• 23 Noyabr 2024 05:16

Bir cəhənnəmdən digər cəhənnəmə düşən qadınlıq faciəsi… – Hacı Şahin yazır

 

Son illər kinematoqrafiyanın əsas tendensiyalarından biri nağıllardakı mənfi qəhrəmanlar barədə müstəqil filmlərin çəkilməsidir. Şər qüvvələrin təcəssümü olan ifritələr, cadugərlər və digər obrazlar müsbət qəhrəmanların yaratdığı şəraitin qurbanı kimi təqdim olunur. 

Hesab olunur ki, şərin qarşısını almaq üçün xeyir və şərə münasibət dəyişməlidir. Ənənəvi olaraq xeyir, cəmiyyətdə oturuşmuş normalara uyğun, şər isə həmin normalara zidd davranış kimi başa düşülüb.

Müasir gənc də tam yeni bir gələcək qurmaq istəyir deyə, normalara uyğunlaşmaq onun üçün yolverilməzdir. O, bütün stereotip və zehniyyətləri dağıtmaq, azad və müstəqil şəxsiyyət olmaq istəyir. Ona görə də, xeyir və şər, düz və səhv barədə yeridilən klişeləri qəbul etmir.

Kinematoqrafçılar da yeni nəslin nəbzini tutaraq, mənfi qəhrəmanları müsbət, müsbət qəhrəmanları mənfi yöndən təqdim etməyə başlayıb. Şahzadənin xoşbəxt evliliklə bitən uzun-uzadı macəralarındansa, ifritənin onu ifritə edən sistemi dağıtması daha cəlbedici və maraqlı görsənir. Amma burada ritorik sual yaranır: ifritələrin qurduğu sistem qadına qadınlığını qaytara bilərmi? Bəlkə də, şüuraltıda anlayırıq ki, bütün bəlaların kökü qadınlığın həyatımızdan qərib düşməsindədir. Ona görə də, sənətdə  məhz qadın obrazına bu qədər önəm verilir.

Üzə çıxmaq, öz yerini tutmaq istəyən qadınlığın səyləri sərt təpki görür deyə, “ifritəlik kultu” meydana gəlir. Küskün, kinli, paxıl, həris, hikkəli, hökmran olmaq istəyən və zahiri görkəminə fokuslanmış “ifritələrin” kultu. Bir cəhənnəmdən digər cəhənnəmə düşən qadınlıq faciəsi. Məcburiyyətdən edilən seçimin ən bariz örnəyidir bu.

Bütün qəlibləri qıraraq azad olmaq istəyi gənc bir insanın fitrətindən qaynaqlanır. Bu istək qız və oğlanda fərqli təzahür edə bilər, amma qaynaq eynidir. Bununla belə, qızların üsyankarlığı nədənsə oğlanların üsyankarlığından daha çətin həzm olunur.

Ola bilər yaşlı nəsil üçün qızların azadlıqsevərliyi və bundan qaynaqlanan davranışı daha ehtiyatsız, bəzən isə vulqar görünsün. Ola bilər təcrübənin azlığı onların bu fitri istəyini uçuruma istiqamətləndirsin. Amma, qızların məhz bu arzusu sayəsində bəşəriyyətin daha gözəl bir gələcək qurması da mümkündür. Ona görə də, qızların azadlıq sevgisini və oturuşmuş normalara üsyanını boğmaq deyil, istiqamətləndirmək lazımdır.

Cəmiyyətdə oturuşmuş institutları dağıtmaq asandır, yenilərini qurmaq isə zaman tələb edən çətin bir prosesdir. Ən qorxulu olanı isə dağılma və qurulma arasında yaşayan insanların itirilmiş nəslə çevirilməsidir. Daim tərəddüd, qərarsızlıq, qorxu içində yaşayan, insanlığından ləzzət ala bilməyən və azadlığının məsuliyyətini dərk etməyən bir nəslə. Məhz bu səbəbdən yeniliyin konflikt və inkardan deyil, əməkdaşlıqdan yarana bilmə ehtimalını nəzərdən keçirməliyik.

Onsuz da bəşəriyyət yaşlı-gənc, qadın-kişi, təbiət-mədəniyyət, yer-göy oppozisiyaları arasında mübarizənin nəticəsini əsrlərlə təcrübə edir. Bu konfliktlər arasında əməkdaşlığı təcrübədən keçirmək gərəkdir. Bunun üçün də kifayət qədər resurslarımız var, sadəcə onları işə salmaq tələb olunur.

