• 23 Noyabr 2024 04:57

Naibə Allahverdiya Xalq artistlərinin təqaüdünün artımından danışdı: “Müğənnilər kimi toydan milyonlarla pul qazanmırıq ki…”

 

Xalq artisti Naibə Allahverdiyeva Prezident İlham Əliyevin Sərəncamı ilə xalq artistlərinə verilən təqaüdün artırılmasına münasibət bildirib.

N.Allahverdiyeva Pravda.az-a müsahibəsində dövlət başçısına təşəkkür edib.

“Təbii ki, hamımız üçün sevindirici bir haldır. Buna görə cənab Prezidentə təşəkkür edirəm. Allah ona cansağlığı versin”, – Xalq artisti deyib.

N.Allahverdiyeva “incəsənət adamlarının təqaüdə ehtiyacları yoxdur, onlara verilən məbləğ “uşaqpulu”na yönəldilsin” deyənlərə isə belə cavab verib: “Niyə ehtiyacımız yoxdur? Bu saat hər kəsin ehtiyacı var. Düzgün söhbət deyil. Bu məsələnin xalq artistlərinin təqaüdlərinin artırılmasına nə dəxli var ki? Niyə belə yanaşırlar? Sözün açığı, belə şeylər mənə pis təsir edir. Aqressiv münasibət lazım deyil. Təki “uşaqpulu” da verilsin. Getdikcə hər şey yaxşı olacaq. Düşünürəm, “uşaqpulu” da veriləcək.  Təbii ki, verilməlidir. Hər birimiz bunu istəyirik. Verilsə, biz də sevinərik, lap gözəl. Mənim olmasa da, başqa incəsənət adamlarının nəvələri var. Biz də insanıq, biz də bu cəmiyyətdə yaşayırıq. Necə ki bahalaşma başqa insanlar üçün çətindir, bizim üçün də çətindir. Təqaüdlərdə o qədər böyük artım olmayıb ki. Biz də başqa insanlar kimi mağazaya gedirik, çörək, yemək yeyirik, bizim də övladlarımız, problemlərimiz var. Biz də işıq, qaz pulu ödəyirik. Məgər biz ödəmirik? Bəzən elə danışırlar ki… Biz nə başqa ölkənin vətəndaşı deyilik, nə də başqa planetdən gəlməmişik. Bu xalqın bir nümayəndəsiyik. Bəzi insanların belə aqressiyasını, vallah, hərdən anlamıram. Necə ki mənim qonşuma bahalaşma çətindir, eynilə mənə də çətindir. Əksinə, başqalarında maaş qalxanda biz sevinirik. Niyə söhbət məhz incəsənət adamlarına gələndə belə reaksiya verirlər? Biz də maaşla dolanan adamlarıq. Bəzən müğənnilərlə bizi səhv salırlar. Müğənnilər kimi hər gün toya gedib milyonlarla pul qazanmırıq ki… Teatrda işləyirik, xidmətimiz ordadır. Başqaları kimi biz də müəyyən maaşa qulluq edirik”.

Tacxeber.com

Oxşar xəbərlər