• 20 Sentyabr 2024 01:34

Yeni dünya müharibəsinin qarşısını necə ala bilərik? – Henri Kissinger

 

Mətbuat açıqlamalarında Rusiya-Ukrayna müharibəsinin bir an öncə dayandırılmasının zəruriliyini vurğulayan ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinger qələmə aldığı son məqaləsində öz narahatlığını iki arqumentlə əsaslandırıb:   

1. “Rusiyanın parçalanması və ya strateji siyasət qurma qabiliyyətinin məhv edilməsi onun 11 müxtəlif zaman dilimi əhatə edən nəhəng ərazisini şübhəli vakuuma çevirə bilər”;

2. Müharibənin insan iradəsindən uzaqlaşıb yeni yaranmaqda olan yüksək texnologiyalı süni intellektlərin savaşına çevrilməsi ehtimalı.

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissingerin bir çoxlarımıza komple nəzəriyyəsi kimi görünən məqaləsini Ovqat.com oxucularına təqdim edirik.

Birinci Dünya Müharibəsi Avropanı dəyərlərindən və ləyaqətindən məhrum edən mədəni intihar idi. Əgər Avropada söz sahibi olan liderlər, tarixçi Kristofer Klarkın təbirincə desək, müharibənin 1918-ci ildə bitəcəyini proqnozlaşdırsaydılar, heç vaxt bu işə qarışmazdılar. Amma onlar yuxuya gedən kimi heç bir uzaqgörənlik etmədən yavaş-yavaş bu savaşa doğru addımlayırdılar. Nəticədə, 1914-cü ildə Avstriya vəliəhdinin Bosniyanın paytaxtı Sarayevoda bir serb millətçisi tərəfindən öldürülməsi Almaniyanın neytral Belçikaya hücum edərək Fransanı məğlub etmək üçün çox məqsədli planını həyata keçirməsi ilə başlayan ümumi müharibəyə çevrilməsinə icazə verildi. Və nəticə – Avropanın sonu…

Sahib olduqları texnologiyaların hərbi və silahlı qüvvələrini necə inkişaf etdirdiyinin fərqində olmayan Avropa dövlətləri bir-birlərini görünməmiş şəkildə məhv etməyə başladılar. 1916-cı ilin avqustunda iki il davam edən müharibədən və milyonlarla insan itkisindən sonra müharibədən əziyyət çəkən Qərb ölkələri (İngiltərə, Fransa və Almaniya) qırğına son qoymaq imkanlarını nəzərdən keçirməyə başladılar. Şərqdə isə rəqib olan Avstriya və Rusiya öz təsir dairələrini genişləndirdilər.

Müharibə zamanı edilən qurbanların əvəzini heç bir ağlasığmaz güzəştin ödəyə bilmədiyi və heç bir ölkə zəiflik əlamətləri göstərmək istəmədiyi üçün bütün liderlər rəsmi sülh prosesini başlatmaqdan çəkindilər. Buna görə də ABŞ-ın vasitəçiliyinə əl atdılar. Prezident Vudro Vilsonun şəxsi nümayəndəsi polkovnik Edvard Hausun apardığı müşahidələr göstərdi ki, mövcud status-kvo dəyişdirilərsə, sülhə zəmin yarana bilərdi. Bununla belə, Vilson vasitəçilik etməyə hazır olsa da, bu vasitəçilik cəhdləri noyabrda keçiriləcək prezident seçkilərindən sonraya qədər təxirə salındı. Lakin o vaxta qədər İngiltərənin Somme, Almaniyanın Verdun hücumları baş verdi və müharibə itkilərinə daha iki milyon əlavə olundu.

Bu prosesdən sonra Philip Zelikovun mövzu ilə bağlı təbirilə desək, “diplomatiya” anlayışı daha az istifadə olunan bir varianta çevrildi. Böyük Müharibə daha iki il davam etdi və milyonlarla daha qurban verildi, bu da Avropada qurulmuş tarazlığına geridönməz şəkildə zərbə vurdu. Nəticədə Almaniya və Rusiya inqilablarla çalxanlandı, Avstriya-Macarıstan dövləti xəritədən silindi. Fransada qanlar töküldü. İngiltərə gənc nəslinin və iqtisadi imkanlarının əhəmiyyətli bir hissəsini qələbə naminə qurban verdi. Müharibəyə son qoyan Versal cəza müqaviləsi hər şeyi düzəltmək adı ilə bağlansa da, hər şeyi daha kövrək vəziyyətə gətirdi.

 

Maraqlıdır, bu gün dünya Ukraynada müqayisə edilə bilən dönüş nöqtəsindədirmi? Mən dəfələrlə Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün Müttəfiqlərin hərbi səylərini dəstəklədiyimi bildirmişəm. Lakin danışıqlar yolu ilə sülhə nail olmaq üçün artıq edilmiş strateji dəyişikliklər üzərində yeni strukturun qurulmasının vaxtı çatıb.

“Ukrayna ilk dəfə böyük dövlət oldu”

Ukrayna müasir tarixdə ilk dəfə olaraq Mərkəzi Avropanın böyük dövlətinə çevrildi. Ukrayna öz müttəfiqlərinin köməyi və prezident Zelenskinin ilhamı ilə İkinci Dünya Müharibəsindən bəri Avropanı sıxışdıran Rusiyanın adi qüvvələrinin qarşısını aldı. Beynəlxalq sistem Rusiyanın Ukraynaya (və ya hər hansı digər ölkəyə), o cümlədən Çinə qarşı nüvə silahı təhdidinə və ya istifadəsinə qarşıdır.

