• 20 Sentyabr 2024 09:52

Orqanizmin normal fəaliyyəti üçün çox önəmli olan orqanlardan biri də dalaqdır.

Orqanizmin normal fəaliyyəti üçün çox önəmli olan orqanlardan biri də dalaqdır.

Qarın boşluğunda, sol tərəfdə, mədənin arxasında yerləşən bu orqan zəifləmiş qan hüceyrələrini yox edib, yerinə təzə qırmızı qan hüceyrələri istehsal edir və immunitetin güclənməsinə təsir göstərir.

Dalaq xəstələnəndə bədəndə bir sıra problemlər baş verir. Belə ki, qansızlıq, halsızlıq, həddindən artıq tərləmə, qarında şişlik, tez yorulmaq, nəfəs almaqda çətinlik çəkmək, sol tərəfdə alt qabırğanın altında hiss edilən ağrı dalaqda problem olduğunu göstərən əlamətlərdir:

“Dalaq insan orqanizmində olan ən sirli orqanlardan biridir. Bu vaxtacan dalağın orqanizmdə olan funksiyaları sona kimi araşdırılmayıb. Dalaq qarın boşluğunun sol tərəfində, 9-11-ci qabırğalar səviyyəsində yerləşir. Normada böyüklərdə dalağın uzunluğu 11-12, eni 6-8 sm, çəkisi 200-300 qr olur. İnsan yaşlaşdıqca dalağın ölçüləri kiçilir. Müxtəlif xəstəliklər və pozulmalar nəticəsində dalağın ölçüləri böyüyə bilər.

Qara ciyərdə olduğu kimi, dalağın da ağrı reseptorları yoxdur. Məhz bu səbəbdən dalaqda olan pozulmalar bir çox hallarda təsadüfən USM zamanı təyin edilir. Bəzi infeksion xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər və sair səbəblərə görə dalaq böyüyə bilər. Buna “splenomeqaliya” deyilir. Böyümüş dalaq öz kapsulunu dartmağa başlayır ki, bunun nəticəsində bu nahiyyədə ağrılar əmələ gəlir. Əvvəllər dalağı endokrin, hətta həzm sistemlərinə aid edirdilər. Hal hazırda belə hesab olunur ki, dalaq immun sisteminin orqanıdır. Dalaqda bəzi immun sisteminin hüceyrələri, immunoqlobulinlər hazırlanır. Dalaq orqanizmdə filtr funksiyanı yerinə yetirir. Dalaqdan keçən qan əsaslı şəkildə viruslar, bakteriyalar, infeksiyalardan təmizlənir. Bundan əlavə dalaq orqanizmin mutasiyaya uğramış hüceyrələri də tutmaq və zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bu isə orqanizmi onkoloji xəstəliklərin inkişafından qoruyur. Nəzərinizə çatdırım ki, hər gün insan orqanizmində çoxlu miqdarda belə mutant-hüceyrələr yaranır ki, bu hüceyrələr məhv olunmazsa, insanda xərçəng xəstəliyi inkişaf edə bilər. Məhz bu səbəbdən immun sisteminin zəifləməsi xərçəng xəstəliklərinin əsas risk faktoru sayılır”.

Dalağın xəstəliyi zamanı tərkibində bol miqdarda A vitamini, dəmir, yod olan qidalar qəbul etmək lazımdır. Tərəvəz və meyvələr, xüsusilə də noxud, paxla, lobya kimi qidalar dalağın təmizlənməsinə kömək edir. Çalışmaq lazımdır ki, həftəlik qida rasionunuzda kərəviz, kök, üzüm, ərik, əncir, xiyar, təzə qoz, badam, kələm, şüyüd, cəfəri, və kişmiş, doşab kimi qidalar olsun.

 

Dalaq absesi haqqında:

Dalaq absesi dalaqda ətraf toxumadan membranla ayrılan irinli eksudatın toplanmasıdır.

“Xəstəlik artan zəiflik, hərarət, ürəkbulanma və qusma ilə xarakterizə olunur. Ağrı sağ qabırğaaltı nahiyədə lokalizasiya olunur və bədənin sağ tərəfinə irradasiya edir, tənəffüs zamanı güclənir. Diaqnostika cərrahi müayinə, dalağın USM-i və ya KT-i, qarın boşluğunun ümumi rentgenoqrafiyası, qan analizindən ibarətdir. Abses təcili cərrahi patologiyalara aiddir, dezintoksikasion və antibakterial müalicə fonunda təcili operativ müdaxilə tələb edir. İrinliyin dəridən drenajı və ya dalağın ocaqla birlikdə kənarlaşdırılması həyata keçirilir.

