• 23 Noyabr 2024 09:32

Azərbaycan səhnəsinə gözəlliyi ilə işıq saçan Leyla Bədirbəylinin doğum günüdür

Azərbaycan səhnəsinə gözəlliyi ilə işıq saçan Leyla Bədirbəylinin doğum günüdür

 

Bu gün məşhur Azərbaycan aktrisası Leyla Bədirbəylinin doğum günüdür.

Tacxeber.com xəbər verir ki, 1920-ci ildə dünyaya göz açan Leyla Ağalar qızı Bədirbəylinin doğum yeri haqqında fərqli fikirlər var. Bəzi mənbələrdə onun Bakıda, bəzilərində isə Şəmkirdə dünyaya göz açdığı qeyd olunur.

Onun anası Bikə xanım Şəmkirin Dəllər kəndindən Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Aktrisanın uşaqlıq illəri isə Bakıda, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin incəsənətə yönəlməsində birbaşa anasının təsiri olub. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedərkən Leylanı da həmişə özü ilə apararmış. Leyla Bədirbəyli burada rəqs bacarığı ilə diqqət çəkir və Dövlət Filarmoniyasından təklif alır. 16 yaşında o, buradakı həmkarı Fərəc Cavanşirovla ailə həyatı qurur.

1937-ci ildə onların Cavanşir adlı oğulları dünyaya gəlir. Qeyd edək ki, Cavanşir Cavanşirov uzun illər AzTV-də operator kimi çalışıb. Həyat yoldaşı Elmira Cavanşirova isə dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib. Cütlük 2017-ci ildə vəfat edənədək Leyla Bədirbəylinin uşaqlıqda yaşadığı Fəvvarələr Meydanında yerləşən evdə yaşayıb.

Leyla Bədirbəylinin Cavanşirin atası ilə ailə həyatı elə də uzun çəkmir. O, 1941-ci ildə boşanır və 1942-ci ildə diş həkimi Kamil Aslanova ərə gedir. Beş il sonra onların Lalə adlı qızları dünyaya gəlir, Bikə adlı ikinci qız övladları isə 1964-cü ildə doğulur. Bundan bir müddət sonra Kamil Aslanov Ukraynada yol qəzası keçirərək həyatını itirir. Leyla Bədirbəyli həyat yoldaşının ölümündən bir il sonra qızı Laləni itirir.

Bu hadisədən sonra aktrisa əsəb xəstəliyinə tutulur. Gözəlliyi ilə ad çıxaran Bədirbəyli tanınmaz hala düşür və bu halda onu heç kimin görməsini istəmədiyi üçün evə qapanır. 1999-cu il yanvarın 1-də ümummilli lider Heydər Əliyev ona “İstiqlal” ordeni verənə kimi evdən çıxmır.

İosif Stalin “Qafqaz gözəli” adlandırdığı aktrisa elə həmin ilin noyabr ayının 23-də 79 yaşında vəfat edir. O, Fəxri Xiyabanda dəfn edilir.

Tacxeber.com

Oxşar xəbərlər