Qızı Tünzalənin ölüm xəbərini internetdə görüb – Dilarə
Əməkdar artist Dilarə Əliyeva xərçəngdən dünyasını dəyişən həmkarı Tünzalə Əliyevadan danışıb.
Tacxeber.com xəbər verir ki, Dilarə Əliyeva Teleqraf.com-a açıqlamasında xalq artisti Afaq Bəşirqızının Tünzalə Əliyevanı qızı Zəhra üçün sənət adamları tərəfindən fond yaradılması təklifinə münasibət bildirib: “Açığı bununla bağlı heç nə deyə bilmirəm. Çünki hələ ki, onun məqamı deyil, bunu gələcək göstərər. Zəhranın valideyni, atası var. Nə zaman ehtiyac olarsa, şəxsən öz adımdan deyirəm, hər zaman uşağın yanındayam. Yanında da olacam. Gücüm çatan qədər kömək etməyə hazıram. Hazırda bu məsələnin də qabardılması haqqında heç nə danışmaq istəmirəm. Daha çox Tünzalənin yaratdığı və oynaya bilmədiyi rolları haqqında danışaq. Onun fevralın 15-də doğum günü olacaqdı. Danışmışdıq ki, xəstəxanadan çıxanda ad gününü qeyd edək. Mən bunu mütləq edəcəm, hazırlıqlarına başlamışam. Özümü psixoloji cəhətdən hazırlayıram ki, onun gördüyü işlərə layiq veriliş təqdim edim. Xalqın ona sevgisinə aid verilişi çatdıra bilim”.
Dilarə Əliyeva Tünzalə Əliyevanın ölümündən sonra sənətkarlığı haqqındakı fikirlərə də münasibət bildirib: “Heç də böyük aktrisa olmaq üçün böyük rollar oynamaq lazım deyil. Aktrisa öhdəsinə düşən bir xarakterlə insanların qəlbinə toxunmağı, sevgisini qazanmağı bacardısa, deməli sözünü deyib. Böyük aktrisalar bunu edir. Rolun böyük-kiçiyi yoxdur. Bütün günü beynimdə Tünzalə ilə danışıram. Həyatımda zəhləm gedən söz “kaş ki”dir. Hazırda hamısını Tünzaləyə deyirəm, “kaş ki” Tünzalə bunu belə etsəydin.Fikrim ancaq Tünzalədədir”.