• 23 Noyabr 2024 05:23

Arxa oturacaqda təhlükəsizlik kəməri olmasa… – VİDEO

Arxa oturacaqda təhlükəsizlik kəməri olmasa... - VİDEO

Paytaxtda Yeni ilin ilk günündə 5 nəfərin ölümünə səbəb olan qəzanın görüntüləri çoxlarına tanışdır. Sanki terror hücumundakı kimi meyitlər yerə səpələnib. Avtomobil isə parça-parça olub. Ağır mənzərədir, videonu burda təkrarən yaymaq da yersizdir.
Lakin mənim diqqətimi başqa məqam çəkdi. Priusun arxa oturacağındakı sərnişin zərbənin gücündən oturacağın üstündən adlayaraq alın şüşəsinə çırpılmışdı. Bəs bu necə olur?
Əvvəla, onu deyək ki, qəzaya düşən nəqliyyat vasitələri köhnə olsa da, hər ikisi etibarlı konstruksiyaya malik, təhlükəsiz avtomobillərdir. Bu qəzya görə nə Toyota, nə də Mercedes şirkətlərinə irad səsləndirmək doğru olmaz. Lakin ən təhlükəsiz texnika belə, insan amili əlində acizdir.

Bəs Priusun arxa oturacağındakı sərnişinin alın şüşəsinə çırpılmasına səbəb nə idi?
Avtomobilin arxa oturacaqlarındakı təhülkəsizlik kəmərlərinin həyati əhəmiyyəti ABŞ və Avropada kraş testlər zamanı ortaya çıxıb. Məlum olub ki, 60 km/saat sürətlə frontal toqquşma zamanı kəmər arxa oturacaqdakı sərnişini tam qoruyur. Eyni sürətlə toqquşma zamanı arxa oturacaqdakı sərnişin həm özünə, həm də digərlərinə risk mənbəyidir. 70 km/saat sürətlə toqquşma zamanı 60 kiloqramlıq sərnişin qabaq oturacağa 1,8 ton zərbə ilə çırpılır. Bu zaman sürücü və qabaqdakı sərnişin üçün ölüm və ya ömürlük şikəstlik qaçınılmazdır. Üstəgəl arxadakı kəmərini istifadə etməyən sərnişin qəza zamanı alın şüşəsindən, arxa şüşədən və ya pəncərədən yerə düşə bilər. Təəssüf ki, bunun canlı nümunəsini Bakıdakı sözügedən qəzada gördük. Tam əminliklə deyə bilərik ki, bu qəzada sürücü və sərnişinlər kəmərdən istifadə etsəydilər faciənin miqyası daha kiçik olardı.
Avropa ölkələrində 1990-cı ildən etibarən arxa oturacaqdakı sərnişin üçün də kəmərdən istifadə məcburidir. Bizdə isə bu qayda 2000-ci illərdən tətbiq olunur. Lakin görünən budur ki, əhalimiz təhlükəsizlik kəmərinə hələ də etinasız yanaşır. Sovet dövründən qalma ənənə olaraq arxa oturacaqlardakı kəmərlər sökülüb çıxarılır. Qabaqda isə yalnız cərimə qorxusu ilə sürücülər bu vacib elementdən istifadə edir.

Arxa oturacaqdakı sərnişinlərin kəmərdən istifadə etməsini yoxlamaq hər bir ölkədə çətindir. Lakin qabaq oturacaqdakı sərnişinlərə təhlükəsizlik kameraları ilə nəzarət mümkündür.

Bir çox sürücüdə özünə və texnikaya ifrat arxayınlıq da ağır qəzaların yaranmasına səbəb olur. Xalq arasında geniş yayılmış “Mercedeslə istənilən situasiyadan çıxmaq mümkündür” və ya “Prius daşdöyən maşındır” ifadələri heç də hər zaman özünü doğrultmur. (Avtosfer.az)

Tacxeber.com

Oxşar xəbərlər