• 26 Noyabr 2024 06:35

Rusiya prosesdən uzaqlaşdırılır, ABŞ Qarabağla bağlı… – Politoloq detalları açıqladı

Sülh müstəvisində Rusiyanın təşəbbüslərinə nisbətən ABŞ-ın səyləri Azərbaycanın mövqeyinə daha yaxındır. Onlar istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Beləliklə, Rusiya prosesdən uzaqlaşdırılsın. Eyni zamanda Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası da məhz Qərbin vasitəçiliyi ilə baş tutsun.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, Ermənistanın indiki halda belə Azərbaycana qarşı səsləndirdiyi iddialar əsassızdır:

“Erməni tərəfi birdəfəlik qəbul etməlidir ki, iddialarını hansısa bir təzyiq formasında həyata keçirə bilməyəcək. Əslində bu ciddi mövqe deyil. Ümumiyyətlə isə məğlub tərəfin ciddi mövqeyi olmur”.

Politoloqun fikrincə, Ermənistanın beynəlxalq hüquqla uzlaşmayan iddiaları heç vaxt qəbul edilməyəcək: “Bu gün Şuşa-Xankəndi yolundakı aksiyalar nəticəsində bir sıra məsələlər üzə çıxır. Xankəndidə də artıq fikir ayrılıqları var. Amma bir sıra başqa işlər də görülməlidir ki, Xankəndidə Azərbaycanla birgə yaşamaq istəyində olanları sayı artsın. Bundan sonra orada Ruben Vardanyan kimilərinin də mövqeyi zəifləyəcək. Çünki orada yaşayan ermənilər Azərbaycanın içərisində yaşadıqlarını dərk etməlidirlər”.

Zərdüşt Əlizadəyə görə, artıq Ermənistanda hər kəs anlayır ki, Azərbaycanla güc dilində danışmaq qeyri-mümkündür: “Azərbaycanın hərbi cəhətdən Ermənistandan qat-qat üstün olduğunu indi hər kəs bilir. Sadəcə olaraq Şuşa-Xankəndi-Laçın yolunda Azərbaycan yoxlamadan sonra hümanitar daşımaların rahat şəkildə keçidinə imkan yaratmaqla və digər məsələləri həll etməklə Qarabağ ermənilərinin inteqrasiyasına nail ola biləcək”.

Tacxeber.com

Oxşar xəbərlər