• 23 Noyabr 2024 05:16

“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” – Rauf Arifoğlu

“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” - Rauf Arifoğlu

“Azərbaycanda İran agenturasının ifşa olunması son 20 ildə mənim yadıma gəlir. Yəni hər vaxtı olub bu. Bunların əməlləri, yaxud hansısa səfirlikləri partlatmaq istəməkləri və ya hansısa başqa bir millətdən olan müəllimin öldürülməsi ilə bağlı xüsusi xidmət orqanlarının hazırladığı ən azı 3 filmə baxmışam. Qısası, bu proses heç dayanmayıb, çünki İran Azərbaycanda agentura şəbəkəsinə yeni insanların cəlb edilməsini heç vaxt dayandırmayıb”.  

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

O, Azərbaycanda İran agenturasına işləməkdə şübhəli bilinən şəxslərin yaxalanmasına, habelə bu prosesin sosial şəbəkələrdə bir az gec başlaması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

R.Arifoğlu sual edib ki, son dönəmlərdə bu məsələ niyə gündəmə gəlib:

“Çünki çoxu indi üzə çıxdı. İranla Azərbaycan münasibətləri gərginləşib müharibə səviyyəsinə gələn kimi, yuvalanmış və gizlənmiş hücrələrin hamısı hərəkətə keçdi. Eyni zamanda bu agentura şəbəkəsi konkret cinayət əməli deyil ki, kimisə vura-öldürə və cinayət faktıyla iş başlayasan. Agentura şəbəkəsi məsələsi, ilk növbədə, sübuta yetirilməli, uzunmüddətli izlənilməli, mötəbər sübutlar yaradılmalı, audio-video görüntülər təsbit olunmalıdır. Bəzən 1 əməliyyatın üzərində 3-4 il zaman keçir ki, bütün şəbəkə aşkara çıxarılsın”.

“İndi isə 2 gün ard-arda keçirilən əməliyyatlarda 46 nəfər həbs olunub. Onların 7 nəfəri media təmsilçisi, qalan 39 nəfər isə sosial şəbəkələrdə İranın maraq və mənafelərini təmsil edənlərdir. Bunların böyük əksəriyyəti yeni üzə çıxmış şəxslər də ola bilər, yaxud uzunmüddətli polisin və ya xüsusi xidmət orqanlarının nəzarətində olan şəxslər də ola bilər”, – bildirib.

Jurnalistin qənaətinə görə, aparılan əməliyyatların müddəti heç zaman gec deyil, əsas məsələ odur ki, proses başlasın:

“Bizim İranla münasibətlərimiz İranın günahı ucbatından düşmənçilik səviyyəsindədir. Çünki Tehrandakı səfirliyimizə hücum təşkil olunub, Azərbaycan şəhid verib və hücumdan sonra İran hakimiyyəti üzr istəmək əvəzinə, hücumu edən şəxsə simpatiya yaratmaq və onun hərəkətlərini idealogiyalaşdırmaq üçün əlindən gələni edir. Bu isə bizə ikinci təhqirdir.

Eyni zamanda İran sistemli və ardıcıl şəkildə Ermənistanı dəstəkləyir, bu ölkənin təhlükəsizliyinin İranın “qırmızı xətti” olduğunu utanmadan-çəkinmədən, qonşuluq və müsəlmançılığa zədə ola bilər deyə düşünmədən bəyan edirlər”.

O, aydınlaşdırıb ki, bu gün qarşımızda yeni İran var:

“Yəni İranın özü gizlənmişdi, maskalanmışdı. İndi isə qarşımızda yeni bir düşmən İran var. Hər kəs bilsin ki, bu gün biz İranla müharibə səviyyəsindəyik. Səfirliyimiz Azərbaycan tarixində ilk dəfə olaraq bağlanıb. İran isə bizi Ukraynaya döndərəcəyi ilə bağlı təhdid edir, bizim İrandan gələn maşınlarımızı vuracaqları ilə bağlı SEPAH polkovniki açıqlama verir, səfirliyimiz barəsində fikirlər səsləndirir və s. Artıq elə bir vəziyyət var ki, yalnız müharibə ərəfəsində belə situasiyalar olur. İndi bu yerüstü bir prosesmi olacaq, yoxsa bu, informasiya və diplomatiya müharibəsinəmi keçəcək, bu, başqa bir mövzudur. Əslində, aramızda olan müharibəni davam etdirən İrandır. Azərbaycan adekvat cavab verir və agentura şəbəkəsinin darmadağın olunması adekvat cavablardan biridir”.

Müsahibimiz hesab edir ki, Bakıda fəaliyyət göstərən İran səfirliyinin dərəcəsi aşağı salınmalı, səfir ölkədən çıxarılmalı, yaxud protokola görə, səfir İrandan geri çağırılmalı, səfirliyin işçilərinin sayı azaldılmalıdır:

“Bundan sonra gözləyəcəyik ki, İran özünü necə aparacaq. Üzrxahlıq etsə, geri çəkilsə, istintaqı şəffaf aparsa və Azərbaycan tərəfinin istintaqda iştirakını təmin etsə, bu, başqa vəziyyətdir. Yox, əgər hücum etsə, aqressiyasını artırsa, bu da fərqli bir vəziyyətdir və hər vəziyyətə uyğun olaraq dövlət, cəmiyyət və millət olaraq cavab verəcəyik”.

İran hakimiyyətin məlum ifşa əməliyyatında reaksiya verib-verməyəcəyi ilə bağlı suala isə həmsöhbətimiz belə cavab verib:

“O ki qaldı agentura şəbəkəsinin ifşa olunmasından sonra İran tərəfinin reaksiyasına, mənə elə gəlir ki, İran bu barədə bəyanat xarakterli bir açıqlama verə bilər. Digər tərəfdən də onlar 5-6 yazıq azərbaycanlını tutub mitinqlərdə iştirak edib deyə, ya edama, ya da həbsə məhkum edəcəklər. Yaxud orada milli fəallar var ki, Cənubi Azərbaycanın müstəqilliyi, demokratiya üçün mübarizə aparırlar. Ola bilsin ki, onları həbs edib Azərbaycan agenti adlandıracaqlar. Bunu yaxın zamanda görəcəksiniz”.

Tacxeber.com

Oxşar xəbərlər