• 23 Noyabr 2024 06:14

Hansı çayı və nə qədər içək? – Həkim məsləhəti

 

Həkim deyir ki, nə qədər xoşumuza gəlsə də, eyni ədviyyatlı, bitki çayını davamlı istifadə etməmək, fasilə vermək daha yaxşı olar. Çünki bitki çaylarını xeyri ilə yanaşı, ziyanı da ola bilər. Ancaq bəzi çayları gündəlik içə bilərik. 

Çay sevən xalqıq. Qara çay menyumuzdan əskik olmur. Ancaq dəmlədiyimizdə çaya hil, darçın, mixək kimi ədviyyatları, yaxud kəklikotu, nanə, itburnu, lavanda, jasmin və s. kimi bitkiləri əlavə edərək fərqli dadda, qoxuda çay da əldə edirik. Bitkilərin tək öz çayının dəmləməsini də sevənlər var. Bu çayları içərkən, tək dad, qoxu deyil, sağlamlıq üçün faydalarını da nəzərə alırıq. Bəziləri immunitet üçün faydalıdır, bəziləri sakitləşdirici təsiri göstərir, bəziləri təzyiq üçün effektlidir və s. Bu kimi faydalarından dolayı davamlı bu çayları gündəlik istifadə edənlər var. Etmək olarmı? Ümumiyyətlə, bu çaylardan istifadə zamanı diqqət etməli olduğumuz nələrsə varmı?

Tacxeber.com xəbər verir ki, “Kaspi” qəzeti bu suallara cavab axtarmağa çalışıb:

Ya tək, ya da qara çayla…

Həkim-fitoterapevt Elnur Eldaroğlu deyir ki, sağlamlığımız üçün qara çayı azaltmağa, bitki çaylarına üstünlük verməyə çalışmalıyıq: “Qara çay davamlı və çox içildikdə sağlamlığa mənfi təsirləri olur, həm də indiki qara çayların çoxunda rəngləyicilər istifadə edilir. Bu səbəblərdən qara çayı bitki çayları ilə əvəz etməyi məsləhət görərdim. Yaxud insanlar bitki çaylarını qara çayla yanaşı istifadə etməyi sevirlərsə, bu da ola bilər”.

Kim hansı dadı, ətri sevirsə, onlara uyğun bitki, yaxud ədviyyatlı çay istifadə edir. Fitoterapevt bu çaylarla bağlı müəyyən məsələləri nəzərə almağın vacib olduğunu da dedi: “Məsələn, bütün çaylara mixək qarışdırmağa ehtiyac yoxdur. Mixək büzüşdürücü təsir göstərir. Kəklikotu çayını sevənlər bilsinlər ki, bu çay soyuq halda təzyiqi aşağı salır, isti halda artırır. Darçın da kifayət qədər istifadə oluna bilər. Amma darçınlı çayı arıqlamaq, iştahanı kəsmək üçün istifadə edənlər yanıla bilirlər. Şəkərli diabeti olanlar üçün o qədər də məsləhət deyil. Dadverici kimi hildən istifadə etmək olar. Nanəli çay qanı azaldır, təzyiqi aşağı salır deyirlər, həqiqətə uyğun deyil. Amma yemişanlı çay təzyiqi aşağı salır”.

“Günlük istifadəsi 20 qramı keçməməlidir”

Qış aylarında zəncəfilli çay çox istifadə edilir. E.Eldaroğlu deyir ki, burada günlük limiti keçməməyə diqqət etməliyik: “Zəncəfilli çay hipertoniyası olan, xroniki yorğunluqdan əziyyət çəkən, tez-tez xəstələnən, qrip kimi bir sıra viruslara yoluxanlar üçün faydalıdır. İştaha açır, metabolizmi sürətləndirir, arıqladıcı effekt verə bilir, iltihab əleyhinə təsir göstərir, qan dövranını yaxşılaşdırır. Kifayət qədər immunostimulyator təsiri var. Amma zəncəfil kökünün günlük istifadəsi 20 qramı keçməməlidir. Mədə turşuluğunu artıra, qıcıqlanmış bağırsaq sindromunda bağırsağı qıcıqlandıra bilir. Mədə turşuluğunun artması fonunda quru və qıcıqlı ciddi öskürək yarana bilir. Zəncəfil kökünü kök şəklində doğrayaraq istifadə etmək tövsiyə olunur. Zəncəfil kökünü itburnu ilə birlikdə dəmləyəndə də yaxşı təsir göstərir”.