Dalağın absesi irinli möhtəviyyatla dolu izolə edilmiş boşluqdur. Abdominal cərrahiyyədə müstəqil patologiya kimi 0,5-1% hallarda rastlanır. Xəstəlik daha çox ikincili – dalağın hematoması və infartı, infeksiyanın başqa orqanlardan qan vasitəsilə gətirilməsi nəticəsində inkişaf edir. Tək abseslər giqant ölçülərə çata, 3-5 litr möhtəviyyata malik ola bilər. Dalaqda çoxsaylı irinliklər çoxkameralı quruluşa malik olur, kiçik ölçüləri ilə fərqlənir, lakin birləşərək vahid irinlik yaratmağa meyillidir. Abseslər dalağın bir kənarında yerləşə və ya orqanı tamamilə tuta bilər”.

Dalaqda irinliyin əmələ gəlməsinə gətirib çıxaran əsas səbəblər infeksion xəstəliklər, dalaq travmaları, başqa ocaqlardan irinli infeksiyanın yayılması, Dalağın exinokokkozu, dalaq infaktıdır:

“Mikrob törədiciləri dalağı əksər hallarda qanla, nadir hallarda orqanın birbaşa yaralanması və kontakt yolla yoluxdurur. Törədicilər və ya irinli emboliya sinusoid kapilyarlarda çökür, burada çoxalaraq iltihabi infiltratın əmələ gəlməsinə və nekrozun inkişafına səbəb olur. İltihab ocağının irinləməsi nəticəsində içərisi üfunətli, şokolad rəngli və ya “ət suyu” şəkilli irinlə və dalaq toxuması sekvestrləri ilə dolu abses boşluğu formalaşır. Boşluqlar müxtəlif ölçülü, quruluşlu və lokalizasiyalı ola bilər. İrinlik yuxarı kənarında yerləşdikdə plevra reaksiyaları: döş qəfəsinin sol tərəfində ağrılar, reaktiv plevrit qeyd olunur. Aşağı kənarda lokalizasiya olunmuş abses sol qabırğaaltı nahiyədə ağrıya və qarın əzələlərinin gərginliyinə səbəb olur.

Qeyd edək ki, dalaq absesinin bir neçə simptomları var. Klinik mənzərə dəyişkəndir, zədələnmənin miqyasından və irin ocağının lokalizasiyasından asılıdır. Patoloji proses aydın nəzərə çarpan xarakterə və sürətli inkişafa malik ola bilər. Bu zaman xəstəlik güclü zəiflik, bədən temperaturunun 39-40° С-ə qədər yüksəlməsi, titrəmə, başgicəllənmə ilə xarakterizə olunur. Dispepsiya əlamətləri, yəni ürəkbulanma, qusma, diareya meydana çıxır. Müxtəlif intensivlikli ağrılar sol qabırğaaltı nahiyədə meydana çıxır və sol kürəyə, qola, körpücük sümüyünə irradiasiya edir, tənəffüs zamanı güclənir. İrinlik böyük olduqda qarın divarının sol tərəfində qabarıqlq, splenomeqaliya müşahidə oluna bilər. Onu da deyim ki, absesləşmə simptomsuz da gedə və silinmiş klinik mənzərəyə malik ola bilər. İrinliyin qarın boşluğuna açılması peritoneal simptomlarla – adinamiya, soyuq tər, akrosianoz, qarın divarı əzələlərinin defansı ilə müşayiət olunur”.

Dalaq absesinin müalicəsi abdominal cərrah tərəfindən aparılır. Cərrahi müalicənin taktikası irin ocağının lokalizasiyasından, ağırlaşmaların olub-olmamasından və pasientin vəziyyətindən asılıdır:

“Ümumiyyətlə, xəstəliyin proqnozu absesin ölçülərindən və ağırlaşmaların olub-olmasından asılıdır. Cərrahi əməliyyatın icra olunduqda və peşəkar postoperativ gedişat zamanı xəstəliyin proqnozu kafidir. Xəstələr artıq ikinci aydan etibarən vərdiş etdikləri həyat tərzinə qayıda bilərlər. İrinliyin parçalanması, peritonit və bakteriemiyanın inkişafı vəziyyətin kəskin pisləşməsinə, hətta komaya qədər gətirib çıxara bilər. Vaxtında müalicə olunmadıqda 100% hallarda letal sonlanmaya gətirib çıxarır. Dalaq absesinin profilaktikası irinliyin formalaşmasına patogenetik və morfoloji əsas olan xəstəliklərin vaxtında diaqnostikasına yönəlmişdir. Xəstələr xəstəliyin simptomlarını inkar etməməli, onlar yarandıqda vaxtında həkimə müraciət etməlidirlər”.

Tacxeber.com

Oxşar xəbərlər