Bu proses həm də Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələləri müzakirəyə çıxardı. Ukrayna bu prosesə ABŞ və müttəfiqləri tərəfindən təchiz edilmiş Avropanın ən böyük və ən təsirli quru ordularından birini daxil etdi. Sülh prosesi, necə ifadə olunmasından asılı olmayaraq, son nəticədə Ukraynanı tamamilə NATO-ya bağlamalıdır. Neytrallıq alternativinin, xüsusən Finlandiya və İsveçin NATO-ya daxil olmasından sonra mənası qalmayıb. Ona görə də keçən may ayında fevralın 24-də başlayan müharibənin cəbhə boyu atəşkəs xəttinin yaradılmasını tövsiyə etdim: Rusiya oradakı fəthlərindən əl çəkəcək, lakin təxminən on il əvvəl işğal etdiyi əraziləri, o cümlədən Krımı azad edəcəkdi. Təbii ki, bütün bunlar həmin bölgələr atəşkəsdən sonra aparılacaq danışıqların mövzusu ola bilər.

 

Əgər Ukrayna ilə Rusiya arasında müharibədən əvvəlki demarkasiya xəttinə müharibə və ya danışıqlar yolu ilə nail olmaq mümkün deyilsə, öz müqəddəratını təyinetmə prinsipindən istifadə etmək olar. Öz müqəddəratını təyinetmə ilə bağlı beynəlxalq nəzarət altında keçirilən referendumlar əsrlər boyu dəfələrlə əl dəyişdirmiş bölünmüş ərazilərə də şamil edilə bilər.

Belə bir sülh prosesinin iki məqsədi ola bilər: Ukraynanın azadlığını təsdiqləmək və xüsusilə Mərkəzi və Şərqi Avropa üçün yeni beynəlxalq strukturu müəyyənləşdirmək. Nəhayət, Rusiya belə bir nizamla özünə yer tapmalı olacaq.

““Müharibə nəticəsində zəifləmiş Rusiya”

Bəziləri üçün arzuolunan nəticə müharibədən əziyyət çəkən Rusiya faktorunun ortaya çıxışıdır. Mən bu arzu ilə razılaşmıram. Bütün zorakı tendensiyalarına baxmayaraq, Rusiya yarım min ildən artıqdır ki, qlobal tarazlığa və güc balansına həlledici töhfələr verib. Rusiyanın tarixi rolunu təhrif etmək olmaz. Rusiyanın hərbi uğursuzluqları onun qlobal nüvə imkanlarını aradan qaldırmadı və bu, Rusiyaya Ukraynada gərginliyi artırmaqla dünyanı hədələməsinə imkan verdi. Bu imkanlar azalsa belə, Rusiyanın parçalanması və ya strateji siyasət qurma qabiliyyətinin məhv edilməsi onun 11 müxtəlif zaman dilimini əhatə edən nəhəng ərazisini şübhəli vakuuma çevirə bilər. Bu, digər rəqib cəmiyyətlərin öz fikir ayrılıqlarını zorakılıqla həll etmələrinə səbəb ola bilər. Hər bir ölkə öz məqsədlərinə çatmaq üçün güc və zorakılıqdan istifadə etməyi qanuni görməyə başlaya bilər.

 

Dünya liderləri iki nüvə dövlətinin konvansional olaraq silahlı bir dövlət üzərində vuruşduğu müharibəni dayandırmağa çalışarkən, onlar bu münaqişəyə təsirini və yeni yaranan yüksək texnologiyalı süni intellektin uzunmüddətli strategiyasını da nəzərə almalıdırlar. Özlərinə qarşı təhlükələri müəyyən edə, qiymətləndirə və hədəfə ala və beləliklə də öz müharibələrini başlada bilən avtonom silahlar indi müasir dünyada mövcuddur.

Bu sahəyə doğru irəlilədikcə, yüksək texnologiyalar standart silahlara və kompüterlər strategiyanın əsas icraçılarına çevrildikdə, dünya özünü hələ hazırlanmamış konsepsiyanın içərisində çətin bir vəziyyətə salınmış halda görə bilər. Kompüterlər mahiyyət etibarilə proseslərə insan girişini məhdudlaşdıran və təhdid edən şəkildə strateji göstərişlər verdikdə liderlər nəzarəti necə saxlaya bilər? Bu cür ziddiyyətli məlumatların, qavrayışların və dağıdıcı qabiliyyətlərin burulğanının ortasında sivilizasiya necə qorunub saxlanılacaq?

Dünyanın bu yeni vəziyyəti üçün hələ heç bir nəzəriyyə mövcud deyil və bu məsələ ilə bağlı məsləhətləşmə təşəbbüsləri hələ inkişaf etdirilmir. Bəlkə də ona görə ki, təsirli danışıqlar yeni kəşfləri üzə çıxara bilər və bu açıqlamanın özü gələcək üçün risk yaradır. Qabaqcıl texnologiya ilə ona nəzarət etmək üçün strategiyalar konsepsiyası arasındakı uçurumun aradan qaldırılması və hətta onun bütün nəticələrini başa düşmək bu gün iqlim dəyişikliyi qədər mühüm problemdir və onu idarə etmək həm texnoloji biliklərə, həm də tarixi biliklərə malik liderlər tələb edir.

 

Dünyamızın hazırkı vəziyyətinə görə tələb etdiyi sülh və əmin-amanlıq axtarışlarının iki ziddiyyətli komponenti var: təhlükəsizlik elementlərinin axtarışı və razılığa gəlmək təşəbbüslərinin zəruriliyi.

Hər ikisinə çata bilməsək, heç birinə çata bilmərik. Diplomatiya yolu mürəkkəb və məyusedici görünə bilər. Bununla belə, bu yolda hərəkət etmək səyahətə çıxmaq üçün həm vizyon, həm də cəsarət tələb edən bir seçimdir.

Tacxeber.com

 

Oxşar xəbərlər