• 23 Noyabr 2024 04:11

Kəmaləddin Heydərovun oğlu etiraz etdi: “Müəllimin şagirdə mənəvi və ya fiziki cəza tətbiq etmək ixtiyarı yoxdur”

 

“Bu yaxınlarda bir məktəb müəlliminin şagirdlərə göstərdiyi fiziki təzyiq məni həddindən artıq məyus etdi. Ancaq məni bundan da çox məyus edən səbəb bu hərəkətə bəraət qazandıran insanlarımız, hətta müəllimdən üzr istəyən valideynlərimiz oldu. Son zamanlar bu tipli şiddət və zorakılıq hallarının artmasını cəmiyyətimizdə müşahidə olunan savadsızlığın və mənəvi çöküşün əlaməti kimi qiymətləndirirəm”.

Tacxeber.com-ın xəbərinə görə, bunu Avropa Azərbaycan Məktəbinin təsisçisi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov bildirib.

O, şagirdlərə göstərilən psixoloji və fiziki şiddətə bəraət qazandıran şəxslərin arqumentlərini sadalayıb: “Şagirdlər məktəbdə özlərini tərbiyəsiz aparır, müəllimlərin sözünə baxmır, söyüş söyür, telefonla oynayır, dərsi pozur, xuliqanlıq edir və sair və ilaxır. Şübhəsiz ki, şagirdlərin bu yolverilməz hərəkətləri çox sərt şəkildə qınanılmalı və belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir”.

T.Heydərov qeyd edib ki, bu cür hallar dünyanın hər ölkəsində və hər məktəbində baş verə bilər – belə hallardan heç kəs, heç bir ölkə, heç bir cəmiyyət, heç bir məktəb sığortalanmayıb: “Ancaq bu cür hallarla yalnız və yalnız humanistcəsinə və qanunlar çərçivəsində mübarizə aparılmalıdır. Özü də əvvəlcə bunun səbəbləri araşdırılmalıdır. Həmin şagirdi o vəziyyətə gətirib çıxaran səbəblər müəyyən olunmalıdır. Təsisçisi olduğum Avropa Azərbaycan Məktəbində də nizam-intizam qaydalarını pozan şagirdlərə yönəlmiş bir kodeks var. Bu məcəllədə şagirdlə profilaktik söhbətdən tutmuş valideynlərin məktəbə çağırılmasına, məktəbdən bir və ya bir neçə günlük kənarlaşdırılmaya, sonda isə ən radikal tədbir kimi məktəbdən həmişəlik uzaqlaşdırılmaya qədər bir çox tədbirlər nəzərdə tutulur. Müəllimin şagirdə mənəvi və ya fiziki cəza tətbiq etmək ixtiyarı yoxdur. Heç bir halda! Müəllimin şagirdə qarşı istənilən təzyiqi onun məktəbdən uzaqlaşdırılması ilə nəticələnməlidir. Onun məktəbə, təhsilə verdiyi töhfədən və pedaqoji stajından asılı olmayaraq… Müəllimin şagirdə təzyiqi, şiddət göstərməsi, bulinq heç bir halda onun islah olunması ilə nəticələnə bilməz. Dünyanın aparıcı psixoloqlarının qənaətinə görə, istənilən zorakılıq və təzyiq nəinki uşaqlara və yeniyetmələrə, hətta hər yaşdan olan insanlara yalnız və yalnız psixoloji (sərtliyindən asılı olaraq, həm də fiziki) travma gətirər, başqa heç nə gətirə bilməz. Nəinki müəllimlərin, hətta valideynlərin də uşaqlara qarşı bu cür sərt münasibəti yolverilməzdir. Belə halların qarşısını almaq üçün dünyanın ən inkişaf etmiş ölkələrində xüsusi qaynar xətlər mövcuddur. Bizdə isə belə hərəkətlərə bəraət qazandırmaq cəhdləri dərin təəssüf hissi doğurur. Əgər təhsilimizin və mənəviyyatımızın inkişafını istəyiriksə, bu strateji vəzifənin icrasına övladlarımıza evdə düzgün tərbiyə verməkdən başlamalıyıq. Bu tərbiyə metodlarına dair bir çox parlaq əsərlər yazılıb. Valideynlərimizə və müəllimlərimizə bu qəbildən olan aşağıdakı kitabları oxumağı tövsiyə edərdim:

1. Conatan Brayan, “Göz yaza bilər”

2. Linda Mulleli Hant, “Ağacdakı balıq”

3. Rakel Palasio, “Möcüzə”

Bu kitabları oxuyandan sonra görəcəksiniz ki, bir valideynin övladına olan sevgisi, səbri və təmkini, bir müəllimin şagirdlərinə xüsusi yanaşma forması nələrə qadirdir. Adıçəkilən kitabların hər üçünün mövzusu gerçək həyatdan götürülüb. Sosioloji tədqiqatlar da sübut edir ki, evdə və cəmiyyətdə müxtəlif zorakılıq və şiddət görmüş uşaqların təhsil və tərbiyə səviyyəsi bir qayda olaraq aşağı olur. Unutmayaq ki, uşaqların tərbiyəsi qabalıq və zorakılıqdan yox, əksinə, sevgidən və qayğıdan başlayır. Sadəcə olaraq, onlara sevgini öyrətmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər