Tanınmış meyxanaçı Mehman Əhmədli həmkarı Mübariz Maştağalının ad günündə bir qrup meyxana ustadının biznesmen Sadiq adlı şəxsin itinə meyxana həsr etmələrinə görə yaranan etirazlara münasibət bildirib.
M.Əhmədli Pravda.az-a açıqlamasında deyib ki, həmin məclisdə iştirak etsə də, it barədə heç bir qafiyə səsləndirməyib.
“Əvvəla, indiyə qədər heç kimin itindən-pişiyindən meyxana deməmişəm, demərəm də. Belə şeydən həmişə özümü qorumuşam. Məclisdə olmuşam. Beytim də var. Gizlin deyil. Haqqında meyxana deyilən it keçən il Azərbaycanın çempionu olub, Doberman. Qafiyə də belə oldu ki, “çempion yoxdur Doberman kimi”. Mən də beytimi belə dedim ki, “heç vaxt it-pişikdən meyxana demirəm, çünki yaşamışam həmişə Əmədli Mehman kimi…” Yəni Mehman kimi yaşamışam, özümü qorumuşam. Məclisdəki hamı da bunu eşitdi. İti barədə heç nə demədim. Kim dedisə, özü bilər. Hamı da mənə “sağol” dedi. Kimsə mənim adımı hallandırırsa ki, it barədə meyxana demişəm, xətrimə dəyər. Bunun videogörüntülərdə subutu da var”, – meyxanaçı bildirib.