İranda küçədə rəqs edən cütlüyə 10,5 il həbs cəzası verildi – VİDEO
İranda məhkəmə Tehranda küçədə rəqs edən gənclərin videosu yayıldıqdan sonra cütlüyə 10,5 il həbs cəzası verib. Onlar yalan məlumat yaymaqda, milli təhlükəsizliyə xələl gətirmək üçün toplaşmaqda və sui-qəsddə ittiham olunublar.
Tacxeber.com bildirir ki, 20 yaşlı Astijah Hagigi və nişanlısı Əmir-Məhəmməd Əhmədi noyabrın 1-də Tehranda Azadi (Azadlıq) Qülləsi qarşısında rəqs edərkən çəkilən videonun yayılmasından sonra həbs edilib. Kadrlarda qızın hicabsız rəqs etməsi İranda qadınlar üçün mövcud olan qaydalara ziddir. Təqsirləndirilən şəxslərə 10,5 il həbs, 2 il internetdən istifadə və 2 il ölkə hüdudlarından kənara çıxmaq qadağan edilib.
Bundan əlavə, jurnalistlərin sözlərinə görə, işə baxılarkən cütlüyə vəkil təyinindən imtina edilib. İran rəsmiləri bu məsələyə münasibət bildirmirlər.
Qərar İran hakimiyyətinin sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan anti-rejim etirazlarını yatırması fonunda verilib. Dekabrın 4-də İranın Baş Prokurorluğu ölkədə islami geyim qaydalarına riayət olunmasına nəzarət edən vitse-polis ləğv olunacağını bəyan etmişdi.