Azər Hüseynov: “Dini yerlərdə şəffaflıq istəyiriksə Türkiyədəki kimi Diyanət Vəqfinə bənzər qurum yaradılmalıdır”
Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında sensasion fikirlər söyləyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda xüms vergisi adı ilə milyonlarla pullar yığılaraq İrana göndərilir.
“Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Bizim qanunvericilikdə belə bir şey yoxdur, bunu təcili olaraq gündəmə gətirib müzakirə etməliyik”, – deyə o qeyd edib.
F.Mustafa həmçinin bildirib ki, İrana ziyarətlərə də qanunvericilik səviyyəsində nəzarət olmalıdır: “Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir. Qeyd edim ki, ölkədə olan İran şəbəkələri İrandakı ziyarətlərə gedənlər arasından seçilir. Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır”.
Deputatın sözləri bir sualı aktuallaşdırır: gerçəkdənmi ölkəmizdə xüms-zəkatın xərclənməsi üçün müvafiq ünvanlar, imkansızlar təbəqəsi yoxdurmu ki, yığılan pullar İran rejimi üçün, terrorçular üçün göndərilir?
Qeyd edək ki, xüms və zəkat imkanlı möminlərin ildə bir dəfə Allah yolunda öz gəlirlərindən verməli olduğu vergi növü (vacib əməl) sayılır və müstəsna olaraq kasıb müsəlman təbəqəsinin ehtiyaclarına yönəlməlidir. Bu vəsait ilk növbədə kasıb qohumlara, olmazsa, qonşuluqdakı kasıblara, o da olmazsa, ərazidəki, ölkədəki imkansız insanlara (ailələr, tələbələr və s.) çatdırılmalıdır.
O zaman zəkat, xüms verən imkanlı iman adamları vəsaitlərin hara, kimə xərclənməsi ilə maraqlanırlarmı? Xəbərləri yoxsa, onda necə, bu onlar üçün günah yazılmır ki? Məscidlərdə və ya digər dini məkanlarda yığılan fitrə-zəkatların xərclənməsinə nəzarət varmı, varsa necə qurulub?
Asif Nərimanlı
Qeyd edək ki, siyasi şərhçi Asif Nərimanlı da bir müddət əvvəl “Yeni Müsavat”a bu məsələ ilə bağlı maraqlı faktlar irəli sürmüşdü. Onun sözlərinə görə, əsas problem insanların inancından sui-istifadə edilməsidir: “Bununla bağlı bir neçə il əvvəl araşdırma aparmışdım. Əsas iş müqəddəs yerlərə ziyarətə getmə prosesində olur. Azərbaycanda minlərlə insanın getdiyi ziyarətgahlardan biri Məşhəd ziyarətgahıdır ki, bu da İranın birbaşa nəzarətində olur. Yəni əhli-beyt İran tərəfindən daha çox idarə olunur və bu mərasim birbaşa Xomeyni Fondu tərəfindən maliyyələşdirilir. Həmin ziyarətdə on minlərlə azərbaycanlı iştirak edir. Gedənlərin məqsədi, təbii ki, öz inanclarını yerinə yetirməkdir. Məqsəd o deyil ki, gedib hansısa başqa bir ölkəyə işləsinlər. Sadəcə, İran kəşfiyyatı, xüsusi xidmət orqanları artıq oradan müəyyən adamların ələ alınmasını həyata keçirir. Hətta bunun üçün xüsusi moizə oxuyanlar da olur… Amma bir də var ki, adi insanlar, hansı ki, onların bəlkə bir çoxu İranın məqsədini anlamır. Onlar, sadəcə, dini inanclarına görə bu yoldadırlar və hesab edirlər ki, doğru yoldadırlar. Təbii ki, DTX lazımi işlər görür. Amma biz cəmiyyət və dövlət olaraq dini maarifləndirmə ilə bağlı işlər aparmalıyıq. İnanclı insanlara izah etmək lazımdır ki, onların inancından başqa ölkənin xüsusi xidmət orqanları, kəşfiyyat orqanları istifadə edirlər. İranın əslində heç də şiəliyə xidmət etmədiyini izah etməliyik. Xomeynizm heç də gerçək şiəlik deyil. Onlara əhli-beyt məktəbini necə siyasi alətə çevirdiklərini izah etməliyik”.
Azər Hüseynov
Ağ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dini yığımlar digər ianələr kimi müxtəlif istiqamətlərə yönələ bilir: “Necə ki, Qərbdə toplanan ianələr Qərb həyat tərzinin təbliğinə və ya müsəlmanların xristiyanlaşdırılmasına yönəldilə bilir. Yaxud qrantlar vasitəsilə milli dəyərlərə uzaq olan ”onurğasız” gənclik formalaşdırılmaq istəyir. Bunun özü ciddi bir problemdir. Xümsə və digər yığımlara gəldikdə bunun spesifikası var. Bu istiqamətdə olan neqativləri inzibati amirlik yolu ilə həll etmək olmaz. Xüms şiə fiqhinə görə bildiyim qədər əhli beyt mənsublarına verilir. Bu bir məzhəbi hüquqi spesifikadır. Ona görə bu incə məsələni inzibati yolla həll etmək istəsək, tam əksinə, müəyyən məzhəbə mənsub olan insanlar arasında qıcıq və əks-təpki yaranar. Mən şəxsən üç ziyarətgah bilirəm: Məkkə, Mədinə və Məscid Əl Əqsa. Amma bəzi dindarlar digər yerlərə də yüz illərdir gedirlər. İnsanları ziyarətgaha görə risk qruplarına daxil etmək bilmirəm nə dərəcədə demokratik ola bilər. İnsan hüquqa zidd əməllərinə görə risk qrupuna daxil edilə bilər. Çingizxan yanaşması “birinin səhvinə görə onunu edam etmək” milli maraqlarımıza daha da böyük ziyan verə bilər. Daxildə radikal olmayanı belə radikallaşdırıb onu hansısa bir üçüncü ölkəyə niyə bağlayaq ki. Bir də bunu xüsusi xidmətdə olan insanlarımız yaxşı bilir ki, tam əksinə, lazımi adamlar “suyun lal axanı, insanın yerə baxanı”ndan seçilir. Siz daha çox səsi çıxmayandan qorxun”.
Nəzarətə gəldikdə isə, ekspert əlavə edib ki, dini yerlərdə şəffaflıq istəyiriksə, bütün qurumların xərcləmələri şəffaf və əlçatan olmalıdır: “Məsələnin həlli üçün Türkiyə Diyanət Vəqfi kimi bir qurum formalaşdırılmalıdır. Öz dini liderlərimiz elə bir səviyyədə olmalıdır ki, bizim dindar xaricə üz tutmasın. Həm mənəvi, həm fikri nümunə ola bilsinlər. Dini sahədə problemləri nizamlamaq üçün inzibati metodlar həmişə əks təsirə səbəb olubdur. Bir də ümumi təhsil və mədəni səviyyə qalxmalıdır. Milli ilahiyyat təhsili səviyyələnməlidir. Milli dini mətbuat inkişaf etməlidir. Biz dünyəvi dövlətik. Amma problemlər varsa və xüms, zəkata nəzarət lazımdırsa, mövcud hüquqi imkanlarda İslama xüsusi çoxluq dini statusu verilməlidir. Diyanət Vəqfi qurulmalı, hörmətli dindarlar arasından nəzarət şurası qurulmalıdır. Və dövlət konkret o qurumla işləməlidir”. (müsavat.com)