• 23 Noyabr 2024 03:14

DTX Naxçıvanda YENİ PROSES BAŞLADIR: Talıbovun əmrlərini icra edən bu şəxslər hədəfdə

 

Dövlət Təhlükəsizliyi Xidməti 27 il ərzində Vasif Talıbov tərəfindən haqsızlıq görən naxçıvanlıların şikayətlərinə yenidən baxır. Naxçıvan prosesində Gömrük Komitəsi, Maliyyə Nazirliyindəki maxinasiyalar, ordudakı özbaşınalıqlarla yanaşı, məhkəmə sistemində baş verən qanunsuzluqlar da araşdırılmağa başlayıb.

“Sədərək” Ticarət Mərkəzinin sözçüsü Kəmaləddin Qədim də məsələ ilə bağlı diqqətçəkən fikirlər söyləyib.

K.Qədim iddia edir ki, Sədərək rayonu Heydərabad qəsəbəsində ona məxsus ev saxta məhkəmə qərarı ilə əlindən alınıb. O, daha bir neçə vətəndaşın da eyni qanunsuz hərəkətlə üzləşdiyini deyib:

“Bu yaxınlarda DTX-nin Naxçıvan Baş İdarəsinə ərizə ilə şikayət etdik. Çıxarışı olan evlər qanunsuz məhkəmə qərarı ilə vətəndaşın əlindən alınır. Biz Ali Məhkəmə də daxil olmaqla bir neçə məhkəməyə müraciət etsək də, Vasif Talıbovun adı gələndə hamısı kənara çəkilib. Mən yazıçıyam, 13-14 kitabım çap olunub, Prezident mükafatçısıyam. Biz bununla bağlı mübarizəmizi davam etdirəcəyik və inanırıq ki, evlərimiz bizə qaytarılacaq”.

Redaksiyamıza zəng edən, qeyd olunan problemlə bağlı zərərçəkən oxucularımız da vaxtilə V.Talıbovun qanunsuz göstərişlərinə tabe olan, ayrı-ayrı vətəndaşların haqqında ədalətsiz qərar çıxaran hakimlərin nə vaxt cəzalandırılacağı ilə maraqlanırlar.

Məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Naxçıvan Muxtar Respublikasında rəsmi, mötəbər dövlət orqanları tərəfindən tam yoxlamalar aparılmadan hər hansı dövlət qurumunda vəziyyətin necə olduğu barədə konkret fikir söyləmək və nəticəyə gəlmək çətindir:

“27 il ərzində həm Azərbaycan xalqından, həm Azərbaycan mərkəzi dövlətçiliyindən, həm də Naxçıvan ictimaiyyətindən uzaq düşmüş, əyalətdə özünü ağa kimi aparan bir rejim formalaşıb. Belə rejimin mövcud olduğu şəraitdə hər hansı dövlət orqanının hansısa məsuliyyətlərdən və ya qanunsuzluqlardan sığorta olunduğunu söyləmək mümkünsüzdür. Burada ancaq müəyyən fərdlərlə bağlı istisnalar ola bilər. Əgər hakimlər, məhkəmə işçilərinin müstəqil və qanunçuluğa uyğun bir iradə ortaya qoya biləcəkləri inandırıcı görünmür. Ona görə Muxtar Respublikanın bu 27 ildəki mənzərəsini tam ortaya çıxarmaq üçün bütün qurumlarda bu və ya digər yoxlamaların aparılması pis olmazdı”.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə deyib ki, Naxçıvan Ali Məhkəməsi apellyasiya instansiyası rolunu oynayır, kassasiya instansiyası isə Azərbaycan Ali Məhkəməsidir:

“İstisna deyil ki, o qədər qanunsuzluqlar olan bir yerdə yəqin ki, məhkəmənin də hansısa səhvləri var. Vətəndaşa prosessual normalar çərçivəsində təkrar müraciət etmək hüququ yaradılmalı, Prokurorluğa şikayət edilməlidir. Lakin bu qərarların düzgün olub-olmamasını yalnız həmin məhkəmə aktlarını oxuyandan sonra müəyyən etmək olar”.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Sözügedən qanunsuz əməllərdə iştirak edən hakimlərin adlarını da mümkün olduqca araşdırıb yazmağa çalışacağıq.

Tacxeber.com

Oxşar xəbərlər