• 23 Noyabr 2024 01:28

“Mən tikintidə işləmişəm, binaların necə tikildiyini bilirəm” – Deputat narahatdır  

 

“Yeni tikilən binalardan çox son vaxtlar şəhərsalmanın reqlamenti qoyulandan sonra bu istiqamətdə bir qədər dəyişiklik oldu. Amma köhnə binaların da hamısı problemlidir. Hətta Bakıda da fundamentsiz binalar mövcuddur. Hansısa bir şəkildə binaların texniki tələblərində kəsintilər belə var. Çox vaxt binanın beton birləşmələrinin özündə belə müəyyən dərəcədə qənaət etmək üçün bəzi adıdmlar atılıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Türkiyədə baş verən zəlzələdən sonra Bakıdakı binaların vəziyyəti ilə bağlı əhali arasındakı narahatlığın səbəblərindən danışarkən deyib.

O, səbəbləri belə izah edib: “Birincisi, çox səriştəsiz və qabiliyyətsiz adamlar tikinti sektoruna daxil oldular və məmur pullarıyla burada bina tikintisi ilə məşğul oldular. Məsuliyyətsiz şəkildə arxayın oldular ki, onlara heç kim söz deməyəcək və belə də binaları təhvil verib müəyyən dərəcədə aradan çıxdılar. Lakin çoxsaylı binalarda bir mənzilin bir neçə adama satışı və başqa ənənələr bu gün də qalmaqdadır.

Digər tərəfdən, sementin və betonun keyfiyyəti məsələsində problem var. Bunların hamısı da korrupsiya ilə bağlı məsələdir. Yəni sement sektoru kiminsə marağındadırsa, artıq oraya ciddi şəkildə hər hansı bir yoxlama tətbiq etmək mümkün deyil. Beton da bu kimi, yaxud başqaları da… Və ya onlar rüşvət verərək bunun neqativ tərəflərini gizlədə bilirlər. Bu baxımdan, bizdə bu təhlükə daha böyükdür”.

BQP sədrinin sözlərinə görə, Türkiyədə isə müəyyən dərəcədə bu sahəyə 2007-dən sonra daha çox diqqət ayrılmağa başlandı və müəyyən tələblər sərtləşdirildi:

“Amma bizdə tələblər son illərdə sərtləşdirilsə də, bütövlükdə, köhnə tikililərin xeyli hissəsinə baxanda görürsən ki, müəyyən problemlər mövcuddur. Yeni tikililərdə də sement, beton və armaturla bağlı böyük problemlər var. Armatur istehsalıyla bağlı narahatçılıq yaradan amillər var idi. Məsələn, ikinci-üçüncü əl materiallardan armaturun alınması və s. Burada monopoliya olduğuna görə, bu məsələdə problemlər ortaya çıxdı. Hətta məhkəmə çəkişmələrində və başqa yerlərdə bunu açıqca görmək oldu.

Allah qorusun, əgər bizdə belə bir hadisə olarsa, bunun təhlükəsi daha böyükdür. Həm də ki, bizdə ən təhlükəlisi odur ki, kim harada istədi pulunu verdi və 2 binanın arasında bina tikdi, yaxud binanı özünə birləşdirdi. Belə başıpozuq, anormal şəhərsalma stilinə Türkiyədən və Azərbaycandan başqa dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil”.

Millət vəkili əlavə edib ki, həddən artıq məskunlaşma məsələsi də Bakıda xeyli problem yaratdı:

“Ona görə də bunun faciəsi ciddi şəkildə hamımızı düşündürməlidir. Yəni burada gizlətməli bir şey yoxdur. Yox, təsəlli verək ki, hər şey əladır, hər şey yaxşıdır, yalandır. Hətta mənim tanıdığım onlarla adamlar var ki, bunlarda, ümumiyyətlə, məsuliyyət hissi yoxdur ki, bu binanı niyə tikirəm, necə təhvil verəcəyəm? Hamısını başdansovdu edirlər və qurtarır. Axı burada halal-haram anlayışı, yaxud insanın məsuliyyət anlayışı var? Amma bu məsuliyyəti görə bilmirsən. Mən bu sahənin mütəxəssisi deyiləm, amma eşitdiyim-bildiyim hallar onu göstərir ki, bizdə də bu, fəlakətli bir nəticə ortaya çıxara bilər”.

Milli Məclisin deputatı söyləyib ki, o, insanların yeni binalara olan inamsızlığını normal qəbul edir:

“Səbəb beton, sement və armaturdur. İndiki tikinti materialları keyfiyyət baxımından çox geridədir. Həm də ki, bunların üzərində yoxlama-filan aparılmır. Hər kəs gedir pulunu alır, vəssalam, axırda camaatın canı çıxır. Təqribən bu variantdır. Ona görə də ən azı onun betonunu yoxlamalısan. Mən özüm də tikintidə işləmişəm və hansı binaların necə tikildiyini təqribən bilirəm. Amma orada konservativ bir yanaşma var idi ki, binanın təməli güclü olmalıdır. Lakin burada heç təmələ baxan belə yoxdur. Elə gəldi, qazdı, vəssalam. Bu şeylər böyük bir problemdir. İndi bizdə “Ağ Şəhər”də bu standartlar çox ciddi gözlənildi. Amma digərlərinə belə arxayın olmaq olmaz. Ona görə də bu məsələdə narahatçılıq var və açığı, bu narahatçılıq əsassız deyil”.

Tacxeber.com

Oxşar xəbərlər