Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə Sahib Ələkbərov çıxış edib.
Sahib Ələkbərov bildirib ki, ona bir neçə dəfə sui-qəsd eləməyə cəhd olub: “Mən deyirəm, danışdıqlarımdan 100 qat artığını səsli formada yazıb qoymuşam, etibarlı yerdə saxlayıram. Mənə bu gün deyirlər ki, danışma. Əgər başıma bir iş gəlsə, meyitimi qəbiristanlıqdan çıxararaq susdura bilməyəcəklər. Onda çox papaqlar boş qalacaq – rütbəsindən, mərtəbəsindən, mövqeyindən asılı olmayaraq.
Prokurorluğun bəzi rəhbər işçilərinin məndə səsyazıları var. Bu gün təqdim eləmirəm, hörmət eləyirəm. Başıma bir iş gəlsə, onu təqdim eləyəcəklər, yer-yerindən oynayacaq. Gəlməsə də, özüm təqdim eləyəcəm. Xəbərdarlıq eləyirəm, otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə eləyib, qanunsuz qərarlar qəbul elətdirməsinlər”.
Sahib Ələkbərov istər özü, istərsə də birlikdə mühakimə olunan digər üç nəfər haqqında Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırmaların absurd olduğunu vurğulayıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxs qismində cəlb olunması haqda qərarda səlahiyyətlər baxımından həm Səhiyyə naziri, həm Baş prokuror, həm Baş prokurorun müavini, həm Ədliyyə naziri, həm Milli Təhlükəsizlik naziri kimi göstərilib: “Əgər mənim təqsirim varsa, layiq olduğum cəzanı çəkməyə hazıram. Yox, təqsirim yoxdursa, bəraətimi verin, gedim. Mənim istədiyim budur ki, bu iş araşdırılsın. Mənim adım niyə ləkələnməlidir?”
Sahib Ələkbərov çıxışında Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov, müstəntiq Qasım Məmmədovu da ittiham edib:
“Mənimlə bağlı belə yalan-palan iş aparıb mükafat almalıdırlar? Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında yazmışdılar ki, guya mən həm Səhiyyə naziriyəm, həm Baş prokuroram, həm onun müaviniyəm, həm Penitensir Xidmətin rəisiyəm, həm Ədliyyə naziriyəm, həm Milli Təhlükəsizlik naziriyəm. Bütün qərarları mən vermişəm. Dedim, bunları eləyənlər də belə-belə olsun. Ondan sonra həmin qərarı dəyişdilər.
Məni cəlb edəndə bir vəkil gətirdilər. Əslində, qanuna görə, o ərazi üzrə büronun vəkillərinin siyahısını təqdim eləməlidilər, mən seçməliyəm. Bir nəfər “dejurnı” vəkil verdilər. Mən də son bir neçə ildə vəkillik fəaliyyətilə məşğul idim. Onunla vəkilliyə başlayanda eyni kursda olmuşdum. Məni tanıdı. Ona dedim ki, sən məni müdafiə edə bilərsən? Başa düşdü ki, onluq deyil”.
Sahib Ələkbərovun sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlardan biri də Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun qərarına təsir göstərməsi barədədir: “Mən Baş prokuror olmuşam ki, Rüstəm Usubova göstəriş verim, deyim ki, get, Səbail rayon prokurorluğunun qərarını ləğv elə? Bu qədər yalan olmaz axı. Çağırıb Rüstəm Usubovu niyə soruşmayıblar ki, bu adam necə sənin o qərarı ləğv etməyinə nail olub? Mən müstəntiq olmuşam, o, Baş prokurorun birinci müavini”.
Sahib Ələkbərov onu da vurğulayıb ki, 2005-ci ildə MTN Hacı Məmmədovun dəstəsini ifşa edəndə bu dəstə barədə hələ iki il əvvəl prokurorluğa məlumat verdiyi halda, heç bir tədbir görülməməsilə əlaqədar Rüstəm Usubov da istintaqa cəlb olunub: “O zaman Rüstəm Usubovu şahid qismində dindirdim. Həmin dindirmədə Rüstəm Usubov məni hədələdi.
