• 23 Noyabr 2024 05:12

Azərbaycanda icra başçıları seçki yolu ilə müəyyən olunacaq?

 

“Yerli rayon və şəhər icra hakimiyyəti orqanlarının adının dəyişdirilməsi konstitusion dəyişiklik tələb edir. Yəni referendum aktıyla Konstitusiyanın 124-cü maddəsi dəyişməlidir. Bizdə İcra Hakimiyyətləri belədir: Rayon İcra Hakimiyyətləri, Şəhər İcra Hakimiyyətləri və şəhər rayonlarının İcra Hakimiyyətləri”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, 1992-1993-cü illərdə Yasamal rayonunun icra hakimi olmuş Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın inzibati ərazi vahidi üzrə təyinatını Prezident həyata keçirir, eləcə də onlar Prezidentin yerlərdə səlahiyyətli nümayəndələridir və yerli İcra Hakimiyyətinin orqanlarının başçılarıdır:

“Eyni zamanda onların fəaliyyəti Prezident tərəfindən təsdiq olunan əsasnamə ilə tənzimlənir. Əsasnamə bizdə əvvəllər var idi, lakin bu, 2011-ci ildə yeniləndi. Lakin həmin əsasnamədə nəzərdə tutulan funksiyaların çoxu hazırda real olaraq İcra Hakimiyyətlərində yoxdur. Məsələn, təhsil. Təhsil indi regional idarələrə bölünüb, hətta İcra Hakimiyyətləri orqanları belə onların təyinatında belə iştirak etmirlər. Yaxud mədəniyyət. Bunlar da regional idarələrə bölünüb və onların təyinatında iştirak edə bilmirlər. Məşğulluq məsələlərinə gələk: onlar da publik hüquqi şəxs vasitəsilə həyata keçirilir və onların da regional nümayəndəlikləri var. Yaxud sosial təminat. Digər məsələlərdə əsasnamədə İcra Hakimiyyətlərinin üzərinə vəzifələr düşür, amma faktiki olaraq, onu yerinə yetirmək üçün səlahiyyətləri yoxdur. Nəticədə, əsasnamədə əks olunan vəzifə səlahiyyətlərinin çoxu havadan asılı qalıb”.

S. Məmmədovun fikrincə, bu məsələyə baxmaq lazımdır:

“Çünki ad dəyişməklə heç nə olmur. Məsələn, Prezidentin işğaldan azad olunmuş ərazilərdə səlahiyyətli nümayəndəlikləri var. Bəziləri isə deyir ki, nümayəndəlik olsun. Əvvəla, işğaldan azad olunmuş yerlərə Prezident nümayəndəni ona görə təyin edib ki, İcra Hakimiyyətləri orada yerində fəaliyyət göstərə bilmir. Məsələn, Qubadlı rayon İcra Hakimiyyəti həmin rayondan olan məcburi köçkünlərin kompakt yaşadığı yerdə fəaliyyət göstərir. Ona görə də orada mütləq Prezidentin səlahiyyətli nümayəndəsinin olması vacibdir.

İndi Naxçıvanla bağlı da istisna olaraq, xüsusi nümayəndə təsis olunub. Lakin icra hakimi vəzifəsinin adının dəyişdirilib xüsusi nümayəndə, yaxud başqa bir ad qoyulması heç nəyi dəyişməyəcək. Əksinə, mahiyyət də dəyişməlidir. Mahiyyət də ondan ibarətdir ki, onun səlahiyyətləri, funksiyaları və hüquqları dəqiq müəyyən olunmalıdır. Yoxsa ad dəyişməklə, heç nə dəyişməyəcək. Səlahiyyət dairəsi konkret müəyyən olunmadan heç nə dəyişəsi deyil”.

Müsahibimiz əlavə edib ki, digər bir məsələ isə büdcəylə bağlı olan məsələdir:

“Əvvəllər də büdcənin formalaşması başqa bir sxem əsasında idi. İndi isə mərkəzləşmiş büdcədir, rayonlara müəyyən vəsaitlər ayrılır və Rayon İcra Hakimiyyətləri orqanları o vəsaiti yalnız təyinatı üzrə xərcləyə bilərlər. Yəni bir qəpik bu maddədən o birisinə keçirə bilmirlər. Bu maliyyə sərbəstliyi isə yerli hakimiyyət orqanında yoxdur.

