• 23 Noyabr 2024 04:10

YAP-dan Erkin Qədirliyə cavab: Saxta yolla seçilibsə, Milli Məclisdə oturmamalıdır

 

“Erkin Qədirlinin Milli Məclisə keçirilmiş seçkilərin demokratik olmaması ilə bağlı fikiri tamamilə yanlış və reallıqdan uzaqdır. Erkin Qədirli bu məsələ barəsində ancaq özü haqqında fikir söyləyə bilər. Lakin hesab edirəm ki, onun bütün Parlamentin adından danışmaq və ölkədə keçirilmiş seçkilərə kölgə gətirmək cəhdi radikal müxalif düşüncəsindən irəli gəlir”.

Bu sözləri deputat, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Azər Badamov bildirib.

“Erkin Qədirlinin qeyd etdiyi kimi o, əyri yollarla seçilibsə, onun dairəsində keçirilmiş seçkinin nəticələrinin yenidən araşdırılmalı olduğu qənaətindəyəm. Qeyd etmək istəyirəm ki, Milli Məclisə seçkilər demokratik şəraitdə keçirilmiş və seçkidə iştirak edən beynəlxalq müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir. Həm də seçkilər zamanı Exit-poll müstəqil müşahidə qrupu tərəfindən keçirilən monitorinqlər də seçkinin nəticələrinə uyğun olmuşdur. Hesab edirəm ki, Erkin Qədirlinin radikal müxalif yanaşması Milli Məclisə keçirilən seçkilərə kölgə sala bilməz və demokratik yolla seçilmiş Parlamentimizə heç bir aidiyyatı yoxdur. O, saxta yolla seçilmişdirsə və onu etiraf edərək düzlükdən danışırsa, özündə cürət tapıb Parlamentdə oturmamalı və Parlamentin imtiyazlarından istifadə etməməli idi”, – A.Badamov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər