• 23 Noyabr 2024 07:51

Cəmil Məmmədli sərbəst buraxıldı

 

Yanvarın 18-də Xaçmaz rayonunda (Bakıdan 168 kilometr şimal) çalışan jurnalist-frilanser Cəmil Məmmədli Xaçmaz rayon Polis Şöbəsi tərəfindən saxlanılıb, başqa yerə getməmək barədə iltizam alındıqdan sonra polis nəzarətinə verilib. Onunla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, jurnalist Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) qaldırlmış cinayət işi üzrə saxlanılıb.

Məmmədlinin dövlət tərəfindən təyin edilmiş vəkili Şahin Mütəllimov Amerikanın Səsinə jurnalistin saxlanıldığını təsdiq edib.

“Məmmədli polis şöbəsində istintaqa ifadə verib. O Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məmmədli polisin nəzarətinə verilib”, vəkil qeyd edib.

Cəmil Məmmədli Amerikanın Səsinə müsahibəsində deyib ki, istintaqda onu sual-cavab ediblər və təqsirləndirlən şəxs qismində cəlb olunmaqla istintaq davam etdiriləcək.

“Hazırda polis nəzarətinə verilmişəm. Başqa yerə getməmək barədə iltizam alıblar”.

Onun sözlərinə görə, cinayət işinin qaldırılmasına ötən il dekabrın 15-də Xaçmaz şəhərində Məmmədlinin olduğu avtomobilin digər avtomobillə toqquşması səbəb olub.

“Hadisəni polisin özü videoya çəkib. Orada da var ki, mən avtomobili vuran şəxsə demişəm ki, hadisədi olub, çıxıb gedin. Videoda da görünür ki, ilk hücumu edən də odur, bizi vuran da odur. Amma burada bizi ittiham edirlər ki, guya biz qəsdən dava etmişik, qabağını kəsmişik, heç bir motivsiz onları döymüşük və yola salmışıq. Bunu heç dəli də etməz. İndi istintaq gedir, görək nə müəyyənləşdirəcəklər?” o qeyd edib.

Jurnalist deyib ki, ona qarşı 2022-ci ilin martından başlayaraq çoxsaylı ittihamlar irəli sürülüb.

“Məni son 6 ayda iki-üç dəfə tutublar, təqsirləndirməyə çatanda buraxıblar. İki dəfə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmuşam. Düzdür, saxlanıldığım zaman hər hansı qeyri-insani rəftara məruz qalmamışam. Üzümə bir nəfəri qoydular ki, guya icra hakimiyyəti başçısından 30 min manat pul tələb etmişəm, digərindən 3500 manat almışam. Amma bu ittihamlar sübut olunmur axı. Bunların hamısından qurtara-qurtara gəldik, indi də bu davaya düşdük. İndi videonu qoyublar ki, guya dava etmişik”, Məmmədli deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, Məmmədli Cəmil 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İttiham sübut olunarsa, Cəmil Məmmədlini üç ilədək həbs gözləyir.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq Radiosunun bölgə müxbiri olub.

Bundan öncə, 2022-ci il martın 4-də Xaçmaz rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini Quba rayon İira hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə 1 il 6 ay islah işlərinə məhkum edib. Məhkəmənin hökmünə görə, jurnalistin qazancının 20 faizi dövlətin nəfinə tutulmalıdır. İcra hakimiyyəti başçısı jurnalistin böhtan və təhqirə görə, azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Şikayət Cəmil Məmmədlinin müəllifi olduğu “Qədim Qubanın müasir günü”, “Yolçunun fayton fırıldağı” adlı araşdırma videoları ilə bağlı olub.

Vəkil Nemət Kərimli bildirib ki, jurnalist böhtan və təhqirdə təqsirli bilinsə də, əslində, belə əməllərə yol verməyib.

Tacxeber.com

Oxşar xəbərlər