Məsələ necə tənzimlənməlidir? Deyirik ki, şəhid ailələrinin mənzili, onlara qayğı yoxdur. Onlarla bağlı xüsusi yerlərin – qəbiristanlıqların abadlaşdırılması məsələ və s. şeylər var. Bunun üçün onların büdcəsində pul varmı? Yaxud digər rayonlarda nə baş verirsə, deyirik ki, İcra Hakimiyyətləri haraya baxır? Amma onun büdcəsinə baxanda görürük ki, onlar bunun səlahiyyət çərçivəsindən kənara çıxırlar. Yəni bunun üçün maliyyəsi yoxdur”.

QHT sədri söyləyib ki, bu məsələ kompleks həll olunmalıdır:

“Mənim qənaətim budur ki, bizdə yerli İcra Hakimiyyətləri orqanları təyinatlı olmalıdır, seçkili yox. Həmçinin, yerli İcra Hakimiyyətləri orqanlarının hansı formada təşkil olunması Azərbaycanın inzibati ərazi quruluşunun dəyişdirilməsinə gətirib çıxarmamalıdır. Yəni rayonları birləşdirib vilayətə çevirmək və s. fikirlər var. Bunu 1990-cı illərdə bəzi separatçı qüvvələr ortaya atıb ölkəni milli bölgələrə bölmək istəyirlər. Beləliklə bir daha qeyd edirəm ki, yerlərdə hakimiyyət və idarəetmə orqanlarının yenidən formalaşdırılması heç bir halda ölkənin mövcud inzibati ərazi quruluşunun (indiki halda rayon, şəhər, şəhər rayonu, qəsəbə və kənd) gətirməməlidir. Başqa məsələdir ki, Prezident mövcud yerli hakimiyyət və ya idarəetmə orqanları üzərində regional olaraq səlahiyyətli orqanlar da yarada bilər”.

Onun fikrincə, yerli İcra Hakimiyyətləri orqanları mövcud rayon rayon-şəhər prinsiplərinə yenidən təşkil olunmalı və onun yeni əsasnaməsi olmalıdır, eləcə də funskiyaları və vəzifələrində qismən dəyişiklik edilə bilər:

“Məsələn, Prezidentin ixtiyarı var ki, hansısa bir regional nümayəndəlik də təsis edə bilər. Bütün bunlar Konstitusiya tərəfindən Prezidentə verilmiş səlahiyyətlərdir. Bütün bunları etmək üçün, ilk növbədə, referendum keçirilməli, əgər adları dəyişəcəksə, adı dəyişməli, yaxud onun formalaşma, təyinat və seçilmə funksiyası necə olacaqsa, o, göstərilməlidir. İndi göstərilib və Prezident tərəfindən təyin olunur. Əgər yenidən təşkil olunsa, məncə, həmin müddəa yerində qalmalıdır. Çünki biz kiçik və unitar bir dövlətik. Qısası, ad dəyişməsiylə heç nə dəyişməyəcək”.

“O ki qaldı bələdiyyələrə, Konstitusiyada onların funksiyaları göstərilsə də, faktiki olaraq, yerlərdə İcra Hakimiyyətlərinin bir şöbəsi kimi fəaliyyət göstərilir. Bakı şəhərinin rayonlarında var, amma şəhərin özündə bələdiyyələr yoxdur. Ona görə də yerlərdə hakimiyyətin bələdiyyələrə ötürülməsi də mexaniki deyil. Bu da Konstitusiya çərçivəsində edilən dəyişiklərində baş verə bilər. Bu zaman da bələdiyyələrə aid olan bölmə də Konstitusiyada dəyişməlidir.Mənə qalsa, bunları bir-birinə qarışdırmaq lazım deyil”, – yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər