• 23 Noyabr 2024 07:43

Dağıntılar altında qalan gənc “son video”sunu və afterşokları çəkdi – VİDEO

Dağıntılar altında qalan gənc “son video”sunu və afterşokları çəkdi - VİDEO

 

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə Adıyamandan olan gənc dağıntılar altında qalan zaman öz videosunu çəkib.

Taha Erdem zəlzələ anında yuxudan oyanıb və qaçmaq istəyərkən qapıya çırpılıb. Huşunu itirən 17 yaşlı gənc daha sonra binadakı insanların qışqırıq səslərinə oyanıb. Ayılanda üzərində dağıntıların olduğunu anlayıb. Onun ayağı dağıntılar arasında ilişib qalıb və hərəkət edə bilməyib.

11-ci sinif şagirdi olan Taha Erdem xilas ola bilməyəcəyini düşünüb və buna görə özünün dediyinə görə, “son videosu”nu çəkib.

Onun özünü lentə aldığı anlarda şiddətli afterşoklar da videoya düşüb.

“Öləcəyəm, hazırda üzərimdə tavan var. Çox peşman olduğum şeylər var. Allahım, bütün günahlarımı bağışla”, – deyə Erdem kədərini dilə gətirib.

O, həmçinin davamlı silkələnmələrin də olduğunu qeyd edib. Taha Erdem növbəti və son dəfə çıxmağa cəhd edəcəyini dedikdən sonra video sona çatıb.

Taha Erdem zəlzələdən iki saat sonra qohumlarının köməkliyi ilə dağıntılar altından çıxarılıb. Yüngül yaralanan gəncin valideynləri də xilas ediliblər.

“Zəlzələ olanda qapıya doğru getdim və başımı vurdum, yerə yıxıldım. Gözümü açanda özümü tabutun içində hiss etdim. Kürəyimdə tavan var idi. Ayaqlarım dağıntılar altında qalmışdı. İlk oyananda bunun yuxu olduğunu düşündüm. Sonra özümü xilas etmək istəyərkən dağıntılar altında olduğumun fərqinə vardım. Telefonum əlimdə idi. Özümü qısa bir videoya çəkdim. Video çəkilişi zamanı davamlı olaraq zəlzələlər olurdu. Afterşoklar çox şiddətli idi. Aşağı mərtəbələrdən səslər gəlirdi. Qonşularımızın qışqırıqlarını eşitdim”, – deyə Taha Erdem yaşadıqlarını nəql edib. (Oxu.az)

Oxşar xəbərlər