Qurani-Kərimin irəli sürdüyü tarix konsepsiyası proqressivdir. Yəni, tarix bəşəriyyətin maddi və mənəvi təkamülü kimi tədqim olunur. Amma sonu bəlli olan bu prosesin sürəti, ağrılı və ya ağrısız olması insanın əlindədir. Azad seçim tarixi prosesin istiqamətini dəyişə bilməz, onu ləngidə və ya sürətləndirə bilər. Gələcəkdə (axirətdə) yox, məhz indi insanlığından ləzzət alaraq yaşamaq, itirilmiş nəslə çevirilməmək insanın öz əlindədir.

Bu, Allahın insana verdiyi azadlıqdır. (Quranın təhdid kimi başa düşülən ayələri də, əslində seçim qarşısında duran azad insana xəbərdarlıqdır. Azad seçimin məsuliyyəti üzərində düşünməyə çağırışdır). Peyğəmbərimiz ilk müsəlmanlarla birlikdə Məkkədə amansız təqiblərə məruz qaldığı bir zaman Bəni Amir qəbiləsinin rəisi ona siyasi dividentlər müqabilində dəstək təklif edir. Peyğəmbər bu təklifi qəbul edə, İslamın yayılmasına rəvac verə, hətta mənsub olduğu Bəni Haşim və digər qohum qəbilələrin əli ilə Bəni Amiri zərərsizləşdirə bilərdi. Amma peyğəmbər, cəmiyyət azad şəkildə dəyişiklik istəməyənə qədər təqiblər içində yaşamağı seçdi. Əlacsızlıqdan Allaha inanmaq, Allaha inanmamağa bərabərdir.

Qorxu, həyəcan, şirniklənmə və ya alternativsizlik üzündən verilən qərar azad seçim ola bilməz. İlahi övliyalar insanların azad seçimini təmin etməli, cəmiyyət azad seçim üçün yetkinləşməyibsə, onların yetkinləşməsi üçün canını belə qurban verməlidir. Sıradan bir inqilabçı üçün dağılıb-qurulma nəticəsində yaranan itirilmiş nəsil “inkişafın” yan təsiridirsə, ilahi övliya üçün qəbul olunmaz insan faciəsi.

Sıradan bir inqilabçı üçün ictimai-siyasi dəyişiklik dəyərdirsə, ilahi övliya üçün insan şəxsiyyəti. Ona görə də, inqilablar öz övladlarını udur və köhnə qaydaları yeni formada dirildir. Qadınlığın müasir dünyadakı vəziyyəti bunun bariz nümunəsidir. Amma övliyalar…

Peyğəmbər məktəbinin son elementi qadın qəhrəman olmalı idi. Qadın hüquqularını təmin etmək az idi, qadınlıq örnəyi gərək idi. Peyğəmbərin yetişdirdiyi Fatimə örnəyi. Cahiliyyət sisteminin təsirlərindən, əsrlərlə formalaşmış zehniyyətdən, inancla belə aradan getməyən stereotiplərdən azad şəraitdə formalaşmış Fatimə. Ona görə, Fatimə tarix meydanına daxil olanda qadınlığın hər üzünü nümayiş etdirdi. Həm idarə edən, həm tabe olan, həm ana, həm övlad, həm ictimai xadim, həm ailə ocağını qoruyan, bir sözlə bütün təzadları qadınlığa xas şəkildə bir araya gətirdi. Dağıtmadan yaratdı, xeyir və şərə yeni baxış bucağı verdi,  zehniyyətə oturuşmuş “dəyərlərə” uyğunlaşmadı və yeni gələcəyin qurulması üçün fədakarlıq etdi.

Bu gün, ən müasir cəmiyyətdə atanın qızının ayağına durması nonsens sayılırsa, Peyğəmbər orta əsr ərəb cəmiyyətində hər dəfə qızının ayağına dururdu. Bu, bir peyğəmbərin, bir liderin, bir kişinin qadına verdiyi dəyər deyil, kişiliyin qadınlığa münasibətinin nümunəsi idi. Kişi-qadın, yaşlı-gənc və digər oppozisiyaların qarşılıqlı əməkdaşlıq nümunəsi. Dialektika ilə metafizika arasında çırpınan bəşəriyyət üçün yeganə çıxış yolu budur.

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli

Qafqazinfo

Tacxeber.com

Oxşar xəbərlər