• 23 Noyabr 2024 05:25

“Siyasətçi yox, siyasi şoumendir” – Pənahlının başı üstə durmasına sərt reaksiyalar

Hər kəs öz bildiyi kimi hərəkət edir. Çünki hərənin öz stili var. Vladimir Jirinovski də rus siyasi səhnəsində bu cür davranışlar edib. Amma bu o demək deyil ki, siyasətdə bir etalon var və hamı da buna uyğun davranmalıdır. Burada sadəcə olaraq publikanı öz tərəfinə çəkmək, tərəfdarlarının gözündə daha da yüksəlmək üçün edilən bir jest mövcuddur. Görünür, onun tərəfdarları bu yolu bəyənənlərdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında siyasətçi Nemət Pənahlının “Yeni Müsavat”ın efirində başı üstə dayanmasını şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O hesab edir ki, siyasətçinin bu tərzdə dayanmasında əslində bir qüsur yoxdur: “İndi deyirlər ki, vaxtilə meydan hərəkatında Pənahlının bir sözü ilə böyük bir kütlə oturub-dururdu. Əslində bu belə deyildi. Orada deyilirdi ki, oturmayan ermənidir. Hamı da otururdu. Çünki orada bu, bir söyüş kimi qəbul edilirdi deyə hamı bunu edirdi”.

Partiya sədrinə görə, Pənahlının uzun müddət bu vəziyyətdə, yəni başıaşağı dayanması meditasiya ilə bağlıdır: “Çünki Nemətin özü də açıqlayıb ki, o, uzun müddətdir yoqa, meditasiya ilə məşğul olur. Bu da yoqa hərəkətlərindən biridir. Yoqa ilə məşğul olan adamlar saatlarla bir barmaqlarının üzərində dayana bilir. Görünür, Nemət də bu yoqa hərəkətlərinə özünü uyğunlaşdırıb. Əslində normal adam bu vəziyyətdə çox qalacağı tərzdə orqanizmdə qan mexaniki olaraq başa daha çox axmağa başlayır. Qan təzyiqi, beyin damarlarında müəyyən problemi olan adamlar bu vəziyyətdə duracaqları tərzdə onların beyninə qan sıza bilər. Orta əsrlərdə cəza olaraq insanları ayaqlarından asırdılar. Sonradan onların burnundan qan axırdı. Ona görə də, bu, təhlükəli bir duruşdur. Allah insanı başını yuxarıda, ayaqlarını aşağıda yaradıb. Bu, normal vəziyyətdir. Nemətin durduğu vəziyyət isə anormaldır. Amma bütün hallarda bu, vərdişlə bağlıdır”.

“Nemətin hərəkəti 60 yaşlı bir müsəlmana uyğun olmayan davranışdır”

Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, siyasətçi Nemət Pənahlının davranışları məhz şou ilə bağlıdır:

“Çünki Pənahlı siyasətçi yox, siyasi şoumendir. Onun Azərbaycanın siyasi səhnəsində hansı rolu oynaması da o qədər önəmli deyil. Amma fakt odur ki, adam hər dəfə özünü batırır. 88-ci il hadisələrində Azərbaycan xalqının başına açılan oyunlarda iştirak etməklə bərabər, indi də özünü ifşa edir. O, indi bütün məsələlərə müdaxilə edir və özünü Azərbyacanda siyasi cəhətdən ekstrasens kimi görür. Guya ölkənin siyasi elitasını bu adam formalaşdırıb. Bütün bunlar onu deməyə əsas verir ki, bu adam siyasi marazmatikdir”.

Onun fikrincə, Nemətin hərəkəti 60 yaşlı bir müsəlmana uyğun olmayan bir davranışdır: “O həmçinin bu müddət şeir yazdı və bir çox şeylər etdiyini dedi. Siyasətçi, dahi olmağa çalışdı. Amma bədbəxt insan heç birindən olmadı. Çox təəssüf ki, Pənahlı Azərbaycan Milli Azadlıq Hərəkatının adına daha bir ziyan vurdu. Əgər bir xanım aparıcı siyasətçini baş-ayaq qoya bilirsə, onun ailə sirlərini açıb efirdə dedizdirirsə, ondan nə siyasətçi olar? Çünki Nemət heç vaxt siyasətçi olmayıb. O, həmişə siyasi şou ilə məşğul olub. İndi də o öz şakərindən əl çəkmir”.

Tacxeber.com

Oxşar xəbərlər