2003-cü ildə Baş Prokurorluqda Rüstəm Usubova Hacı Məmmədovun dəstəsi haqda məlumat verən Rəna Nəsibova adlı qadının meyiti üç ay sonra Yasamal rayonu, Şamil Əzizbəyov küçəsində işlədiyi ofisdə tapıldı. Həmin vaxt ekspertiza onun artıq dozada narkotik qəbulu nəticəsində ölməsi haqda rəy versə də, dəstənin ifşasından sonra bu məsələ yenidən araşdırıldı. Rəna Nəsibovanın boğularaq qətlə yetirildiyi məlum oldu. O da aydınlaşdı ki, meyit tapılarkən hadisə yerinə gələnlər arasında Rüstəm Usubov da olub. Hacı Məmmədov işində mən təqsirləndirilən şəxslərdən birini dindirirdim. O dedi ki, ay kişi, mən palanam, eşşək qalıb kənarda”.
Sahib Ələkbərov deyiob ki, ona 4 epizod üzrə ittiham verilib. İddia olunur ki, həmin epizodlarda o, şəxslər haqqında cinayət işlərini əsassız başlayıb, məqsəd onlardan pul almaq olub: “Əgər elədirsə, o zaman həmin işlər üzrə qərar vermiş prokurorlar, həbs qərarını çıxarmış hakimləri niyə cəzalandırmırlar? Müstəntiq işi tək görmür ki…”
Sahib Ələkbərov hesab edir ki, onun, eləcə də birlikdə mühakimə olunduğu digər keçmiş MTN-çinin işi ilə bağlı Baş prokuror Kamran Əliyev və onun birinci müavini Elçin Məmmədovu aldadıblar:
“Mənim onların hər ikisinə hörmətim var. Peşəkardılar. İnanıram ki, həqiqətləri bilsəydilər, buna yol verməzdilər. Hörmətli məhkəmə, materiallara baxın, əgər nəsə mənim dediyim kimi deyilsə, cəzamı artırın, dediyim kimidirsə, bəraətimi verin. Baş Prokurorluğun İstintaq İdarəsi bu cinayət işi ilə şou, komediya yaradıb. Kütləvi İnformasiya Vasitələri də bunları yayıb. İstintaq şou-komediya yeri deyil. İstintaq mötəbər sübutlara əsaslanmalıdır.
Məsələn, Natiq Teymurov epizodu. Guya o epizodda mənə 150 min pul verilib. O, yüksək vəzifədə olan bir nəfərin qohumudur. Olsa-olsa həmin adam zəng edər bu biri vəzifəliyə, o zənglə buraxarlar. Ya da verilməli olsa, o adam verər, bu biri də alar. Sahib kimdir ki, o işdə pul alsın? Ona görə də Natiq Teymurov heç məhkəməyə məhkəməyə gəlmədi”.
Sahib Ələkbərov əmlaklarla bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi ona münasibətdə bəzi zərərçəkmişlərin mülki iddiasını təmin edib.
Qeyd edib ki, onun ailəsinin yeganə yaşayış yeri əlindən alına bilməz, Konstitusiya bunu qadağan edir: “O ev alına bilməz. Çünki birgə nikah dövründə alınıb, yeganə yaşayış yeridir, üstəlik, ipoteka predmetidir. Akif Çovdarov, Sübahir Qurbanov kimilərin əmlak müsadirəsilə bağlı qərarları partapart ləğv edib, əmlaklarını özlərinə geri qaytarırlar, mənim nəyim var ki, nəyimi də alırlar?
Mənim 63 yaşım var, türmədə yatan vaxtımdır? Birinci instansiya məhkəməsində məni aldatdılar, danışmadım. Hakimlərin müstəqilliyi prinsipini pozaraq, gedib kimə məruzə elədi, gəlib bu qanunsuz hökmü verdi. Mənim də balalarım var. Mən qanunsuz məhkum olunanda onların da üzünə qapılar bağlanacaq. Bu şəkildə cinayət işi hazırlamağın özü cinayətdir. İnanmaq istəyirəm ki, apelyasiya məhkəməsi bunu təsdiqləyib cinayətə şərik olmayacaq”.
Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.
“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyəti məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.
Təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.
Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.
Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.
Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.