İtburnu çayının da faydası çoxdur, ancaq E.Eldaroğlu bu çayı 21 gündən artıq davamlı içməyi məsləhət görmür: “İtburnu çayı geniş istifadə olunur, dadı da yaxşıdır. C vitaminini artırır, təzyiqi aşağı salır, yüngül sidikqovucudur, içdiyiniz vaxt zökəm prosesi azalır. Gündə bir dəfə olmaqla 21 gündən çox istifadə etmək olmaz. İtburnu meyvəsindən dəmlənən çayı gündə 3-4 dəfə istifadə etmək bəzi böyrək daşlarını əritsə də, oksalat daşını yarada bilər. İtburnunu digər bitkilərlə qarışdıraraq da dadlı çay hazırlamaq olar. Məsələn, itburnu meyvəsi, qara kişmiş, dazıotu, nanə cövhəri, cökənin hərəsindən bir xörək qaşığı götürüb yarım litr suda dəmləyib içmək olar”.

Gülün özü yox, qurusu

Çaya gül ləçəkləri əlavə etmək də çox yayılıb. E.Eldaroğlunun sözlərinə görə, çaya quru ləçəklər əlavə edilməlidir: “Baş ağrısı və ürəkbulanmanı götürür. Amma qurudulmuşu istifadə olunmalıdır. Qurudulmamışı tibdə istifadə edilmir. Sidikqovucu bitkilərlə birlikdə istifadə də məsləhət görülmür. Məsələn, qatırquyruğu, ayıqulağı, tozağacı. Gül suyu da dəmlənmiş bitki çaylarına əlavə edilir. Spazmanı və ağrıları azaltmağa köməklik edir. Xüsusilə menstruasiya dövründəki ağrılarda melissa və ərküdə bitkilərinin dəmlənməsinə qızılgül suyu əlavə edilə bilər”.

Həkim deyir ki, nə qədər xoşumuza gəlsə də, eyni ədviyyatlı, bitki çayını davamlı istifadə etməmək, fasilə vermək daha yaxşı olar. Ancaq bəzi çayları gündəlik içə bilərik: “Zəfəranı iki teli keçməmək şərtilə gündəlik istifadə etmək olar. Çobanyastığı çayını hər gün içə bilərik. İçmək üçün aptek çobanyastığı çiçəklərindən istifadə olunmalıdır. Sarıkök, zəfəran və zəncəfili bir çimdik götürüb 200 ml suda dəmləyib içmək olar. Məkkəgülü, cökə, nanəcövhər (yaxud melissa), dazotu, kəklikotu, razyana (yoxdursa cirə) hərəsindən 1 çay qaşığı götürülür, 400 ml suda dəmlənir. Bunları da gündəlik içmək olar”.

2 həftə sonra fasilə verin

Sakitləşdirici təsir istəyiriksə, melissa, lavanda kimi bitkilərin çayı daha uyğundur: “Melissa, lavanda, dazıotu, damotu bitkilərinin qarışığını da dəmləyib sakitləşdirici bir çay əldə edə bilərik. Hərəsindən 1 qaşıq götürüb 300 ml qaynar suda dəmlənir. Təzyiqiniz aşağıdırsa, damotunu az, yaxud istifadə etməmək olar. Dəmlənilir və yeməkdən əvvəl gündə iki dəfə içmək olar. 2 həftə istifadə edib fasilə vermək, günaşırı istifadə etmək olar, yaxud digər bitki çayları ilə dəyişdirmək olar”.

İmmuniteti gücləndirmək üçün isə exinaseya, cökə, itburnu kimi dəmləmələrdən istifadə məsləhət görülür. Bunları bir yerdə də dəmləmək olar, tək-tək də. Portağal, mandarin qabığı da çay dəmləmələrində çox istifadə edilir. Daha çox gözəl qoxu üçün bunu edirik. E.Eldaroğlu bunun faydasının da çox olduğunu deyir: “Portağalın qabığı və altındakı ağ hissəsi C vitamini ilə zəngindir. Bundan başqa, nar qabığı da yaxşıdır. Qurudulmuş hala gətirdikdən sonra dəmləmək olar. İshalı ən yaxşı kəsən budur. Qəbizlik yarada bilir, bunu da nəzərə almaq lazımdır. Qanartırıcı təsiri də var. Portağal, mandarin və nar qabığı birlikdə dəmlənə bilir. Qəbizliyi olanlar nar qabığı atmasınlar. Təzyiqi aşağı olanlar bu çayı içəndə bal əlavə edə bilərlər”.

Tacxeber.com

Oxşar xəbərlər