Tehran polisinin rəisi Hüseyn Rəhiminin Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı “hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub” açıqlaması ifşa olunub.
Səfirliyə edilən silahlı hücum zamanı daha bir videogörüntü yayılıb.
Görüntülərdə terrorçunun avtomobillə gələrək əlində “Kalaşnikov” markalı avtomat silahla Azərbaycanın diplomatik korpusuna daxil olması əks olunub. Həmin zaman o, tək olub.
Hadisə anı səfirliyin təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Qeyd edək ki, Tehran polisinin rəisi Hüseyn Rəhimi hücum edən şəxsin iki azyaşlı uşağı ilə səfirliyə daxil olduğu barədə açıqlama vermişdi. Guya atəş açan şəxs ailə problemləri və şəxsi məsələlərə görə hücum etdiyini bildirib. Lakin görüntülərdən də məlum olur ki, terrorçunun yanında heç kəs olmayıb və hadisə düşünülmüş, planlaşdırılmış terror hadisəsidir. Bunlar Tehran polis rəisinin yalan danışdığını bir daha sübut edir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb./Report