Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yeni mərhələlərini nəzərdən keçirməyə davam edəcək, baxmayaraq ki, blokda müzakirələr hər dəfə daha da qızışır.
Tacxeber.com “Bloomberg”ə istinadla xəbər verir ki, bunu Avropa Şurasının sədri Şarl Mişel bildirib.
Mişel Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra deyib: “Sanksiyalarla bağlı hər bir müzakirə əvvəlkindən qat-qat çətindir. Mən həmkarlarıma Ukraynanın təkliflərinin nədən ibarət olduğu barədə məlumat verəcəyəm və məsləhətləşəcəyik. Əminəm ki, biz Kremlə təzyiqləri artıra biləcəyik”.
Mişel bildirib ki, ümumilikdə sanksiyalar gücləndirilməli və Rusiyaya qarşı mübarizə üçün “daha çox ölkə cəlb edilməlidir”. O, Aİ ölkələrinin Ukraynaya daha çox tank verməli olduğunu qeyd edib, lakin bu qərarın Almaniya üçün niyə daha çətin olduğunu başa düşdüyünü bildirib. “Düşünürəm ki, Ukraynanı tanklarla təmin etmək lazımdır. Ancaq Almaniyaya da hörmət etmək lazımdır. Bu, asan qərar deyil”.