlar qadınlara qarşı eyni tolerantlığı göstərmirlər.

Bu gün boşanmalarda daha çox xəyanət səbəb göstərilir. Bəzən isə, qadınlar kişilərin xəyanətini bağışlayıb yaşamağa davam edirlər. Qadın xəyanəti isə əksinə, heç vaxt bağışlanmayıb. Xüsusən patriarxal cəmiyyətlərdə qadın xəyanəti ağır əməl sayıldığına görə onlara daha sərt cəzalar verilib. Bəs görəsən buna səbəb nədir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qadın və kişi hüquqlarından danışarkən bəzi mübahisəli məsələlərə toxunub:

“Qurani-Kərimdə də kişiylə qadının fərqli yaranmasıyla bağlı ayələr var. Eləcə də biologiyaya görə kişiylə qadın fərqli yaranıb. Burada da kişiylə qadının seksual dövrülüyünün uyğun olmaması problemi var. Qadınlara hamiləlik dövründə, aybaşı vaxtı cinsi əlaqə olmaz, amma kişidə belə bir seksual ritmin fasiləliyi yoxdur. Birincisi, bunun bioloji əsasları var. Bir kişi məsələn, seksual cəhətdən aktivdir, ailə qurubdur və əgər bacarırsa, özünü qorumalıdır. Amma elə adamlar var ki, özünü qoruya bilmir, yaxud obyektiv səbəblərdən öz cinsi tələbatını ödəyə bilmir və başqa bir yerə meyl edir. Kişilərin xəyanət etməsinin başqa bir səbəbi isə onların fəaliyyətinin evdən daha çox kənarda olmasıyla bağlıdır. Məlum məsələdir ki, qadınların çoxu evdardır, kişilər isə cəmiyyət içərisində olurlar və bu zaman da təsadüfi əlaqələr qururlar. Son vaxtlar sosial şəbəkələrin yaranmasından sonra qadınlar və kişilər arasında bu fərqlilik aradan qalxıb. Qadınlar da evdə oturub yad kişilərlə əlaqələr yarada bilir. Azərbaycan mətbuatında da biz çox ağır cinayətlərlə başa çatan belə əlaqələrlə bağlı çoxlu faktlar eşidirik”.

Onun sözlərinə görə, qadın xəyanətinin ağır nəticələri ola bilər:

“Təbii ki, məsələni bu dərəcəyə gətirib çıxarmaq olmaz. Qadının xəyanətinin nəticəsi var. Qadın uşaq doğur, dünyaya uşaq gətirir. Qadının xəyanətinin konkret nəticəsi olur. Əslində, bunun dərin kökü iqtisadi səbəblərlə bağlıdır. Burada varislik məsələsi var. Məsələn, bir kişinin əmlakı onun övladına çatmalıdır. Amma bir qadın qeyri-qanuni yollarla gedib cinsi əlaqədə olub bir uşaq doğdusa, həmin uşaq bu kişinin uşağı olmasına baxmayaraq, əmlakına sahib çıxa bilmir. Həm də bu, vərəsəlik yolunda əmlakın ötürülməsində qeyri-qanunilik yaradır.

Ən əsas da cəmiyyətdə qadına olan tələbatla kişiyə olan tələbatın fərqli olmasıdır. Qadın intensiv, kişi isə ekstensiv varlıqdır. Kişinin bütün fəaliyyəti və xarakteri zahirə yönəlib. Ona görə qeyri-qanuni ünsiyyətə girirlər. Qadınlar isə özünü bütövlükdə daxilə, evinə-ailəsinə cəmləşdirir. Bu baxımdan da təbii ki, qadının fəaliyyəti tamamilə fərqli bir məsələdir, kişinin xəyanəti isə başqa. Bu, cəmiyyətinin özünün minillər boyu bu məsələyə yanaşmasıyla bağlıdır. Qadınla kişi arasında fərqlilik olduğuna görə, onların bu hərəkətinə də fərqli yanaşırlar.

Məsələn, vaxtilə kişilər 5 il evdən kənarda olurdular. Belə bir şəraitdə kişi istəsə də cinsi əlaqəsiz qala bilməz. Düşmən qadınların əsir alınması və zorlanması da müharibənin bir qaydasıdır. Hətta bəzi xalqlarda bu bağışlanır. Antik yunanlarda belə bir məsəl var ki, “mənim xoruzum başqasının divarında banlaya bilər”. Amma, əksinə, qadının xəyanəti heç bağışlanılmayıb”.

Tacxeber.com

Oxşar xəbərlər